19 iyun aksiyası alındı

Amma Hacı Qamətlə bağlı suallar qapalı qalır

Müxalifətin 19 iyun aksiyası fərqli taktika ilə keçirildi. Mitinqdən dərhal sonra sosial şəbəkələrdəki yorumlar da təsdiq edir ki, müxalif siyasi təşkilatların fəallarının hesabına keçirilən bu aksiya nəzərdə tutulan effekti verib. Amm elə həmin sosial şəbəkələrdə tənqidlər də bolluca qeyd edilib: Azərbaycandakı narazılıqların istiqamətləmdirilməsi ərəb ölkələrindəki variantlarla müqayisə edilib.

Azərbaycan hökmən ərəb yolunu təkrar etməlidirmi? Əlbəttə, Azərbaycandakı avtoritarizmin eynilə ərəb versiyalarına bənzədiyini nəzərə alanda avtoritar rejimlərdən qurtulmanın ərəb variantı dərhal aktual görünür. Amma bu, axıra qədər belə deyil Azərbaycanda demokratiyaya keçid ərəb variantını nisbi olaraq təkak edə bilər, tamamilə onu təkrar edə bilməz.

İndi Azərbaycanda yeni bir dalğa kimi başlayan ictimai etiraz aksiyaları deyil, siyasi etiraz aksiyalarıdır. Fərq ondadır ki, elan edilən mitiqlərdə iştirak edənlər siyasi partiyaların fəallarıdır. Onlar Azərbaycan cəmiyyətinin ən ayıq siyasi kəsimidir. Onlar Azərbaycanda ərəb variantının doğura biləcəyi dəhşətləri təsəvvür edirlər və bunu önləməyə çalışırlar. Onlar belə hesab edirlər ki, Azərbaycan bir Asiya ölkəsi yox, Avropa ölkəsidir və demokratiyaya keçidin daha ağrısız variantından yararlanmalıdır. İndi sərbəst toplaşma azadlığının təmin edilməsi üçün göstərilən bu cəhdlərin nəticəsiz qalmayacağına da kimsə şübhə etməsin. Əks halda, siyasi fəalların başladığı bu narazılıq hərəkatı geniş ictimaiyyəti də özünə cəlb edərək böyük ictimai hərəkata çevriləcək. Bu gün Azərbaycan demokratları hakimiyyətə və cəmiyyətə alternativlər təklif edir. Bu alternativlərin ilk sırasında insanların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının təmin edilməsi yolu dayanır. Hələlik, Azərbaycan hökuməti vətəndaşların hüquq və azadlıqlarını tanımaq istəmir.

Mitinq alındımı, alınmadımı?Kimlərsə, bu və bundan əvvəlki mitinqlərin inqilaba keçəcəyini gözləyirdisə, onlar üçün bu, alınmamış mitinqdir. Kimlər Azərbaycan hakimiyyətini ümumbəşəri dəyərlərə sayğıyla yanaşmağa dəvət edirsə, onlar üçün alınıb. Dünənki mitinq, bu məqsədi bütün şəhər boyu vurğulayaraq alınıb.

Dünənki mitinq ərəfəsində mənim üçün anlaşılmaz olan bir detalı isə qeyd etmədən ötüşə bilmərəm. Bu, Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanovun adından yayılmış bir bəyanatdır. Bu bəyanatda Hacı Qamətin sözünü eşidəcək təbəqəyə çağırış vardı ki, 19 iyun mitrinqinə qoşulanlar bizdən deyil, xəvaricidir, nə bilim, onların yeri cəhənnəmdir-filandır və sairə.

Mən Hacı Qamətin cənnətə və ya cəhənnəmə bilet paylamaq missiyasının olduğunu güman etmirəm və düşünürəm ki, kaş bu bəyanat “Qamət Süleyman”  adlı bir yanlış Facebook profilindən yayılıb. Amma Qamət Süleymanov bu bəyanatı təkzib etmədiyinə görə, həm də düşünürəm ki, təkzib edilməyən bəyanat da təsdiq edilmiş mülahizə kimi qəbul edilə bilər. Amma eyni zamanda onu düşünürəm ki, Qamət Süleymanovdan “bilet” gözləyən kontingent nə zaman ictimai maraqların tapdalandığı yerlərdə fəal etiraza qoşulublar ki, indi, o, xüsusi çağırışla səslənməyə əsas görür?

Hələlik, bunula bağlı suallara ara verib Qamət Süleymanovun bu xüsusi bəyanatla bağlı xüsusi açıqlamasını gözləməyə qərar verirəm. Belə bir açıqlama isə hökmən verilməlidir. Yəni hörmətli Hacı bu bəyanatı yaydığı və ya yaymadığı ilə bağlı aydınlıq verməlidir. Bəlkə, heç belə bir hadisədən onun xəbəri olmayıb…