Ziya Məmmədovun mənimsədiyi milyonlar

Nazir şəxsi taksilərdən il ərzində minimum 3 milyon 600 min manat qazanır

Nəqliyyat naziri Ziya Məmmədov şəxsi taksilərin ləğv olunmasından danışarkən öz-özünü ifşa edib. Nəqliyyat naziri hazırda 7500 şəxsi taksinin qeydiyyatdan keçdiyini bildirib. Ziya Məmmədovun söylədiyi bu rəqəmin reallığı əks etdirmədiyini iddia etmək üçün kiçik bir monitorinq aparmaq kifayətdir.
Biz hələ onu demirik ki, nazir özü də ağ elədiyini görüb, sözünə bir qədər düzəliş verməyə çalışıb. Lakin özünə sərf edən formada. O, bildirib ki, Azərbaycanda şəxsi taksilərin sayı 15 minə yaxındır. Əslində bu rəqəm də reallığı əks etdirmir. Azərbaycanda şəxsi taksilərin sayı bundan 2 dəfə artıqdır. Və bu taksilərin çox cüzi hissəsi “partizan” sayağı fəaliyyət göstərirlər. Yerdə qalanı isə Ziya Məmmədovun qeydiyyatındadır. Lakin nazir bunların çox az hissəsini rəsmiləşdirib. Bununla da milyonlarla manat vəsaiti dövlətdən gizlədib.
Şəxsi avtomobillərin taksi fəaliyyətinə görə nəzərdə tutulmuş lisenziyanın qiyməti 150 manatdır. Bundan başqa, şəxsi avtomobilləri ilə taksi xidməti göstərənlər hər ay 30 manat rüsum ödəməlidir. Əgər Ziya Məmmədov 10 min taksini rəsmi şəkildə deyil, “qara kitab”ında qeydə alıbsa, deməli, hər ay 300 min manat gəlir əldə edir. Biz hələ lisenziyanı nəzərə almırıq ki, bu da 10 min taksi üçün 1 milyon 500 manat edir.
Lakin Ziya Məmmədov deyirsə ki, 7500 taksi qeydiyyata alınıb. Deməli, nazirin “qara kitab”ında qeydiyyatda olan taksilərin sayı 10 mindən bir neçə dəfə çoxdur. Bu isə o deməkdir ki, Ziya Məmmədov hər il şəxsi taksilərdən fantastik məbləğdə qazanc əldə edərək şəxsi kapitalını artırır. Halbuki bu pullar büdcəyə getməlidir.