İmişli sakini evində axtarış aparmış polisləri axtarır

Hadisə yerində əməliyyatçının papağı qalıb

Imişli rayonunun Ağcüyür kənd sakini Məmmədov Zəfər Balay oğlunun başına qəribə hadisə gəlib – iyunun 14-dən 15-nə keçən gecə onu fırıldaqçı polislər qanunsuz olaraq saxlayıb və soyub. Bu barədə vətəndaş redaksiyamıza göndərdiyi məktubda bildirir:
“Ev tikmək üçün daş almaq istəyirdim. Bir tanışım mənə ucuz qiymətə daş təşkil edəcəyinə söz vermişdi. Onun etdiyi zəngdən sonra daş gətirən ”Kamaz”ı qarşılamaq üçün Saatlı rayonunun Hacıqasımlı kəndinə getdim. Həmin yerə çatan kimi 4-ü mülki, 2-i isə polis formasında olmaqla 6 nəfər üstümə töküldü. Maşınımdan guya 100 qram nəşə “tapdılar”. Etiraz edən kimi qəddarlıqla döyməyə başladılar. Üstümü axtardılar. Cibimdən çıxardıqları pulları tələm-tələsik saydılar, 2 min manat olduğunu görüb qoydular ciblərinə, qollarıma qandal vuraraq məni öz “Mersedes”lərində əvvəlcə Saatlı rayonunun Camışlı kəndinə gətirdilər. Yolun kənarında maşını saxlayıb, evdə əlavə pulumun olub-olmadığını soruşdular. Canımı onların əlindən qurtarmaq üçün dedim pul var, gedəyin evdən verim. Amma öz aralarında bir müddət məşvərət edib məni Imişli Şəkər Zavodunun qarşısına gətirdilər. 2 nəfər mənimlə qaldı, 4 nəfər isə (onlardan ikisi polis geyimində olanlar idi) kənddəki evimizə getdi. Təxminən 2 saatdan sonra gedənlər geri qayıtdı və qandalı açaraq məni sərbəst buraxdılar. Evə qayıdanda öyrəndim ki, yaşadığım yerdə axtarış aparılıb, valideynlərimə bildirilib ki, guya üstümdən nəşə tapılıb, bir azdan Bakıya etap olunacam. Axırda “yumşalaraq” 4 min 500 manat almaqla “işi” bağlayacaqlarına söz veriblər. Əməliyyatçılar “hadisə yerindən” o qədər tələsik baş götürüb qaçıblar ki, onlardan birinin “furajka”sı bizdə qalıb. Başının ölçüsü 51-56-dır, içinə “Namiq” yazılıb. Xahiş edirəm bu soyğunçu və fırıldaqçı polisləri tapmaqda mənə kömək edin”.
Qeyd edək ki, elektron poçtumuza gələn məktub vətəndaşın Milli Təhlükəsizlik Nazirliyinin Imişli Rayon Şöbəsinə ünvanladığı şikayətin surətidir.

Informasiya şöbəsi