Ölkə sosial partlayışın astanasındadır
Aylardır davam edən etiraz aksiyaları və diktator Əli Abdulla Salehin prezident sarayına hücum nəticəsində ağır yaralanıb Səudiyyə Ərəbistanına yollanmasıyla yeni bir mərhələyə qədəm qoyan Yəməndə siyasi böhranın dərinləşməsi ölkəni sosial partlayışla üz-üzə qoyub.
Ərzaq məhsullarının qiymətlərinin artması və maye yanacaq qıtlığı vətəndaşların həyatını getdikcə çətinləşdirib. Dövlət işçilərinin əməkhaqlarını ala bilməməsi və dövlət qurumlarının işinin iflic hala düşməsi ölkədəki mövcud gərginliyi daha da artırır. Enerji çatışmazlığı, devalvasiya və birja kimi xroniki problemlər hakimiyyətə qarşı etiraz dalğasının başlanmasıyla daha da dərinləşdi.
Gündəlik qazancı 2 dollar olan ölkə əhalisinin 40 faizi son aylar daha acınacaqlı duruma düşüb. Yanacaq qıtlığı, elektrik və su çatışmazlığı üzündən adi çörəkbişirmə sexləri belə, fəaliyyətini dayandırmalı olub. Paytaxt Səna və digər şəhərlərdə yanacaqdoldurma məntəqələri qarşısında kilometrlərlə olan növbələr zamanı insanlar arasında qarşıdurmalar intensiv xarakter alıb. Təhlükəsizlik qüvvələri olaylara müdaxilə etmək məcburiyyətində qalırlar.
Bu növbələrdən birində gözləyən Səna sakini yalnız 24 saat sonra avtomobilinə yanacaq doldura bildiyini söyləyir. Növbələrdə gözləyən insanların yerə atdıqları zibillər paytaxt Sənanın ümumi görünüşünə də xələl gətirir. Küçələrdəki antisanitariya sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Yəməndə siyasi böhranla yanaşı ciddi nüfuz boşluğu da hiss olunur. Yaralanan ölkə başçısı Əli Abdulla Salehin müalicə üçün Səudiyyə Ərəbistanına yollanmasından sonra orduya rəhbərliyi oğlu Əhmədə həvalə edib, müxtəlif qrupların başında isə qardaşı oğlanları dayanır. Paytaxt Sənanın əksər hissələrində yaradılmış nəzarət-buraxılış məntəqələri sadə vətəndaşların hücumuna məruz qalır.
Təhlükəsizlik qüvvələri ilə ölkənin ən güclü “Əhmar” qəbilə ittifaqının üzvləri arasında başlayan küçə qarşıdurmaları prezident sarayına hücumla sona çatmışdı. Yaralanaraq Səudiyyə Ərəbistanına yollanan Əli Abdulla Salehin ölkəyə dönəcəyi barədə xəbərlər yayıldığından tayfa üzvləri yenidən hücuma keçməyi planlaşdırır. Xüsusən də paytaxt Sənada “Əhmar”ın nəzarətində olan qəsəbə və məhəllələrdə silahlı tayfa üzvləri keşik çəkirlər. Ətraf bölgələrdən də paytaxta axışan 7 minə yaxın silahlı tayfa üzvü Salehin ölkəyə dönüşünə qarşı hərəkata hazırlaşır. Nəzarətdən çıxdığı söylənilən ölkənin cənub bölgələrində də aclıq və səfalət hökm sürür.
Bu arada, Yəmənin nüfuzlu din xadimləri Əli Abdulla Salehi istefa verməyə çağırıb. Ölkənin 100-ə yaxın din xadiminin imzaladığı bəyanatda Salehin istefası və növbədənkənar prezident seçkilərinin keçirilməsi tələb olunur. Səudiyyə Ərəbistanında müalicə olunan Salehin ölüm xəbəri yayılsa da, Yəmən rəsmiləri məlumatı nə təsdiq, nə də təkzib ediblər.
Xatırladaq ki, iyunun 3-də Yəmənin paytaxtı Sənada Prezident Sarayının yaxınlığındakı məscidə hücum olub. Həmin vaxt sarayda olan Əli Abdulla Saleh və baş nazir Əli Məhəmməd Mücəvvər xəsarət alıb. Hazırda Əli Abdulla Saleh Səudiyyə Ərəbistanında müalicə olunur.
Müxalifət nümayəndələrinin sözlərinə görə, Əli Abdulla Salehin səhhəti səlahiyyətlərinin icrasını davam etdirməyə imkan vermir. Nazirlər Kabinetinin nümayəndəsi isə bildirib ki, dövlət başçısı tezliklə Yəmənə qayıdacaq. Əli Abdulla Saleh Yəmənə 1978-ci ildən rəhbərlik edir. O, bəzi ölkələr tərəfindən dəstəklənən müxalifətin tələblərinə baxmayaraq, istefa çağırışlarını rədd edir.
Tural