Tehranın təxribatı, yoxsa Bakının “Amerika qəzəbi”?

Azərbaycanlı generalın İranda ABŞ-ı ittiham etdiyi haqda qalmaqallı xəbər yayıldı

DİN-in idarə rəisi Birləşmiş Ştatları narkoticarəti himayə etməkdə suçlayıbmı?

 

Iranın yarımrəsmi “Fars” agentliyi bu ölkənin Ənzəli şəhərində ötən həftə keçirilən narkotiklərə qarşı mübarizəyə dair beş Xəzəryanı ölkənin rəsmilərinin toplantısı barədə qalmaqallı xəbər yayıb.
Agentliyin xəbərində deyilir ki, toplantıda çıxışı zamanı Azərbaycan DIN-in Narkotiklərə qarşı Mübarizə Idarəsinin rəisi, general Həzi Aslanov Amerikanın ünvanına şok ittihamla çıxış edərək bu ölkənin dünyada narkotik ticarətini himayə edən əsas güc olduğunu bildirib. “Biz etiraf etməliyik ki, narkotiklər Birləşmiş Ştatlar iqtisadiyyatını təmin etmək üçün əsas mənbədir”, – deyə agentlik H.Aslanovdan sitat gətirir.
“Fars” agentliyinin yaydığı məlumat “Yeni Müsavat” qəzetinin 20 iyun sayında dərc olunub.
Məlumata görə, DIN-in idarə rəisi onu da deyib ki, ABŞ-ın bir çox yüksək rütbəli dövlət rəsmiləri narkotik ticarətini himayə edir. H.Aslanov dünyada narkomaniyanın və narkotik ticarətinin artması tendensiyasından narahatlıq ifadə edərək deyib ki, bu problemə qarşı mübarizə üçün beynəlxalq təşkilatlardan kömək gözləmək olmaz.
H.Aslanov, həmçinin Əfqanıstanda narkotik istehsalı və ticarətinin artmasını xatırladıb. Bildirib ki, Xəzər sahilində yerləşən ölkələrin narkotiklərə qarşı mübarizə üzrə təsisatları öz aralarında informasiya mübadiləsini genişləndirməli, bu məqsədlə vahid mərkəz qurmalıdır. Xəbərə görə, tədbirdə çıxış edən Iran polisinin narkotiklərə qarşı mübarizə birliyinin komandanı general Həmidrza Hüseyn-Abadi və Rusiyanın Narkotiklərə qarşı Federal Xidmətinin rəhbəri general Viktor Ivanov da regionda narkotik ticarəti tendensiyasının artması barədə danışıblar.
Lakin onlar azərbaycanlı həmkarlarından fərqli olaraq, ABŞ-ı dünyada narkotiklərin yayılmasının əsas himayəçisi adlandırmayıblar.
Azərbaycan Daxili Işlər Nazirliyi isə “Fars” agentliyinin yaydığı xəbəri təkzib edib. DIN-in məlumatında deyilir ki, Həzi Aslanov nə tədbirdəki çıxışında, nə də toplantının mətbuata qapalı hissəsində, ümumiyyətlə, ABŞ-ın əleyhinə fikir səsləndirməyib.
Bununla belə “Fars” agentliyinin qalmaqallı məlumatı ilə bağlı müxtəlif rəylər var. Bəzi ekspertlərin fikrincə, əgər DIN-in təkzibi həqiqəti əks etdirirsə, onda agentlik Həzi Aslanovun fikirlərini məqsədli şəkildə təhrif edib. Və bu, heç də Iranın anti-ABŞ ovqatından irəli gəlmir. Bu halda məlumatda digər iştirakçıların da adından ABŞ əleyhinə fikirlər yer alardı. Sadəcə Iran ABŞ-Azərbaycan münasibətlərində gərginlik yaratmaq istəyir. Ekspertlər düşünür ki, bu, “Wikileaks” saytının Azərbaycanla bağlı yaydığı son məxfi materiala cavab ola bilər. Həmin materialda Azərbaycan rəhbərliyinin Qərb diplomatları ilə görüşündə Iran əleyhinə fikirləri yer almışdı. “Ola bilər ki, Iran rəhbərliyi Azərbaycanın hər yerdə vəziyyətə uyğun danışdığını nümayiş etdirmək üçün məlumatı bu formada yayıb. Yəni, baxın, Azərbaycan rəsmiləri sizinlə görüşlərdə bizim əleyhimizə, bizimlə görüşlərdə isə sizin əleyhinizə danışırlar”, – deyə ekspertlər bildirib.
Lakin “Fars” agentliyinin məlumatını həqiqət hesab edən ekspertlər də var. Onların fikrincə, DIN-in məlumatı təkzib etməsi, sadəcə vəziyyətdən çıxmaq məqsədi daşıyır: “Təbii ki, nazirlik istənilən halda xəbəri təkzib etməliydi. Çünki məsələ çox ciddidir”.
“Fars” agentliyinin məlumatını doğru hesab edən ekspertlərin fikrincə, Həzi Aslanovun Irandakı tədbirdə ABŞ-ın əleyhinə fikirlər səsləndirməsi, əslində, təəccüblü görünməməlidir: “Hazırda Azərbaycan-ABŞ münasibətləri ən gərgin dövrünü yaşayır. Və rəsmi Bakının ABŞ əleyhinə kəskin ittihamlar səsləndirməsi birinci hal deyil. Hətta dövlət qəzetlərində    ABŞ-ın prezidenti Barak Obama haqqında təhqiredici yazıların da şahidi olmuşuq. Əlbəttə ki, burada əsas səbəb ABŞ demokratiya tələblərini daha ucadan səsləndirməsidir. Bu baxımdan Həzi Aslanovun belə fikirlər səsləndirməsi mümkündür. Digər tərəfdən nəzərdən qaçırmaq lazım deyil, ”Fars” agentliyi yarımrəsmi kütləvi informasiya vasitəsidir. Ona görə də agentliyin Həzi Aslanovun fikirlərini bu dərəcədə təhrif etməsi inandırıcı görünmür”.

Analitik şöbə