Mitinqə getməmək üçün bəhanə yoxdur

Bu gün mitinq keçiriləcəyindən yəqin ki, xəbərdarsınız. Mitinqi Ictimai Palata elan edib. Mitinq dinc xarakterlidir, heç bir zorakı, qanunsuz addım planlaşdırılmır, belə bir niyyət də yoxdur.

Mitinqdə iştirak etmək hər bir vətəndaşın konstitusion hüququdur, ondan istifadə etməkdə sərbəstik.

Əziz oxucu,ÿIctimai Palatadakı partiyalar öz üzərlərinə düşən işi artıqlaması ilə görüblər. Texniki, təbliğati işlər tamamlanıb. Bu gün meydanda ən ön sıralarda Ictimai Palata üzvlərinin olacağı da şəksizdir. Lakin bu aksiyanın “bir qrup müxalifətçinin” yox, bütün xalqın etiraz aksiyası kimi keçirilməsi önəmlidir.Bizi istismar edən, alçaldan, ləyaqətli və firavan həyat sürməkdən məhrum edən rejimə etiraz etmək üçün hamımızın meydanda olması vacibdir.

Axı bu kriminal-korrupsioner rejim təkcə Əli Kərimliləri, Isa Qəmbərləri özünə hədəf seçməyib.Doğrudanmı bu ölkədə ancaq cəbhəçilərdən, müsavatçılardan rüşvət alırlar?

Doğrudanmı, ancaq bu zümrə keyfiyyətsiz təhsil və səhiyyədən əziyyət çəkir?

Doğrudanmı, ancaq bu insanlara polisdə, məhkəmədə, “JEK”lərdə zülm olunur?

Doğrudanmı, mitinq keçirmək, ölkədəki alçaqlığa, yaramazlığa, ədalətsizliyə, qanunsuzluğa etiraz etmək yalnız bu insanların borcu və vəzifəsidir?Kriminal-korrupsioner rejim bizim hamımıza qul, nökər kimi baxır. Biz Ilham Əliyev rejimində vətəndaş sayılmırıq. Bu rejimin gözündə böcək qədər qiymətimiz ola-olmaya…

Bizim əziyyətimiz, zəhmətimiz mənimsənilir, müftəxorluqla bəslənən rejim bizim elementar haqlarımıza hörmət qoymur.
Bizim əxlaqımıza təcavüz olunur. Azərbaycan insanının mənəviyyatı terror olunur. Xalqa yaltaqlıq, yalançılıq virusu yoluxdurulur.
Biz bu təhqirlərlə barışmadığımızı göstərmək üçün bu gün mitinqdəyik!
Bizə güc verən isə “xarici dəstək” deyil, haqqın bizim yanımızda olmasıdır!
Zülmün sona yetməsini istəyiriksə, fədakarlıq etməliyik!
Əminəm, siz də ölkədəki yalan və talandan təngə gəlmisiniz…
Bəs nə gözləyirsiniz? “Ağ atlı oğlan”ın yalnız nağıllarda olduğuna şübhəniz var?

“Eh, onsuz da düzələn deyil, belə gəlib, belə də gedəcək” kimi parazit fikirləri beyindən qovmağın tam zamanıdır. Dörd bir yanımızda ən müxtəlif xarakterli millətlər bizə tarixi dərs verirlər ki, “belə” gələn çox şeyi başqa cür yola salmaq olur. Məzlumluqla barışdıqca daha çox əziləcəyik, daha çox istismar aləti olacağıq. Aqibətimizi dəyişmək isə heç vaxt olmadığı qədər indi əlimizdədir.

Əziz oxucu, bu sətirləri Sən oxuyanda bəlkə də artıq Bakı küçələri etirazçıların alovlu şüarları ilə canlanmaqdadır. Mübarizəyə qalxan xalqın qarşısında heç nə duruş gətirmək gücündə deyil. Axı bizim qədimdən gələn məsəlimiz var: “El bir olsa, zərbi kərən dağıdar”.

Dünyanın dörd bir yanında AZADLIQ və ƏDALƏT üçün mübarizə aparan insanlardan heç nəyimiz əskik deyil.

Mən dünən zarafatla doslarıma dedim ki, bizim xalqda, hətta düşmənin də dəfn mərasiminə getmək ənənəsi var. 40 ildən artıqdır Azərbaycanın başına olmazın müsibətlərini gətirən rejim indi can üstündədir. 19 iyun aksiyası Əliyevçi hakimiyyət üçün təziyə mərasimidir. Ənənələri pozmayaq. Mərhumun dəfni də yaxındadır…