Medvedevdən Putinə sərt ittiham

«Ümumrusiya Xalq Cəbhəsi»nin təklifləri Rusiyanı 5 il geriyə atır»

Rusiyada prezident seçkilərina az qalmış Kremlin hazırkı rəhbəri Dmitri Medvedevlə baş nazir, keçmiş prezident Vladimir Putin arasında gərginlik daha da artmadadır.
Qərb ölkələri tərəfindən dəstəkləndiyi sezilən və açıqlamalarında demokratik dəyərlərə meylli olduğunu hiss etdirən Medvedev növbəti dəfə Putini hədəf alan bəyanat səsləndirib.
Sankt-Peterburqda təşkil olunan Beynəlxalq Iqtisadi Forumda çıxış edən Dmitri Medvedev ölkənin modernizasiyası ilə bağlı proqramından danışıb. Kreml rəhbəri həmin proqramın Rusiyanın gələcəyi, müasir dünya ilə birgə addımlaması baxımından əhəmiyyətli olduğunu söyləyib. Medvedev ölkənin inkişafı baxımından hökumət və digər icra strukturlarında dəyişikliklərə ehtiyac yarandığını da vurğulayıb.
Ekspertlər Kreml rəhbərinin bu açıqlamasından sonra Medvedev-Putin gərginliyinin artacağını ehtimal edirlər. Onların fikrincə, Medvedevin açıqlamaları Putinin və onun yeni layihəsi olan “Ümumrusiya Xalq Cəbhəsi”nin yaradıcılarının ideyalarına qarşıdır.
“Qazeta.ru” analitik-xəbər saytı yazıb ki, Medvedev ölkənin iqtisadi inkişaf strategiyasıyla bağlı hədəflərini açıqlayarkən Putinin açıq dəstəyilə yaradılan “Ümumrusiya Xalq Cəbhəsi”nin təklif etdiyi ideyaların Rusiyanı 5 il geriyə atdığını söyləyib.

Informasiya şöbəsi