İctimai Palata mitinqləri davam etdirəcək

Qurum məhəllə, həyət və qəsəbə mitinq komitələri yaradır

Ictimai Palata bəyanatla çıxış edərək bazar günü Bakıda keçirilən aksiyanın polis tərəfindən dağıdılmasını qəti şəkildə pisləyib. Bəyanatda deyilir ki, Bakı şəhər Icra Hakimiyyəti Konstitusiya və sərbəst toplaşma haqqında qanunu pozaraq IP-nin “Nərimanov” kinoteatrının qarşısında aksiya keçirməsinə icazə verməyib.
Bundan əlavə, şənbə günündən polis müxalifət fəallarına təzyiq göstərməyə başlayıb ki, onların mitinqdə iştirakına maneçilik törətsin. Bu, yalnız Bakıda deyil, ölkənin başqa bölgələrində də baş verib.
Polisin “Nərimanov” kinoteatrına yaxın ərazini nəzarətə götürməsinə baxmayaraq, Müsavat və AXCP fəalları etiraz aksiyasını keçirə bilib. Onlar “Azadlıq!”, “Istefa!”, “Siyasi və vicdan məhbuslarına azadlıq!” şüarları səsləndiriblər.
Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib, onlarla adam saxlanılıb. IP sərbəst toplaşma azadlığının növbəti dəfə kobud şəkildə pozulmasını qəti şəkildə pisləyir, tutulanların buraxılmasını tələb edir və 19 iyun aksiyasını kütləvi etiraz hərəkatının yeni mərhələsi kimi dəyərləndirir. Ilk dəfə olaraq aksiya eyni vaxtda şəhərin 12 müxtəlif yerində keçirilib. Aksiyalar Yeni Günəşli yaşayış massivindən tutmuş Yeni Yasamal qəsəbəsinə kimi bir çox yerdə keçirilib. Bazar günü aksiyasından sonra növbəti etirazların hazırlanması üçün məhəllə, həyət, qəsəbələrdə müstəqil monitorinq qruplarının yaradılmasına başlanılıb.