kiv-df

Tarixi sirlərə qarışan Pirşağı

«Piri-Şahin», «Pir aşiqləri», «Pirişahı», yoxsa «Pir-uşağı»?..

Pirşağı Bakının ən qədim kəndlərindən biri hesab olunur. Bu kənd Xəzər dənizinin sahilində yerləşir və öz çimərliyi ilə məşhurdur. Pirşağı sözünün etimologiyası haqqında müxtəlif versiyalar mövcuddur. Tarixçilərin fikrinə görə, “Pirşağı” sözü Piri-Şahin sözündən əmələ gəlib. Rəvayətə görə, burada insanları öz möcüzəvi müalicə qabiliyyəti ilə sağalda bilən Şahin adında bir şəxs yaşayıb. Həqiqətən də, Pirşağı Tataz pirində həmin şəxsin adı ilə bağlı belə qədim bir qəbir var.

Digər bir izahata görə, Piri-şahı şahın piri mənasına gəlir. Bu rəvayətə görə, həmin piri Şah ziyarət etdiyi üçün el arasında Pirişahı deyilmişdir.Başqa bir hekayətdə isə deyilir ki, günlərin bir günü Pirdən qundaqda olan körpə uşaq tapılır. El arasında bu uşağa Pir-uşağı deyilir. Beləliklə də, Pir-uşağı anlayışı yayılmağa başlayır. Lakin daha məntiqi izahata görə, Pir ətrafında məskən salıb yaşayanlara Pir-uşaqları deyilmişdir ki, bu da sonralar kəndin adına şamil edilmişdir.

Daha bir fərziyəyə görə, “Pirşağı” ərəb mənşəli sözdür. Sözün ikinci hissəsi uşaq anlayışı ilə deyil, Üşşaq anlayışı ilə bağlıdır. Üşşaq aşiqlər demək olduğu üçün sözün mənası – Pir aşiqləri mənasına gəlir.Bu versiyalardan hansının daha dəqiq olduğunu söyləmək çətindir. Belə ki, dəqiq yazılı mənbə yoxdur. Deyilənlərin əksəriyyəti xalq etimologiyasına əsaslanır. Bununla yanaşı, Pirşağı sözünün Pir anlayışı ilə əlaqədar olmasına heç şübhə yoxdur. Hətta müasir dövrdə də Pirşağı Tataz pirinə müalicə məqsədilə gələnlər var.

Pirşağı kəndinin 2 min ildən çoxÿyaşı olduğu söylənilir. Deyilənlərə görə, kəndin yaşı orada olan Tataz pirinin yaşı ilə ölçülür.ÿAmma əslində Pir qardaşlar birliyidir. Rəvayətə görə, qədimdə 3 qardaş heyvandarlıqla məşğul olurmuş. Qardaşlardan biri heyvan otararkən papağını çıxardıb üzərlik kolunun üstünə qoyur və yatır. Yuxuda ona deyirlər:ÿ”Ey Allahın bəndəsi, savab sahibi olarsan. Neçə illərdir ki, biz yerin altında qalmışıq”. Evə gələndən sonra yuxusunu qardaşlarına danışır və gedib bellə oranı qazırlar. Yerdən qədim qəbirlər aşkarlanır. Bu üç qardaşın adı Sahib, Ağayar və Şahin olub. Illər keçəndən sonra külək qumla Pirşağını tamam örtür. Illər sonra yenidən canlanma başlayır.

Hətta kənd camaatının dediyinə görə, Pirşağıdan neft də çıxır. Bu nefti isə qədim zamanlarda tacirlər aşkar ediblər. Rusiya və digər uzaq ölkələrdən gələn ticarətçilər bura gəlib müxtəlif əşyalar satarmışlar. Bir dəfə yerdən qəribə bir mayenin çıxıb torpağa yayıldığını görüblər. Daha sonra həmin torpağı kərpic şəklində kəsib yandırar və onun istiliyinə yığışarmışlar. Bir müddət keçəndən sonra isə qazıntı işləri aparır və nefti öz ölkələrinə daşıyırmışlar. Dəvələrlə Pirşağıya gələn tacirlər sahildən suiti tuturmuşlar. Həmin suitilərin piyini əridib dərisini qurudar, nefti də onun içərisinə doldurub apararmışlar.

Tarixi məskunlaşma

Pirşağının mərkəzi kimi tanınan “Seyid Qədir” məscidi qədim tarixi abidə kimi qorunur. Deyilənlərə görə, bu məscidin 600 ildən çox yaşı var. Sovet hökumətinin qurulmasına qədər məscid fəaliyyət göstərib. Sonra fəaliyyətinə qadağa qoyulub. Bir müddət taxıl anbarı kimi istifadə olunan məscid yenidən fəaliyyət göstərməyə başlayıb.

Kəndin quruluşu onu deməyə əsas verir ki, burada məskunlaşma bir neçə mərhələdə baş vermişdir. Daha qədim məskunlaşma Xəzər dənizinin sahillərinə yaxın yerlərdə olmuşdur. Xəzər dənizinin sahilində qədim tikililər indi də qalmaqdadır. Qədim hamamlar, ovdanlar, su quyuları göstərir ki, insanlar dənizə daha yaxın yerlərdə məskunlaşmışlar. Lakin təbii səbəblərdən, yəni güclü şimal küləkləri nəticəsində ərazinin torpaq altında qalması, dənizin qabarma və çəkilməsi nəticəsində sonralar insanlar bir qədər geri çəkilmiş və müasir Pirşağının ərazisində məskunlaşmışlar. Kənddə iki qəbiristanlığın olması da bunu göstərir. Qəbiristanlığın biri dənizə yaxın mövqedə pirin ətrafinda salınmışdır ki, onun daha qədim olması güman edilir. Ikinci qəbiristanlıq isə dənizdən xeyli aralı, kəndin cənubundadır. Onun daha sonralar salınması ehtimalı var.

Yaşlı sakinlərin verdiyi məlumata görə, Pirşağıda iki pir olmuşdur. Birinci qədim pir dənizə yaxın ərazidə yerləşmiş, lakin sonralar adamlar bu ərazidən köçdükdən sonra torpaq altında qalmışdır. Məlumdur ki, Pirşağı özünün güclü şimal küləklərilə məşhurdur. Yaşlı sakinlər qədim pir haqqında belə deyirlər: “Karvan yolunun iki yol ayrıcında böyük bir sahəni əhatə edən Şahi-pir deyilən pir vardı. Həmin pirin həyətində iri gövdəli qara tut ağacı olub. Yol ayrıcında olduğundan uşaqdan-böyüyə hamı orada ayaq saxlayıb Piri ziyarət edərmişlər. Niyyət edənlər öz paltarlarından, baş yaylıqlarından ağac budaqlarına asarmışlar. Həmin pirin tarixindən dəqiq xəbər verən olmayıb. Güclü tufanlar nəticəsində dənizkənarı yaşayış yerləri, o cümlədən Şahi-pir də torpaq altında qalıb”.

Tarixən Pirşağıda dini elmlərə həmişə güclü maraq olub. Təsadüfi deyil ki, 18-19-cu əsrlərdə Pirşağıda 12 nəfər Nəcəf axundu varmış. Qafqaz müsəlmanlarının ilk şeyxi Axund Zeynalabdin (Axund Mollaağa adı ilə tanınmışdır) də məhz Pirşağılı idi.

Müasir günümüzdəki Pirşağı

Əhalinin dənizə yaxın yerlərdə məskunlaşması balıqçılıq təsərrüfatı ilə də əlaqədar olmuşdur. Həm də Pırşağıda içməli su bütün Abşeronda olduğu kimi çətin tapılırdı. Təsadüfi deyil ki, Abşeron sözünün etimologiyası Abu-Şoran, yəni suyu şor olan yer mənası ilə əlaqələndirilir.Pirşağıda bir neçə şirin su quyusu olmuşdur ki, əhali bu quyulardan istifadə etmişdir. Şirin su quyuları əsasən dəniz sahilinə yaxın yerlərdə yerləşirdi. Yəqin elə bu səbəbdəndir ki, insanlar dəniz sahilinə yaxın yerlərdə məskunlaşmağa çalışmışlar. Başqa bir amil də belə məskunlaşmaya səbəb ola bilərdi, bu da tikinti üçün əsas material olan saraq daşların məhz dəniz qırağından çıxarılması idi.

Qeyd olunan səbəblərdən, yəni güclü şimal küləkləri nəticəsində dənizsahili ərazilərin torpaq altında qalması nəticəsində əhali müasir Pirşağı ərazilərinə yerləşmişlər.

Hazırda Pirşağının 13000 nəfərdən çox əhalisi var. Dağlıq Qarabağ hadisələrilə əlaqədar Pirşağıya daha 5000 nəfər məcburi köçkün yerləşdirilmişdir. Beləliklə, ümumilikdə əhalinin sayı 18000 nəfərdən çoxdur.

Pirşağının iqtisadiyyatı qədim dövrlərdən balıqçılıq, bağçılıq-bostançılıqla bağlı olub. Yerləşdiyi təbii şəraitə uyğun olaraq burada balıq vətəgələri təsərrüfatın əsasını təşkil edir. Yaşlı sakinlərin söylədiklərinə görə, 1941-1945-ci illərdə, vətən müharibəsi şəraitində əhalinin ərzaqla təminatında balıq vətəgələri böyük rol oynayıb. Bu vətəgələr müharibədən sonrakı dövrlərdə də fəaliyyət göstərib.

Bağçılıq təsərrüfatı Pirşağı iqtisadiyyatının ən qədim sahələrindən biridir. Suvarma sistemi olmayan bu ərazidə əsasən dəmyə bağ və bostanlar salınıb. Iqlim və təbii şəraitinə uyğun olaraq burada əsasən üzüm, əncir, tut, iydə ağacları əkilib. Məlumdur ki, Pirşağı şanısı, ənciri dillər əzbərdir. Müasir dövrdə Abşeronun su ilə təchizatı yaxşılaşdığı üçün bağçılıq təsərrüfatında da köklü dəyişikliklər baş verib. Belə ki, indi fərdi təsərrüfatlarda istənilən çeşiddə ağaclar və bitkilər yetişdirilir.

Pirşağının təbii şəraiti nəzərə alınaraq, Sovet dövründə müxtəlif sağlamlıq ocaqları salınıb.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir