QHT rəhbərləri Avropa Parlamentinin üzvləri ilə bütün ciddi məsələləri müzakirə ediblər
Avropa Parlamentinin nümayəndələrindən ibarət 9 nəfərlik heyət iyunun 19-da Azərbaycana gəlib. Dünən onlar vətəndaş cəmiyyəti qurumları nümayəndələri ilə də görüşüblər. Bir saatdan çox çəkən və olduqca ciddi məsələlərin müzakirə olunduğu görüşlə bağlı Hüquq və Inkişaf Ictimai Birliyinin sədri Hafiz Həsənov məlumat verib.
Onun sözlərinə görə, müzakirə edilən mövzular əsasən seçki, media və siyasi hüquqlar, həmçinin demokratikləşmə və korrupsiya ilə bağlı olub: “Iştirakçılar bu sahələrdə olan problemlərə kifayət qədər diqqət çəkə bildilər. ”Yeni qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları ilə də bağlı söhbətlər aparıldı. Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıq üzrə götürülən öhdəliklərlə bağlı hansı problemlərin yaşandığına, onların aradan qaldırılması ilə bağlı nələrin edilməli olduğuna toxunuldu. Korrupsiya ilə bağlı vəziyyət, hökumətin buna qarşı apardığı kampaniya, prosesin həqiqi mahiyyəti izah edildi. Hökumətin korrupsiya ilə mübarizə aparmaqda nə dərəcədə maraqlı olduğu qonaqların diqqətinə çatdırıldı. O da bildirildi ki, internettə rəsmi senzura olmasa belə, orada fəallıq edən blogerlər təzyiqlərə məruz qalır. Təklif olundu ki, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar Azərbaycanın demokratikləşmə ilə bağlı götürdüyü öhdəliklərə əməl etməsində israrlı olsunlar. Son vaxtlar intensiv xarakter daşıyan bu tip görüşlər bundan sonra da davam etsin və nəticəsi olsun.
Həmçinin bu görüşdə qaldırılan problemlər Azərbaycan hökumətinin diqqətinə çatdırılsın”.
Öz növbəsində qarşı tərəf sadalanan problemlərdən məlumatlı olduğunu, prosesdə iştiraklarını davam etdirməkdə maraqlı olduqlarını bildiriblər: “Problemlərin aradan qaldırılması ilə bağlı birgə əməkdaşlıq imkanları da danışıldı. Milli Demokratiya Institutunun fəaliyyətinin dayandırılması, Norveç Insan Haqları Evi ilə bağlı məsələlər, yeni medianın problemləri, elektron mediada vəziyyət, alternativ informasiya almağın çətinliyi, seçkilər, sərbəst toplaşmaq azadlığı sahəsindəki problemlər ətrafında müzakirələr getdi. Qeyd etdilər ki, bu cür görüşlərin nəticəyə hesablanmasını istəyirlər. Biz də hesab edirik ki, müəyyən nəticələr olacaq. Bu görüş nələrinsə dəyişməsinə yardım edəcək. Son dövrlər Avropa Birliyi təmsilçiləri ilə Azərbaycanın vətəndaş cəmiyyəti qurumları arasında tez-tez görüşlər keçirilir. Bu cür intensiv cəhdlər onu deməyə əsas verir ki, məlum problemlərin həlli ilə bağlı müəyyən nəticələrə gəlmək olar. Biz demirik ki, problemi qaldıracağıq, onlar bunu hökumətin diqqətinə çatdıracaq və məsələ həll olunacaq. Amma ən azından vəziyyət indiki sıfır səviyyəsindən çıxacaq.
Ən azı, hazırkı donuqluq bitəcək, demokratikləşmə sahəsində geriləmə dayanacaq”.
Gültəkin



