Azərbaycanda 10 gənc siyasi məhbus var

Rəsul Cəfərov: «Son zamanlar hökumətin gənclərlə xüsusilə amansız davranışı bizi daha çox narahat edir»

“Hazırda Azərbaycanda 10 gənc siyasi məhbus var. Bu siyahı son dövrlər həbs edilmiş gəncləri də əhatə edir. 2005-ci ildə həbs edilmiş ”Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin adını da bu siyahıya daxil etmişik”.
Bu barədə Gənc siyasi məhbusların hüquqlarını ictimai müdafiə komitəsinin koordinatoru Rəsul Cəfərov “Obyektiv” televiziyasına müsahibəsində bildirib.
O komitənin digər siyasi məhbusların da hüquqlarını müdafiə edəcəyini bildirib. “Amma son zamanlar hökumətin gənclərlə, xüsusilə amansız davranışı bizi daha çox narahat edir. Müstəqillik dövründə indiki qədər çox sayda gənc heç zaman repressiyalara məruz qalmayıb”, – deyə o, qeyd edib. 
R.Cəfərovun sözlərinə görə, həbsdə olan gənclərin böyük əksəriyyəti siyasi partiyaların, xüsusilə müxalif siyasi partiyaların üzvləridir. “Onların arasında bir neçə bitərəf gənc də var ki, onlar da bu ilin mart və aprel aylarında keçirilən etiraz aksiyaları ilə bağlı həbs edilib”.
Komitə bu günlərdə Amerika prezidentinə və Avropa Şurasının yüzdən çox deputatına müraciət qəbul edib. “Müraciətdə Bəxtiyar Hacıyev, Cabbar Savalan, eynilə də müxalifətin son aksiyaları zamanı barələrinə cinayət işi qaldırılaraq həb-qətimkan tədbiri seçilmiş gənclərin məsələsini mütəmadi olaraq Azərbaycan hakimiyyəti qarşısında qaldırmalarını xahiş etmişik. Istəyirik ki, Amerika və Avropa Şurası gənclərin azad edilməsinə nail olmaq üçün keçirdiyimiz tədbirlərdə Azərbaycan vətəndaş cəmiyyətlərinə dəstək olsun”, -deyə o. qeyd edib.