«Brüssel görüşü onun üçün asan keçməyəcək»
Rahim Hacıyev: «Ilham Əliyev Avropa Birliyinin siyasətinə və fəaliyyətinə qarşı tutarlı arqumentlər səsləndirə bilməyəcək»
Prezident Ilham Əliyev iyunun 22-də Brüsselə səfər edəcək. Onun Avropa Birliyinin prezidenti German van Rompey, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo və AB-nin genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle ilə görüşləri nəzərdə tutulur.
Son vaxtlar Avropa Birliyinin Azrəbaycanda demokratikləşmə ilə bağlı ciddi tələblər səsləndirdiyini, Avropa Parlamentinin ölkəmizlə bağlı məlum qalmaqallı qətnaməsini nəzərə alsaq, bu görüşün Ilham Əliyev üçün heç də asan keçməyəcəyini, onun bir sıra ciddi suallara cavab vermək məcburiyyətində qalacağını demək olar.
Bu görüşdən sonra Azərbaycan Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü olacaq. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, bu görüşdə bir nəticə hasil olunmazsa, Avropa Birliyi Minsk Qrupunun həmsədrliyində təmsilçilik təşəbbüsü ilə çıxış edəcək. Bu da, Azərbaycan üçün Avropa Birliyi ilə münasibətləri korlamamaq baxımından kifayət qədər ciddi məqamdır.Siyasi ekspert Rahim Hacıyev bildirir ki, Avropa Birliyinin Azərbaycanla bağlı ciddi niyyətlərinin olması artıq heç kimdə şübhə doğurmur. Qurumun Azərbaycana ciddi maraq göstərməsi onun bu regionla bağlı mühüm planlarının olduğunu göstərir: “Çoxdan bəllidir ki, Avropa Birliyi altı keçmiş sovet respublikasını, o cümlədən Azərbaycanı gələcəkdə Avropa ailəsinin tərkib hissəsi kimi görməyi planlaşdırır. Bu istiqamətdə ilk addım kimi, Avropa Birliyi Azərbaycana assosiasiya müqaviləsi təklif edir. Bu müqavilədə məqsəd, ölkəni Avropa Birliyi üzvlüyünə hazırlamaqdır. Azərbaycan hökuməti inadla bu müqaviləni imzalamaqdan imtina edir. Azərbaycan xalqı üçün böyük inkişaf perspektivləri vəd edən bu sənəddən imtina Azərbaycan hakimiyyətinin xalqın həqiqi maraq və mənafelərinə xidmət etmək istəməməsi ilə bağlıdır. Müqavilənin yalnız bir şərtini xatırlatmaq kifayət edir. Birinci şərtə görə, qanunun aliliyi prinsipi təmin edilməlidir. Azərbaycan hökumətinin istəməməsinə baxmayaraq, Avropa Birliyi Azərbaycanı gələcəkdə Avropa ailəsinin üzvü kimi görməkdə israrlıdır”.
I.Əliyevin məlum Brüssel səfərinə gəlincə, ekspert hesab edir ki, ən yüksək səviyyədə Avropa rəhbərlərinin onu qəbul etməsi və bu sırada genişlənmə üzrə komissarla görüşün də nəzərdə tutulması Avropa-Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması üçündür: “Bu görüşün Ilham Əliyev üçün asan keçməyəcəyini indidən demək olar. O baxımdan ki, Azərbaycan hakimiyyəti beynəlxalq aləmi, o cümlədən Avropa Birliyini xüsusən son vaxtlar ikili standartlarda günahlandırır. Məlum məsələdir ki, bu, Avropa Birliyi və Qərb dünyasının demokratiya tələbləri qarşısında səsləndirilən əsassız ittihamlardır. Bununla hakimiyyət Qərb dünyası ilə demokratiya sahəsində əməkdaşlıqdan yayınmağa çalışır. Təkbətək görüşdə Ilham Əliyev Avropa Birliyinin siyasətinə və fəaliyyətinə qarşı tutarlı arqumentlər səsləndirə bilməyəcək. Ən azı, yada salmaq lazımdır ki, bir il əvvəl Avropa Parlamenti Ermənistanın işğalçı qoşunlarının Azərbaycandan çıxmasını tələb edən qətnamə qəbul edib. Azərbaycana qarşı nümayiş etdirilən bu cür açıq dəstəkdən sonra belə, hökumət Avropa Birliyi ilə ciddi əməkdaşlıqdan imtina siyasətini davam etdirdi”.
Gültəkin