Cabbar! Başda bizim “Azadlıq” qəzeti olmaqla, ölkənin hələlik susmamış və susdurulmamış tənqidçi tribunaları, müxalif qələmləri günlərdir Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin doktorluq dissertasiyasının oğurluq olmasını dartışır. Normal ölkədə bu, əlbəttə, dartışılması gərəkən, hesab istənilməsi gərəkən, yeri yerindən oynadacaq bir məsələdir. Amma Azərbaycanda bunu müzakirə mövzusuna çevirmək o qədər komikdir ki, Cabbar, o qədər gülüncdür ki…
Məsələn, bu ölkənin Konstitusiyasından “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” maddəsini oğurlayıb Milli Məclisin divarlarına Heydər Əliyevin aforizmi kimi həkk etdilər, Fərhad Abdullayevin tükü tərpənmədi.
Məsələn, bu ölkənin Konstitusiyasından “Hər bir vətəndaşın seçmək və seçilmək hüququ vardır” maddəsini oğurladılar, əvəzində də hakimiyyətin çala-oynaya atadan oğula ötürülməsi ənənəsi yaratdılar, Fərhad Abdullayevin qılı qıpırdamadı.
Məsələn, bu ölkənin Konstitusiyasından demokratiyanın, respublikaçılığın təməl prinsipi olan prezidentliyə məhdudiyyəti oğurladılar, yerinə “ömürlük prezidentliyi” qoydular, Fərhad Abdullayevin ruhu incimədi.
Bütün bunlardan sonra maraq bürüyür adamı: Konstitusiyası gözünün qabağında maddə-maddə oğurlanan, amma “mıkk” səsi çıxara bilməyən bir Konstitusiya Məhkəməsi sədri durub hansısa elmi işi oğurlayıbsa, bunda təəccüblənəcək, faciə düzəldiləcək nə var axı? Adamın Konstitusiyasını oğurlayıblar, millətin yumşaq yerinə deyil, indi o özü gedib dissertasiya oğurlasa nə olacaq, dünyamı dağılacaq?
***
Cabbar! Bu həftə bir də yaptokratların “Qurtuluş günü” vardı, bilirsən. Bir yaltaq, elmsiz professorun həmin qondarma bayramla bağlı yazısını oxudum, əlbəttə, mənə maraqlı olduğu üçün yox, insan yalanının, həyasızlığının haracan olduğunu bilmək istədiyim üçün. Adam yazırdı: “Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli liderimiz demişdi: ”Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün əminliklə demək olar ki, onun siyasi kursunun layiqli davamçısı Ilham Əliyevin uğurlu siyasəti nəticəsində artıq Azərbaycan dünyaya günəş kimi doğmuşdur!”.
Bunlar Azərbaycanın artıq dünyaya günəş kimi doğduğunu bəyan etdikləri həmin gün mən portalların xəbər lentlərinə göz atdım, dünyaya günəş kimi necə doğduq deyə. Nələr gördüm, Cabbar, bir bilsən:
– Braziliyada sel 500 nəfərin həyatına son qoydu…
– Almaniya yeni daşqın təhlükəsi qarşısındadır…
– Çində daşqın zamanı 168 nəfər öldü və itkin düşdü…
– Fransanın cənubu sel və daşqına təslim oldu: ən azı 20 ölü…
– Şimali Osetiyada güclü qasırğa: Ardon rayonunda fövqəladə vəziyyət elan olundu…
Bir sözlə, Cabbar, bəşəriyyət taleyinə minnətdar olmalıdır ki, Azərbaycan bütün dünyaya günəş kimi doğmuşdur, indi gör şimşək kimi çaxsa, bulud kimi dolsa, ildırım kimi düşsə nə baş verərdi?
***
Cabbar! Bilmirəm bilirsənmi, bu günə mitinq var. Saat 17-də, “Nərimanov” kinoteatrının qarşısında. Əminəm ki, indi sən dəmir barmaqlıqlar arxasında olmasaydın, mütləq bu gün orda olardın.
Amma üzülməyə dəyməz, Cabbar, üzülməyə dəyməz! Bütün varlığımla inanıram ki, bu gün özün olmasan belə, sənin azadlıqla döyünən ürəyin, yenilməz, barışmaz, mübariz ruhun, milllətə və vətənə sonsuz eşqin hamımızdan əvvəl Nərimanov kinoteatrının qarşısında olacaq.
Bu gün həm də sənin minlərlə yaşıdının əlində fürsət var ki, onlar da özlərini sübut etsinlər. Sübut etsinlər ki, yalnız özləri deyil, ürəkləri, beyinləri, duyğuları da azadlıqdadır. Onların səni bu gün tək qoymayacaqlarına çox, amma çox inanmaq istəyirəm.
Gözlərindən öpürəm, Cabbar! Sənə və səninlə eyni kammeranın qaranlığını, eyni kameranın soyuqluğunu, eyni kameranın hüznünü bölüşən hər kəsə bir daha çoxlu salamlar…