ABŞ-ın Cənubi Qafqaza aid prioritetləri dəyişir…

…Demokratik qüvvələr üçün daha yaxşı istiqamətdə

İlqar Məmmədov: «Bu hakimiyyət rüşvət olmadan, büdcə oğurluğu olmadan yaşaya bilməz»

Həm daxili, həm də xarici təzyiqlərə baxmayaraq, Azərbaycan hakimiyyəti sərbəst toplaşmaq azadlığına qoyulan qadağanı aradan qaldırmaq niyyətində deyil. Hakimiyyət hələ də bu istiqamətdə dirəniş göstərməkdədir. Respublikaçı Alternativ Hərəkatının (ReAL) həmsədri İlqar Məmmədovla müsahibəmizə məhz bu sualdan başlamaq qərarına gəldik:

– Küçə etirazlarına icazə mövzusu, bu etirazların siyasi səmərəsi mövzusundan daha az önəm daşıyır. Yəni aksiyaların siyasi səmərəsi mövzusu hazırda daha önəmlidir. Bu cür aksiyaların çəkisi, təsiri ildən-ilə enir. Hazırda onların səviyyəsi çox aşağıdır. Ona görə, aksiyaların əvvəlcə siyasi səmərəsini araşdırmaq lazımdır. Bundan sonra icazənin verilib-verilməməsi mövzusunda danışmaq olar. Təbii ki, icazə verilməməsi də düzgün deyil. Lakin siyasi müzakirə bir qədər yanlış istiqamətdə gedir, bir qism müxalifətçi mövzuların əhəmiyyətini düzgün dəyərləndirmir.

Yaxın Şərqdə aksiyaların uğurunun sirri

– Artıq neçə ildir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığına qadağa qoyulub. Baxmayaraq ki, Ermənistan hakimiyyəti bir müddətdir bu qadağanı qaldırıb və Ermənistan müxalifəti şəhərin mərkəzində aksiya keçirmək imkanı əldə edib…
– Son 18 ildə Azərbaycanda belə qadağalar qoyulub-qaldırılıb. Yəni, küçədə toplaşmağa qadağa yeni bir şey deyil. On səkkiz ildir iqtidar eyni siyasəti yürüdür. Indi 1995-ci il olsaydı, mən də küçə yürüşlərinə icazə mövzusundan danışmağı üstün tutardım. Ancaq indi 2011-dir və siyasi gündəmdə başqa mövzular hazırda daha üstündür. Əgər həmin mövzuları siyasilər tam işləyib yekunlaşdırsa, küçə aksiyalarına icazə mövzusu da gündəmdə aktuallaşar.

– Amma başqa dövlətlərdə, Yaxın Şərqdə etirazın aksiyalar vasitəsilə bildirilməsi uğurla sınaqdan çıxarıldı.
– Orada aksiyaların səmərəli məsələsi artıq həll olunmuşdu. Insanlar aksiyaların səmərəsinə inanırdılar və küçələrə çıxırdılar. Misirdə üç yüz nəfər etirazçı öldü. Məgər Misirdə küçə etirazlarına hökumət icazə verirdi? Insanlar çıxdılar və istədiklərini etdilər. Baxmayaraq ki, orada insanlara güllə atırdılar, bizdə isə sadəcə dubinka vururlar. Və yaxud da Yaxın Şərqin başqa ölkələrində oxşar situasiya idi. Odur ki, camaatı küçəyə yalnız bütün digər məsələlər həll olunandan sonra çıxararlar, “Istefa” tələbini də bircə dəfə qoyarlar. Yoxsa daha 18 il kiçik dəstələrin küçədə bağırması heç nə verməyəcək.

Iqtidarın siyasətlərinə alternativlər ortaya qoyuruq

– Ictimai Palatanın 2 aprel aksiyasında xeyli sayda insan həbs olundu. Artıq onlar vicdan məhbusu adını qazanıblar. Onlara qarşı irəli sürülən ittihamların heç biri əsaslı deyil və bu ittihamlarla məhkəməyə gedilir. Dünya bunu necə qarşılayacaq?
– Məgər bu hakimiyyətin siyasi düşüncəsinə görə həbs etdiyi şəxslərin birinci məhkəməsidir? 18 ildə bəlkə də bu, sayca əllinci məhkəmədir. Bu məhkəmələr, küçə etirazlarına icazələr köhnə siyasi gündəmdir. Doğrudur, onlar hüquq müdafiəçilərinin diqqət mərkəzində qalmalıdır, amma biz hüquq müdafiəçisi deyilik. Bizim işimiz iqtidarın yanlış siyasətlərinə alternativlər ortaya qoymaqdır. Azərbaycanda insanların yaxşı yaşaması, büdcə oğurluğu və rüşvətin azaldılması üçün bu hakimiyyət nə edir? Bu məsələləri siyasi partiyalar gündəmdə saxlamalıdır. Küçə əksiyasına icazə mövzusu isə YAP-a tam sərf edir. Çünki onda YAP bəyan edə bilir ki, müxalifətin mitinqdən başqa müzakirəyə çıxaracağı mövzu yoxdur. Odur ki, həmsədri olduğum REAL hərəkatını həqiqi siyasi mövzular maraqlandırır. Onlar arasında təbii ki, mitinq mövzusu da var. Amma onun hazırda yeri digərlərinə nisbətən çox daha aşağıdır. Bizim üçün daha əhəmiyyətli mövzular insanların əmək haqları, rüşvətsiz biznes iqlimi, insanların sağlıq sığortası, şəffaf dövlət maliyyəsidir, pensiya siyasətidir. Bu mövzuları bir-bir xırdalayıb, insanlara göstəririk ki, iqtidar belə edir, biz isə başqa cür eləmək istəyirik.

– Keçirilən aksiyaların şüarlarında əhalinin sosial problemlərinə, korrupsiyaya qarşı real mübarizəyə toxunulur…
– Bu cür məsələlər şüarlarla həll olunmur. Bu mövzularla bağlı vətəndaşlarla intensiv və daimi ünsiyyət qurmağa çalışırıq. Baxmayaraq ki, TV-yə, radioya çıxışımızı tam qapadıblar. Bu və digər mövzularda mövqe sənədləri hazırlamışıq, bacardığımız qədər onu vətəndaşlara çatdırırıq. Həmin sənədlər hakimiyyətin siyasətinin yanlışlığını göstərib onlara alternativ təklif edir.

– Bir müddət əvvəl hakimiyyətin rüşvət və korrupsiyaya qarşı elan etdiyi mübarizə gözlənilmədən başlandığı kimi, gözlənilmədən də yekunlaşdı. Kiçik korrupsiya ilə müəyyən dərəcədə mübarizə aparılsa da sonradan bu da yığışdırıldı. Bunun səbəbi nədir?
– Bu hakimiyyət rüşvət olmadan, büdcə oğurluğu olmadan yaşaya bilməz. Pozuntulara qarşı gerçək iş bu sistemin əsaslarını silkələyər. Iqtidar bu istiqamətdə bir-iki addım atan kimi, bunu bir daha anladı və təzəcə başladığı kampaniyanı dayandırdı. Sonra da iş rejimini köhnə qaydaya qaytardı.

Türkiyə ilə daha fəal əməkdaşlıq olmalıdır

– Son vaxtlar Qərb diplomatlarının Azərbaycana səfərləri intensivləşib. Istər Avropa dövlətlərindən, istərsə də ABŞ-dan xeyli sayda diplomat Azərbaycana gəlib. ABŞ dövlət katibinin müavini Tomas Melianın səfərindən sonra verilən bəyanatlar isə xüsusi maraq doğurur.
– Amerikanın xarici siyasətində “terrora qarşı mübarizə” öz məntiqi sonuna çatandan, yəni Üsəma bin Laden gündəmdən çıxarılandan sonra siyasət yavaş-yavaş dəyişir. ABŞ “Taliban”la dialoqa girəndən sonra bu, xüsusilə aydın görünür. O cümlədən Güney Qafqaza aid prioritetlər də dəyişir. Bizim üçün, yəni demokratik qüvvələr üçün daha yaxşı istiqamətdə. Lakin, kiminsə bundan doğan ümidləri öz yerində, Azərbaycanda demokratik dəyişikliyi yalnız yerli vətəndaşlar edə bilər – xaricdən kömək oldu-olmadı.

– Internet texnologiyalarının hər gün inkişaf etdiyi bir zamanda MDB hökumətlərarası assosiasiyanın yaradılması qərarını verdi. Bu təşkilat MDB ölkələrində interneti nəzarətdə saxlayacaq. Belə bir qurumun yaradılması nə dərəcədə effektli ola bilər?
– MDB daxilində hər hansı inteqrasiyasının əleyhinəyik. Biz, Respublikaçı Alternativ olaraq, Azərbaycanın Avroatlantik inteqrasiya prosesində fəal olmasını istəyirik. O cümlədən internet, iqtisadiyyat, MDB məkanında digər “inteqrasiya” adı altında görülən işləri və niyyətləri ziyanlı sayırıq.

– Son günlər mətbuatda müzakirə mövzularından biri də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ilk səfərini, söz verildiyi kimi, Azərbaycana deyil, Misirə edəcəyidir. Belə fikirlər var ki, bu dəyişikliyə səbəb iki ölkə arasında hələ də qalmaqda olan problemlərdir. Siz necə düşünürsünüz?
– Bizim həm AKP, həm də müxalifətlə əlaqələrimiz var, Türkiyənin siyasətinin başlıca motivləri haqda hərtərəfli məlumatlıyıq. Azərbaycanla Türkiyənin münasibətlərini yalnız bir səfərin olub-olmadığına görə dəyərləndirmək olmaz. Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi münasibətlər daha mürəkkəb məntiqə bağlıdır.

– Hazırkı münasibətləri qənaətbəxş saymaq olarmı?
– Istədiyimizdən çox aşağıdadır, lakin eyni zamanda bir sıra həyati önəm daşıyan sahələrdə, xüsusilə hərbi əməkdaşlıqda, Azərbaycanla Türkiyənin birgə işi pis getmir.

Əhmədinejadın zəngi Kazanda mühüm dəyişikliyə işarə ola bilər

– Dövlət başçısı Ilham Əliyevin yaxınlarda Brüsselə səfəri olacaq. Bu səfər həm münaqişə tərəflərinin Kazan görüşü, həm də ölkəyə qarşı demokratiya ilə bağlı təzyiqlərin artdığı ərəfəyə təsadüf edir. Bu baxımdan bu səfəri necə qiymətləndirmək olar?
– Hər səfəri də ayrıca yorumlamağa ehtiyac yoxdur. Azərbaycanın Avropa Birliyi ilə ən əsas müzakirə predmeti “NABUCCO” qaz kəməridir. Söhbət Ilham Əliyevin Brüsselə çağırılmasından getmir. Ilham Əliyev Azərbaycanın dövlət başçısı kimi belə səfərlər etməlidir. Əminəm ki, bu, daha çox “NABUCCO” kəməri ilə bağlı səfərdir.

– Bəs demokratiya məsələlərinə necə, toxunulacaqmı? Çünki Avropa diplomatlarının son aylar səfərləri zamanı toxunulan əsas mövzu demokratiya və insan haqları ilə bağlıdır…
– Avropa Birliyi ilə Azərbaycan arasında demokratiya ilə bağlı da dialoq var. Heç şübhəsiz, demokratiya ilə bağlı məsələlərə də toxunulacaq.

– Zaman-zaman Iranın Qarabağla bağlı danışıqlarda aktivləşməsinin şahidi oluruq. Bu baxımdan Kazan görüşü ərəfəsində Iran prezidentinin Ermənistan və Azərbaycan dövlət başçılarına zəngini necə qiymətləndirmək olar?
– Iran prezidentinin məhz Kazan görüşü ərəfəsində münaqişə tərəflərinə zəng vurması həqiqətən də çox maraqlıdır. Xəbərlərdən göründüyü kimi, onlar geosiyasi təhlükəsizlik mövzularını müzakirə ediblər. Əgər belədirsə və bu zənglər doğrudan da münaqişə tərəflərinin qarşıdan gələn görüşü ilə bağlıdırsa, o zaman zənglər Kazanda mühüm dəyişikliyə işarə ola bilər. Halbuki mən indiyə qədər Kazan görüşünə skeptik yanaşmışam. Təkrar edirəm, Əhmədinejad Kazana görə zəng vurmuşdusa, maraqlıdır, Tehranı yönəldən Rusiyadır axı. Kazandan xəbərləri diqqətlə izləyəcəm.

Xəyal Şahinoğlu