Təzə toyuğun məşhur dadı

Düz iki saatdan sonra Ictimai Palatanın təşkil etdiyi mitinq başlayacaq. Iqtidarın keçirdiyi qorxu hissini təsvir etmək üçün bəlkə də sözlər yetərli deyil. Iki istiqamətdə təhlükəsizlik tədbirləri görülməyə başlanıb. Özü də bir gün öncədən.

Dövlət təşkilatlarında çalışanlara hələ şənbə günündən xüsusi əmr verilib ki, bazar günü günortadan sonra hər kəs iş başında olsun. Bu onu göstərir ki, artıq yuxarılar dövlət idarələrində, büdcə təşkilatlarında çalışanların belə, nə qədər narazı olduğunu, ilk fürsətdə mitinqlərə çaxacağını bilir və önləməyə çalışırlar. Qorxunun miqyası bəllidi, qorxa-qorxa qorxutmaqla qorxduğunu gizlətmək mümkünsüz bir işə çevrilib. Gülünc durum yaranıb. Özünü aldatmaqla nə qazanmaq olar ki? Başını quma soxmaqla görünməz olduğunu düşünmək düşüncəsizlik əlamətidi. Qəzzafi də hər çıxışında bütün xalqın əldə silah onun başına toplaşdığını, müxalifətin yoxluğunu car çəkir. Yoxluğu söylənilən müxalifətdən isə hələ on mindən artıq şəhid var. On minlərlə müxalifətçi isə diktaturayla dönməz savaş aparır, hər gün bir az da qələbəyə yaxnlaşır. Qəzzafi hökuməti müxtəlif ərəb ölkələrində müxalifət nümayəndələri ilə görüşlər keçirir, onları “yola gətirməyə” çalışırlar. Müxalifətin isə razılaşdığı bir təklif belə mövcud deyil. Demək, qələbə ovuc içindədi. Italiya xarici siyasət idarəsinin rəhbəri Franko Frattini isə Liviyada sülhə nail olmaq məqsədilə liviyalı 300 tayfa liderinin Romada toplantı keçirəcəyini söyləyib. Və bütün bunların üstündən Liviya diktatoru yenə də müxalifəti yox sayır. Eynən Mübariz Qurbanlı kimi. Qurbanlı əmin olduğunu bildirir ki, Ictimai Palatanın çağırışına vətəndaşlar dəstək verməyəcək: “Ola bilsin ki, özləri ilə birlikdə çox CÜZI SAYDA tərəfdaşları da oraya yığışsınlar. Ancaq Ictimai Palataya üzv, yaxud onlarla tərəfdaşlıq edənlər çox azlıqda olan bir qrupdur. Və bu qrupun da əməlləri qanunla ziddiyyət təşkil etdiyi üçün haqlı olaraq qarşısı alınmalıdır”. Qanun dedikləri Konstitusiya isə, orada sərbəst toplaşma azadlığı var. Yox, qanun diktaturanın diktəsi isə, o ayrı məsələ.

“Bu qrupun əməlləri qanunla ziddiyyət təşkil etdiyi üçün”,- cümləsinə gələndə isə, belə çıxır, Konstitusiyada vəd edilən sərbəst toplaşma qanunsuz, bütün sənədlərdə yasaq olunan korrupsiya, rüşvət, sosial bərabərsizlik, bir ovucun qeyri-məhdud hakimiyyəti, avtoritarizm, ailə diktaturası, əbədi taxt-tac ehtirası, allahlıq iddiası, bütöv bir xalqın köləyə çevrilməsi metodları qanuni imiş. Demək bu iqtidar ancaq və ancaq qanuna uyğun olanların düşmənidir. O cümlədən, bazar günü dövlət idarələrində çalışanların günortadan sonra iş yerlərinə çağırmaq. Bunun adı istismardı, insan hüququnun kobudcasına pozulması, iradənin zorlanmasıdı. Bu yolla o adamlar bir-iki mitinqdən uzaqlaşdırılsa da, daha çox gələcək aksiyaların potensial iştirakçısına çevriləcəklər. Təbiətcə kölə olanlar, yuxarıların əmrlərinə kor-koranə itaət edənlər işə çağırılmasa belə, bir zada yarayan deyil, ancaq içində azadlıq duyğusu olanlar, gizlində narazılıq eləyənləri bu yolla daha da narazı salacaq, sabahın asisinə çevirəcəklər. Yəni qatar artıq yola düşüb, onun qarşısını almaq və ətalət yaratmaqla nəinki hərəkətin önünü kəsmək, əksinə yatanları da ayıldacaqlar. Bu da qaçılmaz sonluğu bir az da yaxınlaşdıracaq.

Dövlət qulluqçuların bir yana, mitinqə çıxması şübhəsiz olanları da qorxu üzündən bir-bir həbs eləyir, polisə çağırır, bəzilərinin evinin qarşısında isə post qururlar. Lakin bu yol da mənasız yoldu. Bu hesabla gərək ölkədə doqquz milyona qədər post qurula. Bununçünsə hardansa doqquz milyon muzdlu gətirmək lazım olardı.

Anlaşılan bu ki, nə yolları bağlamağın, nə açmağın xeyri var. Hər bir halda sonuc yolsuzluğa aparır. Yaxşısı vaxtında, üzüsulu bütün bağlı yolları insanların üzünə açmaq və çıxıb getmək üçün mərdü-mərdanə yol istəməkdi.

***

Aksiya bitib. Fotolara baxıram. Bir neçə polis az sonra mitinqçilərin mindiriləcəyi avtobusda əyləşib nə haqdasa ləzzətlə söhbətləşirlər. Avtobusun üstündə yazılıb: “Təzə toyuğun məşhur dadı”.