kerimli31

Əli Kərimli ilə görüşdükləri üçün 5 sutka aldılar

Hakimiyyətin AXCP sədrindən ehtiyatlanması ən absurd addıma gətirib çıxardı

 

Nizami rayon polisi iki nəfər Azərbaycan vətəndaşını AXCP sədri Əli Kərimli ilə təsadüfi görüşə görə həbs edib. Bu barədə “Azadlıq” qəzetinə AXCP-dən məlumat verilib.
Məlumata görə, Anar Həsənov və Mübariz Verdiyev AXCP sədri Əli Kərimliyə iyunun 17-də parklardan birində yaxın tanışları, Milli Demokrat (Bozqurd) Partiyasının təşkilat komitəsinin üzvü Rövşən Cəfərovla birlikdə rast gəliblər. Onlar ın istəyi ilə AXCP sədri onlarla bir neçə dəqiqə çay süfrəsi arxasında söhbət edib.
Əli Kərimlini izləyən mülki geyimli təhlükəsizlik əməkdaşları bu mənzərəni qeydə alıblar. AXCP sədri görüş yerini tərk edəndən sonra Anar Həsənov və Mübariz Verdiyev saxlanılıb. Rövşən Cəfərov isə hadisə yerini tərk edə bilib. Lakin həmin gün axşam polis Rövşən Cəfərovun evinə gələrək ailə üzvlərindən onu soruşublar.
Hazırda Rövşən Cəfərov polis təqibindən gizlənməyə məcbur olub.
Anar Həsənov və Mübariz Verdiyev isə iyunun 18-də Nizami rayon məhkəməsinin qərarına əsasən polisə müqavimət ittihamı ilə 5 sutka azadlıqdan məhrum ediliblər.

 

İnformasiya şöbəsi