Korrupsiya ilə mübarizə bitib, mitinqlər isə davam edir…

Heç kimə sirr deyil ki, Azərbaycanda ictimai fəaliyyət ən çətin şərtlər altında baş tutur. Bunu təkcə illərini mübarizəyə verən köhnə hərəkatçılar deyil, artıq gənc fəallar da bilir. Onların özlərinə və yaxınlarına olan mənəvi-psixoloji basqılar hesaba gələsi deyil. Uzaqdan asan görünə bilər, amma çox ağırdır. Əksəriyyəti həbsin, fiziki təzyiqin, hədələrin nə olduğunu bilir. Özləri və yaxınları işdən çıxarılır. Bəziləri təhsildən qovulublar, hər biri də bu halla üzləşə bilər. Hər yerdə, hər zaman bu adamların kölgələri qılınclanır…

Bununla belə, mən əminəm ki, müxalifətçiliyin, demokratiya uğrunda mübarizədə olmağın çətinliklərini müxalifətçilərdən çox hakimiyyətdəkilər bilir. Özlərinin əməlləri olduğu üçün, hakimiyyətdəkilər müxalif mövqeli adamlara nə zülm elədiklərini yaxşı bilir, onların hansı çətin şəraitdə yaşadıqlarını əla dərk edirlər.

Amma görürlər ki, bütün çətinliklərə baxmayaraq, bu adamların mübarizəsi bitmir, onların fəaliyyəti dayanmır. Yəqin ki, bunu görüb dəhşətə gəlirlər. Əksinə, korrupsiya ilə mübarizə başlayan kimi onların tərəfdarları sırasında silkələnmə başladı, yarpaqtökümləri göründü. Korrupsiya ilə mübarizə YAP-ın payızına dönmüşdü, bir az da davam etsəydi, məmur istefaları xəzələ dönüb hakimiyyətin koridorlarını basacaqdı…

Reallıq budur ki, hakimiyyətin tərəfdarları bir neçə aylıq “korrupsiya pəhrizinə” (ifadə AXCP sədri Əli Kərimlinindir) dözmədiyi halda, müxalifətin sıraları uzun illərin ağır çətinliklərinə tab gətirib. Bu sıraya yeni gənclik dalğası da qoşulub…

Hələ qorxularına, ümidsizliklərinə üstün gələ bilməyib sakitcə gözləyən milyonlarla narazı insan var. Ilk fürsətdə onlar Kürün bəndi kimi bütün əngəlləri aşacaqlar. 3 aylıq korrupsiya qıtlığına dözməyən tərəfdarlar bu hakimiyyəti qoruyacaqmı onda? Kimin nəyinə lazımdır axı, belə hallarda tarixin YAP-YENI səhifəsi əvəzinə, yep-yeni səhifəsi açılır…

Mən bir daha əvvəl yazdıqlarıma qayıtmaq istəyirəm, ərəb dalğasından qorxuya düşən YAP-çıların 17 aprel mitinqindən sonra hər şeyi yoluna qoymuş kimi davranmaları əsassız və aldadıcıdır.  Hakim komanda özünü aldatmış oldu. Ümumiyyətlə, bu məsələyə Ictimai Palatanın, müxalif partiyaların fəaliyyəti kontekstində baxmaqla Ilham Əliyevin hakimiyyəti özünü dalana dirəyir. Unutmaq olmaz ki, Azərbaycan xalqı da müxalifətdədir. Üstəlik, indi dünyada yeni küləklər əsir. Yenilik küləkləri!

Nazirə məktub

Bərdədən Ağdam köçkünü  Faiq  Quliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri  Fizuli Ələkbərova yazır: “Cənab nazir, mənim 3 məktəbli övladım var. Böyük qızımın 13, ortancıl qızımın 11 və oğlumun 8 yaşı var. Ağır bir şəraitdə yaşayıram, yoxlaya bilərsiniz. Ağdam rayonundan məcburi köçkünəm. Özüm və həyat yoldaşım heç yerdə işləmirik. Dəfələrlə Ağdam rayon ƏƏSM -nə müraciətimdən sonra gəlib mənim şəraitimi yoxlayıb dedilər ki, mənə həqiqətən də ünvanlı yardım düşür. Bir müddətdən sonra isə mənə deyildi ki, Bərdədə məskunlaşdığınıza görə ora müraciət edin. Indi qalmışam iki şöbənin arasında. Amma maraqlısı budur ki, müəyyən ailələr Bərdədə yaşasalar da, yardımı Ağdamdan alırlar. Odur ki, Sizdən xahiş edirəm, mən və həyat yoldaşım heç, bu 3 uşağa sosial yardım təyin olunmasına köməklik eləyin. Heç olmasa ayda 1-2 dəfə meyvə yeyə bilsinlər. 2 aydan sonra məktəb açılır, belə getsə, bunlar məktəbə getməyəcəklər, çünki ƏƏSM-də çoxlu ALLAHSIZ INSANLAR işləyir. Böyük ümidlə cavab və köməyinizi gözləyirik.”