Qərb diplomatlarının səfərləri niyə intensivləşib?

Razi Nurullayev: «ABŞ və Avropada Azərbaycanda demokratiyanın gələcəyi ilə bağlı mövqe qətiləşib»

Son aylar xarici diplomatların Azərbaycana səfərləri intensivləşməkdədir. Ölkədə fəaliyyət göstərən xarici səfirliklərin nümayəndələrinin aktiv fəaliyyəti ilə yanaşı Qərbdən olan qonaqlar tez-tez paytaxtımıza təşrif buyururlar. Dünən Avropa Parlamentinin deputatlarından ibarət nümayəndə heyəti Bakıya gəlib. Bundan başqa, yaxın zamanlarda AB-nin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonun Azərbaycana gəlişi nəzərdə tutulub. ABŞ dövlət katibinin müavinlərinin isə Bakıya gəlişi artıq bir ənənəyə çevrilib. ABŞ dövlət katibinin müavinləri Tina Kaydanau, Tomas Meliadan sonra dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Endryu Şapiro da Bakıya gələcək.
AXCP sədrinin müavini Razi Nurullayevin fikrincə, Qərb diplomatlarının Azərbaycana diqqətinin artması ölkəmizin demokratikləşməsi ilə bağlı dünya ictimaiyyətinin göstərdiyi səydir. AB-nin Azərbaycanı sonuncu sərhədi elan etdiyini deyən R.Nurullayev vurğuladı ki, digər Cənubi Qafqaz ölkələrindən fərqli olaraq, Azərbaycanın AB-yə daxil olmaq şansı daha böyükdür: “ABŞ-la Avropa Birliyində Azərbaycanda demokratiyanın gələcəyi ilə bağlı mövqe artıq qətiləşib. Əgər Avropa Birliyi Azərbaycanı sonuncu sərhədi sayırsa, belə bir qurumun qonşuluğunda qeyri-demokratik dövlət ola bilməz. Qərb diplomatları Azərbaycandakı situasiyanın dəyişdirilməsi ilə bağlı hakimiyyətlə danışıqlar aparırlar. Onların məqsədi Azərbaycanda real demokratik dəyişikliklərə nail olmaqdır”.
Yaxın zamanlarda Qərbdən gələn diplomatların saylarının daha da artacağını deyən R.Nurullayev bildirdi ki, əslində bütün bu addımlar ölkəmizin Avroatlantik məkana inteqrasiyasının sürətləndirilməsinə xidmət edir. Bundan başqa, R.Nurullayevin sözlərinə görə, AB-nin daha bir nümayəndə heyətinin ölkəmizlə viza rejiminin sadələşdirilməsi məqsədi ilə Azərbaycana gələcəyi gözlənilir.

Xəyal