Ahuya dönmüş çörək və inqilab

Maraqlı bir məqam var – dünyanın istənilən avtoritar tipli rejimlərində xalq azadlıq istəyən kimi xarici qüvvələrlə əməkdaşlığa və milli maraqlara görə ittihamlar başlayır. Qəzzafi də, Lukaşenko da, öldüsü-qaldısı bilinməyən Salehi, məhkəmələrdə sürünən Mübarək, Bəşər Əsəd və nəhayət bizimki də eyni şeyi deyir – milli maraqlara zərbə, xəyanət. Axı nədi bu milli maraq? Diktatorların bu milli maraq sevgisi nədən və ya haradan doğur? Niyə həmişə quyruq qapı arasında qalan kimi bu şoğərib milli maraq yada düşür? Zənnimcə, heç nə həmin bu milli maraq qədər diktatorlara hakimiyyətini qorumaq üçün manipulyasiya imkanı vermir. Həm avam kütlənin damarını yaxşı tutursan, həm də bütün yaramazlıqlarını bu nəmənəliyi bilinməyən “marağ”ın altında yaxşıca gizlədə bilirsən.“Milli maraq” üzü dönmüş Qərbin qarşısına atmaq üçün iqtidarların düşündüyü kozırdı. Onları bu kozırla çətin qorxutmaq ola. Bəzən həmin o “milli maraq”ların zülmündən cana doymuş bizlər də Qərbə nəyisə ya sübut eləyə bilmirik, ya özlərini görməməzliyə vururlar, ya da sübut eləyincə 3-4 il məhbəs həyatına, iztirablara, mənəvi-fiziki basqılara, hədə-qorxulara, şantajlara dözmək lazım gəlir. Ancaq yenə də elə iqtidar sağ olsun. Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun əməkdaşı Siliya Devis və Amerika jurnalisti Amanda Eriksonu Bakının mərkəzində döydürməklə Qərbə çatdırmaq istədilər ki, a balam, başa düşün, buralarda durum o qədər də ürəkaçan deyil. Düzdü, Qərb hələ də ağır basır, dodağını sürüyür, məsələdə kriminal məqam olduğunu dilə gətirir. Ama kimsəyə sirr deyil ki, bu, diplomatik fənddən başqa bir şey deyil.

Qərb bir yana, axır-əvvəl inanır. Sənə əl uzadır. Xalqın marağını çəkməksə tam bir müşkül. O xalq ki, sən onun uğrunda savaşırsan.

Ictimai Palatanın 19 iyun qətnaməsindəki sosial abzas diqqətimi özünə çəkdi. Məncə, indi bütün siyasi şüarları yığışdırıb, yalnız sosial şüarlar səsləndirmək, imkan daxilində bunların necə həyata keçiriləcəyini açıqlamaq lazımdı. Küçəyə çörək pulu üçün çıxmış adama demokratiyadan, azadlıqdan danışmaq o qədər də effektli deyil, çünki acından ölən adamın könlünü yalnız çörək və ya çörək vədilə oxşamaq, özünə cəlb eləmək olar. Siyasi azadlığa, öz hüququna hörmət hissiyyatını, zənnimcə, hakimiyyətə gəldikdən sonra da vətəndaşlara aşılamaq olar – həm də hansısa təbliğat, təşviqatla deyil, canlı, aydın görünən əməllə – seçkilərlə. Hüququndan rahat şəkildə istifadə eləməyi dadmış adam heç şübhəsiz, sabah özü buna öyrəşəcək və bir daha heç kimə imkan verməyəcək onun hüququnu tapdasın. Hələliksə, vətəndaşları, daha doğrusu, cəmiyyətin böyük kəsimini yalnız çörək maraqlandırır. Bu situasiya 2000 il bundan qabaq da belə olub, indi də belədi. Böyük Dostoyevskinin “Böyük inkvizitor”unu yada salmaq bu məqamda lap yerinə düşür. Isa ruhi və siyasi qurtuluşun, prokurator Ponti Pilat isə çörəyin simvoludu. Aralarındakı söhbət də elə bu iki seçim ətrafında gedir və yekunda məlum olur ki, kütlə qurtuluş yox, çörək istəyir. Mixail Bulqakov da Stalin dövründə öz “Usta və Marqarita”sında təkrarən eyni mövzuya qayıdır və yenə də həmin qənaət hasil olur – xalqı çörəkdən başqa heç nə ilgiləndirmir. Kimsənin şübhəsi olmasın ki, eyni gerçəklik bu gün də öz aktuallığını saxlayır. Ona görə də bu gün etiraz aksiyalarında ağırlığı – ən azı küçədə səsləndirilən şüarlarda – sosial problemlərə vermək lazımdı. Qətnamədən oxuduğum tələblər məni belə, cəlb elədi. Hərçənd, yenicə nahar eləmişəm…