Üzeyir Cəfərov: «Problemlərin əksəriyyəti komandirlərin məsuliyyətsizliyi ucbatından baş verir»
«Müdafiə Nazirliyinin kadr siyasəti qüsurlu və yarıtmazdır»
Ordudakı problemlərin əksəriyyəti komandirlərin məsuliyyətsizliyi ucbatından baş verir. Bunu, son vaxtlar orduda bir-birinin ardınca baş verən intihar hallarına münasibətində hərbi ekspert Üzeyir Cəfərov deyir.
Onun sözlərinə görə, komandirlər çox vaxt yerlərdə olan çavuşlara arxayın olurlar və əsgərlərin problemləri ilə yaxından maraqlanmırlar: “Məsələn, Şəmkir hərbi birləşməsi ən ağır hərbi birləşmədir. Onun tərkibinə daxil olan Gədəbəy, Tovuz, Qazax istiqamətindəki hərbi hissələrdə şərait həqiqətən də ağırdır. Amma ağır şəraitdə xidmət keçmək o demək deyil ki, yerlərdəki komandirlər məsuliyyətlərini azaltmalı, vəzifə borclarına səhlənkar yanaşmalıdırlar. Komandirlər çox vaxt yerlərdə olan çavuşlara arxayın olurlar və əsgərlərin problemləri ilə yaxından maraqlanmırlar. Bu da sonda əsgərlər arasında nizamnamə qaydalarının pozulmasına gətirib çıxarır. Əsgərlər bir-birlərinə qarşı silah işlətməyə başlayırlar. Son günlər baş verən bədbəxt hadisələr də bu münasibətlər zəminində olur”.
Şəmkir korpusunda intihar hallarının artmasına gəlincə, Ü.Cəfərov deyir ki, Daşkəsən hadisələri, Seyfəli poliqonunda baş verənlər, hərbi birləşmənin sabiq komandirinin məsuliyyətsizliyi bu hallara gətirib çıxarıb: “Rövşən Əkbərov bu hərbi birləşməyə komandir təyin olunandan sonra müəyyən dəyişikliklər baş verib. Amma bu dəyişikliklər hələ yetərli səviyyədə deyil. Bunun üçün müəyyən vaxt lazımdır. O vaxt da zabit kadrların, müddətdən artıq xidmət keçmiş hərbi qulluqçuların vəzifə borcuna layiqincə yanaşmasından asılıdır. Dediyim kimi, müəyyən dəyişikliklər var, amma onlar hələ kosmetik xarakter daşıyır”.
Ü.Cəfərov deyir ki, intihar hallarının artmasının başqa bir səbəbi də komandirlərin əsgərlərin sosial problemləri ilə maraqlanmaması ilə bağlıdır: “Müdafiə Nazirliyində tərbiyəvi işlər üzrə idarə var. Bu idarə faktiki olaraq dövlətdən vəsait alıb silməklə tanınır. Bu idarənin orduya xeyir vermə əmsalı çox aşağıdır. Halbuki bir neçə il əvvəl bu idarənin komandirlərə çox böyük xeyri vardı. Əsgərlərin problemləri ilə maraqlanır, onların həllində yaxından iştirak edirdilər. Bu gün isə bu idarənin adı var, fəaliyyəti isə sıfra bərabərdir”.
Hərbi ekspert onu da bildirir ki, vəziyyətin bu həddə çatmasının əsas səbəblərindən biri də Müdafiə Nazirliyinin kadr siyasətinin qüsurlu və yarıtmaz olmasıdır: “Müdafiə Nazirliyində kadrlar üzrə nazir müavini var – Çingiz Məmmədov. O, yalnız kabinet şəraitində fəaliyyət göstərən, bir gün də döyüş bölgəsində xidmət etməyən bir zabitdir. Bu insan kadrların yerləşdirilməsində, düzgün təyinatında faktiki olaraq heç bir rol oynamır. Əslində bu qurum nazirliyin aparıcı qurumu olmalıdır. Kadrlar düzgün yerləşdirilsə, bu qədər problemlər də olmaz. Baş qərargahın tabeliyində olan hərbi hissələrə, eləcə də digər hərbi hissələrin hər birinə cavabdehlik daşıyan şəxslər var. Mən həmişə demişəm ki, Müdafiə Nazirliyinin kadr siyasətində çox böyük problemlər var. Kadrlar düzgün yerləşdirilsə, şəxsi heyətlə işləməyi bacaran şəxslər vəzifələrə təyin olunsa, vəziyyət indiki qədər acınacaqlı olmaz. Başa düşmək lazımdır ki, əsgər ölümləri ordu haqqında çox pis imic formalaşdırır. Bu sahədə təcili olaraq dərin islahatlar aparılmalıdır. Bu zaman intiharların sayı aşağı düşmüş olacaq”.



