«Şərq bazarı»nda 66 dükan sahiblərindən alınıb «bazarkom»a verilir
Eldar Əzizov və Akif Quliyev iş adamı Rəşid Babayevə arxa durub, sahibkarlara qan uddururlar
Sumqayıtda “Şərq bazarı”nda 66 dükan zorla alınaraq sahibkar Rəşid Babayevə verilir. Bu barədə “Azadlıq”a məlumat verən qaynaq deyir ki, sahibkara yerli hakimiyyət himayədarlıq edir. Məlumatda bildirilir ki, bu dəstək heç də təmənnasız edilmir, bunun müqabilində maddi maraq güdülür: “Üstəlik, şəhərdə ticarət dövriyyəsinə görə ikinci bazar sayılan ”Şərq bazarı”nın əslində keçmiş prokuror və Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənova məxsus olması haqda fikir artıq neçə illərdir formalaşıb. Rəşidin oğlu Eldar ilə bazarda pul yığan Musa adlı şəxsin də məhz bazarkomun şərikinin nümayəndəsi olması bildirilir. Ümumiyyətlə, Rəşid Babayevin adı sadəcə sənəddə direktor gedir”.
“Traktora oturub bunların dükanını sökəcəm”
Sözügedən bazar ölkənin başqa bazarlarından qanunların daha çox pozulması ilə fərqlənir. Iş orasındadır ki, bazarkom vətəndaşların öz hesabına tikdirdiyi halal dükanlarını himayədarları ilə birlikdə abadlaşma adı ilə sökdürüb ticarət mərkəzi tikdirmək istəyir. Ancaq yolun kənarında antisanitariya şəraitində fəaliyyət göstərən qanunsuz meyvə-tərəvəz bazarını bu yaxın günlərə kimi saxlayırdılar və buna icra hakimiyyəti göz yumurdu. Icra başçısının müavini Akif Quliyev dükan sahibləri ilə görüşdə birmənalı olaraq deyir ki, buraları sökəcək və bunun üçün onun kifayət qədər dəstəyi var. Maraq üçün qeyd edək ki, Akif Quliyev Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevin qardaşıdır. Hətta Akif Quliyev bazarda tez-tez görüşdüyü bazarkomla söhbət zamanı onun Rəşid Babayevə “Lazım gəlsə, özüm traktora oturub bunların dükanını sökəcəm” deməsəni eşidən olub.
Ən acınacaqlı hal odur ki, məmurlar dükanları abadlaşma bəhanəsilə söküb orada dövlət əhəmiyyətli obyekt yox, məhz özlərinin gəlir götürə biləcəyi sırf kommersiya mərkəzi açmaq istəyir və bu qanunsuz işə bütün strukturları cəlb edirlər.
Sahibkarların bizə verdiyi məlumata görə, Rəşid Babayev bayırdakı piştaxtaların sahiblərindən hər gün 15, içəridə alver edənlərdən isə 3-5 manat pul yığır və qəbz də vermir: “Hər gün polis günün günorta çağı hər piştaxtadan qanunsuz olaraq 10 manat, ətraf dükanlardan isə ayda 5-20 manat pul yığır. Bundan başqa, hər gün ”Sanepidemstansiya”nın məsul nümayəndəsi Əkbər adlı şəxs hər meyvə-tərəvəz piştaxtasından 2-3 manat pul yığır və çek verməməyi bir yana qalsın, bazara daxil olan məhsulların keyfiyyətini də qətiyyən yoxlamır”.
Sahibkarların dediklərinə görə, ərazidə olan çoxsaylı sexlərdən Rəşid Babayev hər ay 300-500 manat yığsa da, sənəddə bu rəqəm 50-60 manat göstərilir. Sahibkarlar sexlərini öz hesablarına tiksələr də, hər ay kirayə haqqı verirlər.
Iki sahibkar həbs edildi
Rəşid Babayev ərazini 2010-cu ildə özəlləşdirdiyini bildirsə də, sahibkarların bir çoxu öz obyektlərini 2003-cü ilə kimi qanuni şəkildə özəlləşdiriblər. Bu məsələni araşdıranda ortaya böyük korrupsiya faktları çıxır. Sən demə, Əmlak Komitəsi elə özünün bir dəfə ayrı-ayrı sahibkarın adına özəlləşdirdiyi torpaq sahəsini böyük rüşvət müqabilində qanunsuz olaraq ikinci dəfə Rəşid Babayevin adına özəlləşdirib. Maraqalıdır ki, 2010-cu ildə aparılan saxta özəlləşmənin sənədinin layihəsində 66 dükan sahibinin 9 kvadratmetrlik dükanlarının yeri boş yer kimi göstərilib.
Icra başçısı Eldar Əzizov abadlıq adı ilə camaatın qanuni dükanını söküb onun yerində yeni layihə əsasında müasir görünüşlü ticarət mərkəzi görmək istəyir.
Sahibkarlarla görüşündə icra başçısı məsləhət görüb ki, hər iki tərəf ortaq razılığa gəlsin. Eldar Əzizovun təklifinə Rəşid Babayev o dəqiqə “hə” deyib və bildirib ki, o, dükanları sökdükdən sonra sahibkarlara indiki sahə qədər yer verməyə və icarə pulu almamaq haqda öhdəliyi notarial qaydada sənədləşdirməyə hazırdır. Buna cavab olaraq sahibkarlar bildiriblər ki, onlar Rəşid Babayevi yaxşı tanıdıqlarından buna inanmırlar. Onun notarial qaydada verəcəyi kağızın isə heç bir hüquqi qüvvəsi olmayacaq. Dükanları sökəndən sonra onun sahibkarlara təzə tikilən yerdə həqiqətən dükan vermək fikri varsa, özəlləşdirdiyi yerləri alqı-satqı ilə öz sahiblərinə versin.
Sahibkarların dediklərinə görə, Rəşid Babayev dükanları ələ keçirmək üçün yeni üsullara – şərləyib həbs etdirməyə qol qoyub. Belə ki, şərləməklə həbs etdirmək qərarını verib. “Şərq bazarı”nın rəhbəri iyunun 14-də iki nəfərin onu təhqir etməsini əsas gətirərək 3-cü Polis Bölməsinə müraciət edib. Bazarda sahibkarlıqla məşğul olan Naib Hacıyev və Şəmi Kərimovu polisə çağırıblar.
Məsələdən xəbər tutduqdan sonra Naib Hacıyev və Şəmi Kərimovla birlikdə bazarda ticarətlə məşğul olan daha 17 sahibkar polis bölməsinə, oradan da məhkəməyə yollanıblar. Sumqayıt Şəhər Məhəkəməsinin hakimi Zeyqəm Hüseynovun sədrliyi ilə keçən proses cəmi 10 dəqiqə çəkib. Şikayət əsasında isə Naib Hacıyev və Şəmi Kərimova 10 sutka həbs cəzası kəsilib.
Sahibkarlar deyirlər ki, həbs olunan şəxslərin üzünə duran şahidlərdən biri Rəşid Babayevin oğlu, onun şərikinin nümayəndəsi Musa, digəri isə kəndçisi və pulyığanı Ərəbxandır.
Ancaq Sumqayıt şəhər Apelyasiya Məhkəməsinə edilmiş şikayətə görə Şamil Kərimov azadlığa buraxıldı. Lakin Naib Hacıyev hələ də həbsdədir. Halbuki hər iki sahibkar eyni maddə ilə həbs olunublar.
***
Bundan başqa, Rəşid Babayev sahibkarlara gücünü nümayiş etdirmək üçün bazarın ətrafında və qarşısındakı yaşıllıqları məhv etməyə başlayıb. Bəzi ağacların qol-budaqlarının bazarın fəaliyyətinə mane olduğunu əsas gətirərək, onların kəsilməsi barədə göstəriş verib.
Sahibkarlar isə Rəşid Babayevin bu hərəkətindən təəccüblənmirlər: “66 ailənin taleyini düşünməyən, öz maraqları xatirinə istənilən addımı ata bilən Babayevin ağacları kəsməsi qeyri-adi hadisə deyil. Sumqayıtın yaşıllığa böyük ehtiyacı var. Buna baxmayaraq, Rəşid Babayev ağacların qırılmasına göstəriş verib. Deyirlər, ağac kəsilməsi qanunla cinayət sayılır. Amma qanunların ona aid olmadığına artıq şahidik”.
Ramin DEKO



