Zərdüşt Əlizadə: “İnsanların toplaşmasından, haram gəlirləri itirməkdən qorxurlar”
“Hətta «KQB» ifadə azadlığının qarşısını ala bilmədi”
Dünyanın diqqəti ərəb ölkələrində olsa da, Azərbaycandakı proseslər də maraqla izlənilir. Hakimiyyət prosesləri dondurmağa, yaxud nəzarətdə saxlamağa çalışsa da, cəhdi alınmır. Avtoritar idarəçilikdən, korrupsiyadan, rüşvətxorluqdan cana doyan xalq etiraz səsini ucaltmağa başlayıb. Maraqlı proseslər ərəfəsindəyik. Ölkədə baş verənlər və digər məsələlərlə bağlı politoloq Zərdüşt Əlizadənin fikirləri ilə tanış olduq.
– Hakimiyyət bütün təbəqələrin kütləvi aksiyasına qadağa qoyub. Bu qədər çağırışlara rəğmən hökumət niyə insanların toplaşmasından qorxur?
– Hakimiyyətlərini itirməkdən qorxurlar. Hakimiyyət qorxur ki, etirazçılar bir dəfə toplaşsa, gələn dəfə iki-üç dəfə, sonra 10 dəfə çox adam olacaq. Beləliklə, arta-arta gedəcək. Çünki çox gözəl bilirlər ki, əhali onların siyasətindən narazıdır. Sovet hakimiyyəti vaxtında xalq hərəkatı kiçik mitinqlərdən başladı. Əvvəl kiçik dəstələr toplaşırdı. Tədricən yüz minlərlə adam oldu. Onlar bunu bilirlər. Insanların toplaşmasından, haram gəlirləri itirməkdən qorxurlar. Ona görə icazə vermirlər.
“Məmurlar haram pulla yaşamağa öyrəşib”
– Bir neçə ay əvvəl hökumət korrupsiyaya qarşı mübarizəyə başladığını elan etdi. Ilk günlərdə sıravi işçilərdən də olsa, kimlərsə cəzalandı. Lakin indi hər şey əvvəlki məcrasına qayıdıb. Niyə hökumət özünün başladığı kampaniyanı sona çatdıra bilmədi?
– Özlərini həbs edəsi deyillər. Korrupsiyanın başında dayananlar özlərini çox sevirlər. Indiki hakimiyyətin sosial dayağı rüşvətxor məmur kütləsidir. Əgər bu kütlə onlardan üz döndərsə, onlar kimə söykənəcəklər? Sadə, zəhmətkeş xalqa söykənə bilməzlər. Demək, xalqa inanmırlar. Məmurlar hakim zümrəyə hər cür sadiqdirlər. Çünki onlar görürlər ki, hakim zümrə qazın, neftin, iri vəzifələrin, torpağın satışının pulunu götürür. Onlar gərək xalqdan, sahibkarlardan pul toplasınlar. Məmurlar haram pulla yaşamağa öyrəşib. Çünki maaş normal yaşamağa imkan vermir. Ən böyük rüşvət məkanı kimi tanınan gömrükdə belə, rəsmi maaşlar çox aşağıdır. Onunla dolanmaq mümkün deyil. Ancaq məmurlar öz həyatlarına böyük pullar xərcləməyə öyrəşib. Qadağa edəndə ki, almayın, bir-iki ay dözüb ehtiyatdan yeyərlər. Ehtiyat qurtaranda onlar hakimiyyətdən üz döndərə bilərlər. Bu halda hakimiyyət öz sosial bazasını itirə bilər. Ona görə “xala xətrin qalmasın” korrupsiyaya qarşı mübarizəni elan etdilər. Bir müddətdən sonra öz köhnə işlərinə qayıtdılar. Başladılar yenidən rüşvət almağa. Hakimiyyət də bunu qadağan edə bilməz. Çünki faktiki olaraq oturduğu budağı kəsə bilməz.
– Ilham Əliyevin rayonlara səfər ənənəsi var idi. Qayıdandan sonra da rayonun problemlərinin həlli üçün iki milyon manat ayırırdı. Bu məbləğ nə dərəcədə yetərli idi?
– Bu, yalnız rayonun hakim zümrəsinin hakimiyyətə sədaqətini gücləndirmək üçün idi. Heç kəsə sirr deyil ki, büdcədən gedən pulların azı 50 faizi məmurlar arasında bölünür. Qalanı da görüntü üçün müxtəlif layihələrə yönəldilir.
“Iqtidar vəzifə sahiblərinin iştahlarının qarşısını ala bilmir”
– Bu yaxınlarda təhsil haqları artırıldı. Eyni zamanda Nəqliyyat Nazirliyi də elan etdi ki, gediş haqları bahalaşacaq. Bu nəyə hesablanıb və hakimiyyət ictimai rəylə niyə hesablaşmır?
– Onların hakimiyyəti seçkidən asılı deyil. Əgər seçkidən asılı olsaydı, çəkinərdilər. Ancaq seçkinin nəticələri Prezident Administrasiyasında müəyyənləşdirilir. Ona görə də xalqdan asılı deyillər, xalqdan qorxmurlar. Qiymətlərin artması onunla bağlıdır ki, hətta vəzifə sahiblərinin iştahlarının qarşısını ala bilmirlər. Məmurlar doymur. Ona görə xalqdan yığılan pulları artırmağa “məcbur” olurlar.
“Azərbaycan və Türkiyə arasında xeyli problem qalıb”
– Türkiyədə seçkidən sonra Ərdoğan ilk səfərini Azərbaycana edəcəyini söz vermişdi. Bu da artıq ənənə halını alıb. Lakin baş nazir ilk səfərini Misirə edəcək. Bu da bir jest kimi qəbul edilir. Səfər ənənəsinin belə dəyişməsini necə qiymətləndirmək olar?
– Görüşdü-görüşmədi, gəldi-gəlmədi, bunlara dərindən fikir vermirəm. Bəli, özlərini müttəfiq adlandıran iki ölkə arasında xeyli həll edilməmiş məsələlər var.
“Azərbaycan variantı Liviya, Suriya variantına oxşayır”
– Ərəb ölkələrində baş verənlərin, xüsusilə dirəniş göstərən Liviya və Suriyadakı hadisələrin sonunu necə görürsünüz?
– Son deyəndə qəribə səslənir. Biz istəyirik daxili proseslər bir an içində baş versin. Son xalqların tarixi üçün yüz illərdir. Son insanın həyatında ola bilər. Xalqın tarixi min illərlə gedir. Misirdə 1952-ci ildə inqilab oldu və hakimiyyətə hərbçilər gəldi. Ondan sonra bu ölkədə həmişə hakimiyyətdə hərbçilər olub. Sonra gəldi sırf Misir komprador burjuaziyasının nümayəndələri. Onlar dövlət kimi Misirin maraqlarını müdafiə etməyə başladılar. Mübarəkdən sonra hansısa mülki şəxsin gəlmək ehtimalı yarandı. O zaman vəziyyətə etiraz edən xalqın hərəkatını hərbçilər dəstəklədi və Mübarəki istefaya getməyə məcbur etdilər. Azərbaycanda belə hal olub. Elçibəyin hakimiyyəti dövründə Heydər Əliyev xalqın etirazını müdafiə edirdi. Çünki maraqlar üst-üstə düşürdü. Hərbçilər Təhrir meydanında demokratiya istəyən sadə xalqla həmrəy idilər. Çünki onlar Mübarəkin mülki vətəndaş olan oğlu Camalın hakimiyyətə gəlməsini istəmirdilər. Elə ki Mübarəki istefaya məcbur etdilər, valı dəyişdilər və başladılar demokratik hüquqları məhdudlaşdırmağa. Misir xalqı bundan narazıdır. Mitinqlər, etirazlar davam edir. Təşkilatlar yaradılır, seçkilərə hazırlaşırlar. Bu, prosesdir. Hələlik Misirdə hakimiyyət bir generaldan beş generala keçib. Ancaq hərbi xunta məcburdur desin ki, biz demokratiya, sabitlik naminə çalışırıq. Hakimiyyəti xalqın seçdiyi parlamentə və hökumətə verəcəyik. Tunisdə də elədir. Bin Əli getdi. Ancaq Misirdəki kimi köhnə zümrə qaldı. Onlar da öz hakimiyyətlərini möhkəmləndirməyə çalışırlar. Liviyada başqa variantdır. Əhalinin maddi vəziyyəti çox yaxşı idi. Afrika qitəsində ən yaxşı yaşayan xalq idi. Abad ölkə idi. Güclü inkişaf gedirdi, böyük layihələr həyata keçirilirdi. Sadəcə Liviya Qərbə tabe olmayan ölkələr sırasında idi. Bu ölkələr də diz çökdürülməli idi. Bu proses üçün də qəbilələri ayağa qaldırdılar və onlar üsyançılara dəstək verdilər. Dünənə qədər əlini öpdükləri, qucaqlaşdıqları, müqavilə imzaladıqları Müəmmər Qəzzafini qeyri-qanuni elan etdilər. O da dirənib, deyir ölkəmdən qaçan deyiləm. Xalqın da yarısı onun tərəfindədir. Ona görə də mübarizə aparır. Suriyada da eyni vəziyyətdir. Orada qəribə mənzərə yaranıb. Şəhərlər silahlı üsyançıların əlinə keçib. Üsyançılara qarşı hakimiyyət zor işlədəndə deyirlər diktator xalqı qırdı. Diktator əlində silah olan insanlarla döyüşür. Bəşər Əsəd özü də diktatordu, atası da diktator idi.
Amma unutmayın ki, ərəb ölkələrində millətçi qurumların diktaturasını labüd edən mühüm şərtlərdən biri Israil-Fələstin qarşıdurmasıdır. Israilin ərəb dövlətlərinə qarşı istilaçı hərəkatıdır. Suriyanın bir hissəsi Israilin işğalı altındadır. Orada xeyli insan, məzlum, qaçqındır. O insanların hüquqları haqqında Qərb düşünmür. Amma Bəşər Əsədi devirmək istəyən üsyançıların insan hüquqları haqqında düşünür. Bəşər Əsəd kimi diktator rejiminin mövcudluğunun əsas səbəblərindən biri Qərbin ədalətsiz Yaxın Şərq siyasətindəki Israili dəstəkləmək xəttidir. Eyni zamanda ondan qidalanan mürtəce rejimlərlə ən yaxın münasibətləri Qərb dövlətləri qurur. Mübarək, Səudiyyə kralları, bütün diktatorlar Qərbin dostudur. Çünki Qərbin iqtisadi maraqlarını həyata keçirirlər. Ancaq lazım gələndə onları diktator adlandırırlar, xalq üsyanlarını dəstəkləyirlər. Bu, real siyasətdir. Burada təəccüblü heç nə yoxdur. Burada romantik ideallar axtarmaq lazım deyil. Sırf praqmatik maraqların ifadəsidir. Bu da ikili standartla bağlıdır.
Bütün siyasətlərin əsasında iki standart dayanır. Azərbaycan variantı da Liviya, Suriya variantına oxşayır. Xalq hürriyyət, insan hüquqlarının müdafiəsini istəyir. Hakim zümrə pul, sərvət, hakimiyyət istəyir. Qərb isə maraqlarının təminatını istəyir. Bu təminat əvəzinə müstəbid hakim zümrə ilə sıx əlaqələr qurur. Eyni zamanda hürriyyət istəyən insanların hüquqlarını da dəstəkləyir. Oyun gedir. Bu da tarixdə həmişə olub. Son görünməyəcək. Bu proses gedəcək. Dövlətlər yaranır, dağılır. Ancaq xalqlar qalır.
“Mürtəce rejimləri Rusiya yaradır”
– Ərəb ölkələrində bu proseslər başlayanda bəzi ekspertlər bildirirdi ki, bu dalğa MDB məkanına da gələcək. Siz necə hesab edirsiniz?
– MDB məkanında hər şey Rusiyadan asılıdır. Rusiya bütün bu mürtəce rejimləri yaradır və konservləşdirir, qoruyub saxlayır. Mərkəzi Asiyada da, Cənubi Qafqazda da, Ukraynada, Belarusda da belədir. Belə ki, Rusiya dəyişsə, buna da böyük güman var, MDB ölkələrində də güclü demokratikləşmə prosesi başlayacaq.
“Rusiyanın demokratikləşməsi iqtisadi böhrandan asılı olacaq”
– Rusiyadakı prezident seçkilərindən gözləntiləriniz nədən ibarətdir? Bu ölkədə baş verəcək hər hansı dəyişiklik, demokratikləşmə prosesi MDB məkanına, xüsusilə Azərbaycana nə kimi təsir göstərəcək?
– Çox böyük məharətlə oynanılan şəbədənin nəticəsidir ki, camaat Medvedevin daha liberal, Putinin daha konservator olduğunu düşünür. Elə şey yoxdur. Rusiyanın bir ağası var. O da Putindir. Medvedev də onun əlində oyuncaqdır. Putinə lazım olsa ki, Medvedev qalsın, o qalacaq. Özünü prezident kimi aparacaq. Ancaq əslində baş nazir Putinin əmri ilə hərəkət edəcək. Istəsə, Putin özü prezident olacaq. Amma Rusiyanın demokratikləşməsi yalnız onun iqtisadi böhranından asılı olacaq. Iqtisadi böhran da yaxınlaşır. Çünki səmərəsiz bir quruluşdur. Rusiya kimi böyük bir dövlət mütəmadi olaraq bütün sahələrdə tənəzzülə uğrayır. Əhalinin sayından tutmuş elmin, sənayenin, təhsilin, səhiyyənin göstəricilərinə qədər hər sahədə geriləmə var.
“Ifadə azadlığının qarşısını ala bilməyəcəklər”
– May ayında Rusiya başda olmaqla MDB dövlətləri interneti nəzarətə götürməklə bağlı sənəd imzaladı. Ərəb ölkələrində də inqilabların baş verməsində internetin rolu böyükdür. Bu addım inqilab qorxusundan irəli gəlmirmi?
– Internet yalnız gözü açmır. Istənilən informasiya vasitəsi kimi insanı aldada da bilər. Texniki vasitədir. Hansı informasiyanı versən, onu insana ötürür. Tarix böyu hakim zümrə, müstəbidlər məlumat azadlığına qarşı mübarizə aparıblar. Istənilən hökumət müəyyən məqamlarda ifadə azadlığına qarşı mübarizə aparıb. Buş iki dəfə Qətər əmirindən tələb edib ki, “Əl-Cəzirə”ni bağlasın. O da deyib ki, qardaşımın mülkiyyətidir, qarışa bilmərəm. Düşünürəm ki, oyuncaq müstəbid rejimlərin ifadə azadlığını məhdudlaşdırmaq səyləri iflasa məhkumdur. Sov.IKP, KQB-dən güclü olmayacaqlar ki?! KQB ifadə azadlığının qarşısını ala bilmədi. O zaman internet yox idi. Gizli mətbəələr, radiolar var idi. Indi də elmi tərəqqinin, ifadə azadlığının qarşısını ala bilməyəcəklər. Çox nikbinəm. Onların bütün bu cəhdlərinə gülünc, məhkum cəhdlər kimi baxıram.
Fizzə Heydərli



