Tomas Melia hakimiyyətin “ənənəvi” arqumentlərinə yumruğunu stola vurmaqla cavab verib
Azərbaycanda uzun illər davam edən və bu gün də aktual olan söz azadlığının boğulması problemi yeni ştrixlər əldə edib. Iyunun 15-dən 16-a keçən gecə Britaniyadan olan hüquq müdafiəçisi, yerli Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun əməkdaşı Siliya Devis və Amerika jurnalisti Amanda Erikson Bakının mərkəzində kirayədə qaldıqları evin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıblar.
Qızlara hücum edənlər idmançı görkəmli gənclər olub. Onlar köməksiz və bərk qorxmuş qızlara güləş fəndləri tətbiq edib, ayaqla zərbələr endiriblər. Onları zorlamağa və ya qarət etməyə cəhd etməyiblər, sadəcə açıq şəkildə cəzalandırıblar.
Əcnəbilərə, üstəlik hüquq müdafiəçisi və jurnalistlərə qarşı bu cür insidentləri xatırlamaq çətindir. Amma dövlətin bu kateqoriyadan olan şəxslərə qarşı düşmən siyasəti 2010-cu ilin parlament seçkiləri ərəfəsində aşkar şəkildə üzə çıxıb. O vaxt əcnəbilərə, xüsusən hüquq müdafiəçisi və jurnalistlərə qarşı viza rejimi sərtləşdirilmişdi.
Elə bu yaxınlarda – apreldə hakimiyyət üç Isveç jurnalistini Azərbaycandan deportasiya etdi. Bakıda müxalifətin mitinqini işıqlandırmaq istəyən bu jurnalistləri çox kobudluqla qovdular.
Bir qayda olaraq fiziki və mənəvi təzyiqlərə yerli müstəqil və müxalif KIV-in, ictimai təşkilatların təmsilçiləri məruz qalır. Elə bu yaxınalara qədər bir neçə jurnalist həbsdə yatırdı. Onlardan sonuncusu olan Eynulla Fətullayev ötən ay azadlığa çıxdı. Amma o, azadlığa çıxmamış “Azadlıq” qəzetinin iki reportyoru döyüldü, gənc fəallar həbsə atıldı. Bariz nümunələrdən biri Harvard məzunu Bəxtiyar Hacıyevdir.
ABŞ səfirliyinin rəsmi bəyanatında baş verənlərin kriminal versiyası səsləndirlir. Amerika diplomatları xəsisliklə məlumat da yaydılar ki, “döyülənlər polisə müraciət edib, bu barədə suallar polisə ünvanlanmalıdır”.
Bu hadisəyə birbaşa aidiyyəti olan RATI Devis və Eriksona hücumun onların peşə fəaliyyəti ilə əlaqəli olduğunu istisna etmədiyini bəyan edib. RATI həmçinin iyunun 17-də hakim partiyanın qəzeti olan “Yeni Azərbaycan”da Siliya Devisin əməkdaşı olduğu RATI barədə tənqidi yazını da təsadüfi hesab etmir.
Maraqlıdır ki, hakimiyyət xarici vətəndaşların döyülməsinə rəsmən heç bir reaksiya vermədi. Ancaq bununla yanaşı nəzarətində olan KIV-də RATI və demokratik əhval-ruhiyyədə olan jurnalistlərə yönəlmiş yazılar meydana çıxdı. Onları əsasən Qərb institutları ilə əməkdaşlıqda və milli maraqlara xəyanətdə ittiham edirdilər.
Müstəqil ekspertlər jurnalist və hüquq müdafiəçisinin ABŞ dövlət katibinin demokratiya və insan haqları məsələləri üzrə müavini Tomas Melianın Azərbaycana səfəri zamanı döyülməsi faktını da diqqətdən kənarda qoymayıb. O, rəsmi Bakının Azərbaycan-Amerika münasibətlərindəki aktual problemlərin – insan haqları, söz azadlığı və bütövlükdə demokratiya problemlərinin həlli istiqamətində real addımlarını yoxlamaq missiyası ilə gəlmişdi. Bəzi məlumatlara görə, müfəttiş gördükləri və eşitdiklərindən narazı qalıb, bu da Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla sərt söhbətlə nəticələnib. Bəzi məlumatlara görə, hətta T.Melia Ə.Həsənovla görüş zamanı hakimiyyət təmsilçisinin demokratiya ilə bağlı tələblərə “ənənəvi” mövqedən çıxış etməsinə yumruğunu stolun üstünə vurmaqla cavab verib.
Iyunun 16-da azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə Melia eyhamla bildirib ki, Amerika administrasiyasının son iki ildə Azərbaycanın demokratikləşməsi istiqamətində sərt kursu dəyişilməz və daha da prinsipial olaraq qalır.
Bir qədər əvvəl simvolik olaraq Azərbaycanda azad söz qurbanı olan Elmar Hüseynovun məzarını ziyarət edən vaşinqtonlu rəsmi hüquq müdafiəçisi ikitərəfli münasibətlərdə aktuallığını saxlayan bütün məsələləri sadalayıb: söz azadlığı, insan haqları, siyasi məhbus və vicdan məhbuslarının azad edilməsi, seçki və siyasi fəaliyyət azadlığı.
Melia anladıb ki, Azərbaycanın Birləşmiş Ştatlarla münasibətlərinin möhkəmlənməsi birbaşa demokratiya və azadlıq problemlərinin real olaraq aradan qaldırılması, bu sahədə modernləşmə templərindən asılıdır.
Azərbaycanın rəsmi şəxsləri isə “xalaxətrin qalmasın” inandırırlar ki, artıq modernləşməyə başlayıblar və hətta bu mühüm mövzuda məqalələr yazmaq yarışına çıxıblar. Ancaq onların iki xanımın, əsasən də birincinin vəhşicəsinə döyülməsinə sakit reaksiyası məşhur deyimi aktual edir: “Susmaq razılıq əlamətidir”
(contact.az).