Öz xalqının qanını tökən diktatora heç kim inanmayacaq
Vəfa Quluzadə: «Suriyada xalqla diktatorun qarşıdurması gedir, burada normal seçki ola bilməz»
Suriya prezidenti Bəşər Əsəd növbədənkənar parlament seçkisinin tarixini 2011-ci ilin avqustuna təyin edib. Əsəd vətəndaşlara müraciətində deyib ki, yaxın vaxtlarda milli dialoq da baş tutacaq. Suriya diktatorunun fikrincə, ölkənin daxili işlərini özü həll etməlidir. Bəs görəsən, Suriyada bu günə qədər törədilənlərdən sonra Əsədin bu gedişi onu xilas edə biləcəkmi? Çünki Suriyada uzun müddətdir davam edən qanlı hadisələri unutmaq elə də asan məsələ deyil. Digər tərəfdən, ciddi siyasi böhranın yaşandığı ölkədə normal demokratik seçkilər keçirmək nə dərəcədə mümkündür?
Politoloq Vəfa Quluzadə hesab edir ki, Bəşər Əsədin törətdiklərindən sonra bu cür addımlarla onun özünü xilas etməyə cəhd göstərməsi əbəsdir. Məhz B.Əsədin repressiyaları nəticəsində insanların Suriyanı kütləvi şəkildə tərk etdiyini deyən V.Quluzadə vurğuladı ki, heç kim bundan sonra öz xalqının qanını tökən diktatora inanmayacaq: “Axı Bəşər Əsədin keçirdiyi seçki necə demokratik ola bilər?! O, uzun müddətdir ki, vətəndaşların islahatlar tələbinə zorakılıqla cavab verir. Əgər Bəşər Əsəd hakimiyyətdə qaldığı müddətdə seçki olacaqsa, o, mütləq saxtalaşdırılacaq. Yenə Bəşər Əsəd parlamenti nəzarətində saxlamağa çalışacaq. Normal seçkini yalnız Bəşər Əsəd hakimiyyətdən getdikdən sonra keçirmək olar. Özü də bu seçkilər dərhal reallaşa bilməyəcək. Insanların törədilənləri unutması üçün müəyyən vaxt tələb olunacaq”.
V.Quluzadənin fikrincə, əgər B.Əsədə seçki keçirmək şansı veriləcəksə, o zaman Misir diktatoru Hüsnü Mübarəkə, Tunis diktatoru Ben Əliyə də bu imkan yaradılmalıdır. Çünki B.Əsəd bu şəxslərdən qat-qat qəddardır: “Suriyada xalqla diktatorun qarşıdurması gedir, burada normal seçki ola bilməz. Bu, olduqca gülünc ideyadır. Tarixdə belə presedent olmayıb. Görünür, Bəşər Əsəd Rusiyanın ona dəstək verəcəyinə hələ də ümidlidir. Amma Rusiya bu dəstəyi verməyəcək. BMT-də Suriyaya qarşı ciddi tədbirlərin görülməsi barədə qərar çıxarılacaqsa, Rusiya ona göz yumacaq”.
Xəyal