«Qeydiyyatda olduğu mənzildə yaşamaq üçün pul istəyirlər»
Mustafeyev ailəsi nə sosial yardım ala, nə qeydiyyatda olan ünvanda yaşaya, nə də ev tikmək üçün aldıqları torpağı geri qaytara bilirlər
Binəqədi rayonu, Gülüstan qəsəbəsi, döngə 8, ev 41-də Mustafayevlər ailəsi yaşayır. Ailənin başçısı Ikram Mustafayev 17 ildir ailənin 7 (beş övladı var) üzvü ilə gününü onun-bunun evində kirayədə qalmaqla keçirir. Yaşadıqları indiki ünvanda yalnız bir stol bu ailənin şəxsi mülküdür.
Övladlarından üçü idmanla məşğul olub Qızıl medal alsalar da, sevdikləri sənəti sona qədər davam etdirə bilməyiblər. Ata ilə birlikdə oğlanlar fəhləlik edib kirayə pulu ilə evin maddi təminatını ödəyirlər. Ailənin nə maşını, nə də istifadəsində torpaq sahəsi var. Ancaq buna baxmayaraq, Mustafayevlər sosial yardım ala bilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Binəqədi rayonunda yerləşən şöbəsində dəfələrlə olsalar da, heç nə əldə edə bilməyiblər. Onlardan o qədər sənəd tələb ediblər ki, həmin kağızları toplamaq üçün ailəyə 400-500 manat gərəkdir. Ikram Mustafayev deyir ki, şöbənin direktor müavini onları görən kimi qaçıb: “Elşən adlı şəxslə görüşdürdülər. O da bizə dedi ki, sənədlərin düzəldilməsi üçün 500 manata qədər pulunuz çıxacaq. Mən fəhlə adamam, günə 10-15 manat qazanıram. Bu qədər pulu hardan əldə edim? Bizimlə ötür-ötür oyunu oynayırlar”.
Mustafayevlərin problemi təkcə bununla bitmir. Sən demə, ailə 1987-ci ildən ev növbəsindədir. Sumqayıt şəhəri, Heydər Əliyev küçəsi, məhəllə 18, ev 34, otaq 133 ünvanında qeydiyyatdadırlar. 1990-cı ildə ev növbəsini 3 sot torpaqla əvəz ediblər. Hökumətdən kreditə pul götürən ailə tikəcəyi evin bünövrəsini də götürüb. Götürdüyü krediti vaxtında ödəyən Mustafayevlərin həmin həyətini qaçqınlar zəbt edib. Indi nə o torpağı əldə edə, nə də yeni yaşayış sahəsi ala bilir. Üstəlik də, Sumqayıtda daimi qeydiyyatda olan evdə də qala bilmirlər. Kimliklərində sonuncu rəqəm (Heydər Əliyev küçəsi, məhəllə 18, ev 34 yazılsa da, otaq 133 qeyd edilməyib – R.D) öz əksini tapmayıb. Ikram Mustafayev deyir ki, qeydiyyatda olan ünvanın komendantından ora qayıtmaq istədiyini bildirəndə pul tələb olunub: “Qeydiyyatda olduğum evdə yaşamaq üçün əgər məndən pul tələb edirlərsə, daha bunlara sözüm yoxdur. Əlimdə o qədər sənəd var, ancaq heç biri işə yaramır. Hara gedirəmsə, pul istəyirlər. Hər kəs elə bilir ki, pulumuz var, ancaq vermək istəmirik. Bizdə olan vəhşilik bəlkə dünyanın heç yerində yoxdur”.
Ramin DEKO


