“Azərbaycan yaramaz rejimin girovudur”

Əli Kərimli Türkiyənin «Kanal B» televiziyasına müsahibəsində hakimiyyəti ifşa etdi (VİDEO)

Türkiyənin “Kanal B” televiziyası Ictimai Palatanın 19 iyun aksiyası ilə bağlı geniş reportaj yayımlayıb. Reportajda aksiya zamanı polisin qəddarlığı, müxalifət fəallarının  zorakılıqla həbs olunması ilə bağlı görüntülər əks etdirilib. “Kanal B”, həmçinin 19 iyun aksiyası ilə bağlı AXCP sədri Əli Kərimlinin fikirlərini öyrənib. Canlı yayıma telefon vasitəsilə qoşulan AXCP sədri əvvəlcə Ictimai Palata barədə məlumat verib.
Əli Kərimli bildirib ki, bu qurum AXCP və Müsavat kimi müxalifət partiyaları, vətəndaş cəmiyyəti institutları və müstəqil ictimai-siyasi xadimlər, ziyalılar tərəfindən təsis edilib. Əli Kərimli bildirib ki, Ictimai Palatanın məqsədi Azərbaycanda demokratik islahatlara, korrupsiyaya qarşı ciddi şəkildə mübarizə aparılmasına, saxta seçkilərin ləğv olunmasına və yeni parlament seçkilərinin keçirilməsinə nail olmaqdır.

Daha sonra 19 iyun aksiyasına diqqət çəkən AXCP sədri deyib ki, bundan əvvəl Ictimai Palata aprelin 2-si və 17-də aksiyalar keçirib. Lakin hər ikisi polis zorakılığı ilə dağıdılıb. 2 aprel aksiyasında yüzlərlə müxalifət fəalı saxlanılıb, onlardan 17 nəfər barədə cinayət işi açılıb və həmin şəxslər məhbəsdədir. AXCP sədri bildirib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığına faktiki olaraq qadağa qoyulduğuna görə, Ictimai Palata 19 iyun aksiyasını keçirmək üçün fərqli taktika seçib. Qurumun fəalları yalnız aksiya üçün elan olunmuş yerlərdə deyil, Bakının ən müxtəlif ərazilərində demokratiya mücadiləsi verib. AXCP sədri əlavə edib ki, 19 iyun aksiyasında 60 nəfər müxalifət fəalı həbs edilib. Aksiya iştirakçıları bu dəfə də polis zorakılığı ilə üzləşiblər. Əli Kərimli əlavə edib ki, bununla belə, Ictimai Palata Azərbaycanda demokratik rejimin qurulması uğrunda dinc mübarizəsini davam etdirməkdə qərarlıdır.

(mətn videodan sonra davam edir)

AXCP sədrinin Kanal B-ə müsahibəsinin videoyazısı:

Daha sonra jurnalist Əli Kərimlinin Turkiyədəki seçimlər barədə yazdığı “Təşəkkürlər Türkiyə” başlıqlı məqaləyə toxunub. AXCP sədri də öz növbəsində bildirib ki, Türkiyə Azərbaycanda çox sevilir. Bu baxımdan da oranın siyasi gündəmi ölkəmizdə də diqqətlə izlənilir. Əli Kərimli deyib ki, Türkiyə 12 iyun seçkiləri ilə yalnız özü üçün deyil, böyük bir coğrafiyaya demokratiya gətirib. “Türkiyədə olan bəzi problemlərə rəğmən siyasi partiyalar arasındakı ədalətli yarış, digər türk cümhuriyyətləri, o cümlədən Azərbaycan üçün də nümunə olacaq”, – deyə Əli Kərimli vurğulayıb.

Jurnalistin növbəti sualı bir neçə gün əvvəl AXCP sədri ilə çay içdiyinə görə 2 nəfərin həbs olunması ilə bağlı olub.
Əli Kərimli baş verənlərə ətraflı aydınlıq gətirərək bildirib ki, bu hadisə Azərbaycandakı rejimin mahiyyətini göstərir. AXCP sədri deyib ki, həmin 2 nəfər yalnız ona görə həbs edilib ki, müxalifət lideri ilə görüşüb, çay içiblər. “Onlardan birini, hətta qəddar şəkildə döyüblər. Baxın, Azərbaycan nə qədər yaramaz bir rejimin girovudur. Ona görə də biz Türkiyənin azad mediasından çox şey umuruq. Ərəb dünyası demokratik inqilab dalğasını yaşayır. Etiraf edək ki, bu prosesdə “Əl Cəzirə” televiziyasının böyük rolu oldu.   Azərbaycanda da bir avtoritar rejim mövcuddur. Bizim də umacağımız Türkiyə mediasının Azərbaycanda baş verənləri həm öz xalqına, həm də dünyaya çatdırmasıdır. Çünki bir xalqla dost olmaq üçün yalnız onun yönəticisilə dost olmaq olmaz. Təəssüf ki, Türkiyədə bir çoxları düşünür ki, fikirlər var ki, Azərbaycan xalqı ilə dost olmaq üçün Ilham Əliyevlə, onun çevrəsilə dost olmaq yetərlidir. Bu, yanlış yanaşmadır. Azərbaycan xalqı ilə dost olmaq üçün, onun toplumu ilə, müxalifəti ilə, vətəndaş cəmiyyəti institutları ilə dost olmaq lazımdır”.

İnformasiya şöbəsi