Ilham Əliyevin polisləri haqqında

Bu günədək dözdük, susduq, yola verdik, yazmadıq, amma yetər. Artıq “polisin də içində yaxşı oğlanlar var” söhbətini yığışdırmaq lazımdır. Artıq “polis neyləsin, çörəkpuluna çıxıb”, “polis neyləsin, əmr quludur” nağıllarının dalına bir təpik vurmaq lazımdır. Kimsə yaxın qohumu, qardaşı, atası, oğlu, qaynı, yeznəsi, bacanağı, kirvəsi, daha nə bilim nəyi polisdə işləyir deyə kompleks keçirib, “polisin nə günahı var, o da öz vəzifə borcunu yerinə yetirir” kimi səfeh arqumentlər irəli sürməklə bu adamların əl-üzünü yumağa çalışmamalıdır. Artıq polis haqqında hər şeyi açıq-açıq söyləmək, yazmaq zamanı gəlmişdir.Üstəlik, onlara “polis” adı da haramdır. Onlar ən yüksək rütbəlisindən serjantına qədər bir nəfər kimi polis-zad deyillər. Onlar olsa-olsa, Ilham Əliyevin şilləvuranlarıdır.

Bunlar bizə başqa neyləməlidirlər ki, biz Azərbaycan polisini öz gerçək adı ilə çağıraq? Onlardan nə tələb edirik ki biz? Onlara deyənmi var ki, dubinkanı yerə qoy, poqonlarını sök, qoşul mitinqçilərə? Bəlkə onlardan “Azadlıq” bağırmağı istəyən var? Bəlkə onlardan bizə qoşulub “Istefa!” qışqırmalarını tələb edirik?

Əlbəttə, yox. Onlardan tələbimiz çox sadədir: bir az mədəni olsunlar, bir az ədəbli olsunlar, bir az ağızlarının danışığını bilsinlər, bir az insaflı tərpənsinlər. Ilham  Əliyev “yıx” deyirsə, yıxsınlar, amma heç olmasa, yıxdıqlarını kəsməsinlər.Mən dünən bir daha gördüm və başa düşdüm: Azərbaycan polisi Roma papasından artıq katolik olmaq üçün ölür. Azərbaycan polisi Ilham Əliyevdən artıq kral olmaq üçün sinov gedir.

Gözlərimin önündə bir gənci onlarla polis döyə-döyə maşına basırdı. Dostlardan biri ərinmədi, saydı: düz 30 nəfər idilər! 30 nəfər!!!Bu nə deməkdir, siz təsəvvür edə bilirsinizmi? Bunların ürəyində öz xalqının övladlarına nifrət, qəddarlıq, ikrah nə qədər olmalıdır ki, belə bir qeyri-insani hərəkətə qol qoya bilsinlər? Axı o, bunca qəddarlıq edə bilirsə, necə “yazıq neyləsin e, əmr quludur” demək olar? Əmr qulu olsun, amma bir az da insaflı olsun də.

Heç kim atası yaşında kişiyə “davay ə, burdan!” deyən bir polisi qorumasın məndən. Heç kim 5 yaşında bir qızcığazı yerlərdə sürüyən polisi “neyləsin o, çörəkpuluna çıxıb” deyə qorumağa çalışmasın.Mən onu dünən bir daha yaxından tanıdım. O polis-filan deyil. O, yuxarıda dediyim kimi, uzaqbaşı Ilham Əliyevin şilləvuranıdır. Rejimin tətikçisidir. Iqtidarın qarovulçusudur. Zülmün keşikçisidir. Amma polis deyil, vəssalam! Bir polisin içində öz xalqının övladlarına bunca ikrah, bunca qəzəb, bunca həqarət ola bilməz. Bir polis qarşısındakını qadın, qoca, uşaq demədən alçalda, aşağılaya bilməz.

Normal ölkədə vətəndaş təhlükədən qorunmaq üçün polisə sığınar, ona pənah gətirər. Ancaq bizdə vətəndaş qarşıdan polis gələndə yolunu dəyişir. Polis deyiləndə onun gözü önündə cibə nəşə atan, butılkaya oturdan, boynundan tutub yerlərdə sürüyən bir varlıq canlanır. Polis bizdə qorumaqla deyil, qorxutmaqla məşğuldur. Cinayətkarlıqla mübarizə aparmır, əksinə, Azərbaycanda dövləti zəbt etmiş bir qrup mütəşəkkil cinayətkarın cangüdəni rolunda çıxış edir.Mən onların heç birini artıq bir-birindən ayırmıram. Mənimçün polis varsa, istisna yoxdur. Mənim üçün onların hər biri Süleyman Nemətovdur. Mənim üçün onların hər birinin içində daha qəddar bir Süleyman Nemətov yatır.

Lütfən, polis və çörəkpulu söhbətini də yığışdırın. Onların döydüyü, təpiklədiyi, əzişdirdiyi, söydüyü, alçaltmağa, aşağılamağa çalışdığı insanlar bəyəm palçıqmı yeyirlər? Onlar da çörək yeyirlər də. Bəs onlar niyə paqonun gücünə sığınmırlar? Bəs onlar niyə çörəyini dubinkadan çıxarmırlar? Demək ki, çörəkpulu-zad boş söhbətdi, bu gün Azərbaycan polisinin qabındakı budur: qəddarlıq, qəddarlıq, yenə də qəddarlıq! Bu gün Azərbaycan polisi istəsə belə, yumşaq, mərhəmətli, sayğılı, gülərüzlü, şirindilli ola bilməz.

Sanki ölkədə adam döymək üçün nə qədər əli gicişən var, hamısını polisə doldurublar. Mənzərə bu qədər aydındır.