“Siyasətdə nə var, nə yox?” Dostların və tanışların ən sevimli sualıdır. Bir az duruxuram bu sualı eşidəndə, amma sonra özümü bir təhər toparlayaraq “Ümidli günlərin sorağındayıq” deyirəm.
Bəli, ümidli günlər! Tək mən yox, çox adam həmin günləri gözləyir. O günü bircə aksiya da yaxınlaşdırar. Bilirsiniz, məşhur bir deyim var. Deyirlər ki, hakimiyyət adamı korlayır, zira mütləq hakimiyyət adamı lap mütləq mənada korlayır!
1993-cü ildən bu vaxta qədər bu hakimiyyət özü üzərində hər hansı bir nəzarət hiss etməyib, hiss olunacaq müqavimətlə qarşılaşmayıb. Mənim son sözlərim bir az çaşqınlıq yaratmasın. Mən “müqavimət” deyəndə etirazları nəzərdə tutmuram, etiraz çox olub, həddindən çox! Amma bu daha çox dissidentlərin etirazı olub. Hə, dissident etirazı çox olub bu ölkədə!
Dissident kimdir? Öz ölkəsinin rəsmi siyasi ideologiyası və dəyərləri ilə ixtilafda olan, onları qəbul etməyən və bir də öz əqidəsi uğurunda qeyri-zorakı üsullarla mübarizə aparan şəxs! Bir vaxtlar onlar əsasən ziyalılar sırasından çıxırdı. Məsələn, A.Saxarov hansı üsullarla mübarizə aparırdı? O çıxış edir, etiraz edir, bəzən də aclıq aksiyası keçirirdi! Indi bizim mübarizəmiz də dissident mübarizəsidir. Barada mənfi heç nə yoxdur, elə belə də olmalıdır. Çünki biz dinc insanlarıq və mübarizə aparanda ancaq dinc üsullardan istifadə edirik.
Həm də biz mədəni insanıq! Amma təəssüf ki, ölkədəki siyasi rejim mədəni insanlar üçün deyil, burada mədəni olmaq acizlik, zəiflik, qorxaqlıq, təklik kimi başa düşülür. Siyasətdə mədəniyyət olanda hər şey başqa cür olur. Mədəni ölkələrdə deyirlər ki, bir nəfər də etiraz edirsə, o, artıq çoxluqdur! Mən ümumiyyətlə, yeri gəldi və ya gəlmədi, çoxluğa apelyasiya etməyin tərəfdarı deyiləm. Məhz ona görə də C.Russonun totalitar demokratiyasını qəbul etmirəm. Insan etiraz edir! Indi nə olsun ki, “böyük əksəriyyət” istirahət edir! Qoy, həmin “böyük çoxluq” da görsün ki, bu adam nəyə etiraz edir, nədən etiraz edir! Bəlkə çoxluq da onu başa düşəcək?! Mən əminəm ki, insanların böyük əksəriyyəti məhz belə düşünür. ABŞ-da Ağ Evin qarşısında etiraz edən insanları görmüşəm.Vur-tut, bir neçə nəfər! Bəs niyə onlara icazə verirdilər? Axı elə onlara da deyə bilərdilər ki, burada aksiya keçirmək olmaz, mühüm dövlət tədbirləri keçirilir, xarici qonaqlar var! Amma demirdilər! Bizdəsə “böyük əksəriyyətin istirahətini pozmaq olmaz”! “Insanların istirahətini siyasiləşdirmək olmaz”! Halbuki, özləri insan həyatının elə bir sferası qalmayıb ki, ora öz ideoloji və siyasi tezisləri ilə müdaxilə etməsinlər!
Küçədə xarici jurnalist döyülürsə...
Bəli, çox qəribədir. Özü də belə hadisə böyük mahnı festivalı ərəfəsində baş verir. Məni ən çox narahat edən budur. Festival vaxtı bura minlərlə jurnalist gələcək. Onlar hamısı işləyəcək, yazacaq, danışdıracaq, çəkəcək. Bəli, necə deyərlər, peşə borclarını yerinə yetirməyə çalışacaqlar. Burada bizim əvvəl dediyim, mədəniyyətimiz özünü biruzə verəcək. Biz buna hazırıqmı? Təbii ki, biz deyəndə mən məmurları, polisləri və bir də ki, qoçuları nəzərdə tuturam! Sonuncular haqda bəlkə də ayrıca danışmaq lazımdır, amma çox təəssüf ki, bilgim azdır. Amma onlar bir acı reallıqdır – onlar var və onlardan mitinqçi insanlara, jurnalistlərə, bəzən də adi vətəndaşlara qarşı istifadə edirlər. Hər halda, gərək, elə olsun ki, biabır olmayaq.
Indidən bir məsələni açıq etiraf etmək lazımdır: bizim jurnalistlərə sərbəst çəkiliş aparmağa, insanları sakit və rahat danışdırmağa elə də imkan vermirlər. Xarici jurnalistlərə bu hüquq veriləcəkmi? Bu, “böyük əksəriyyət”in istirahət hüququnu pozmayacaq ki?
!Kiçik sözardı
Mən bu sətirləri elə yazının əvvəlki hissəsinin ardınca da yaza bilərdim. Lakin istədim ki, bunu ayrıca qeyd edim. Bizdə küçədə jurnalistlərə çox basqı olub – döyülən də olub, söyülən də, oğurlanan da, hətta öldürülən də! Artıq belə hadisələr yenilik kimi görünmür. Amma gəlin M.Cəlil demişkən, motal papaqlarımızı qabağımıza qoyub yaxşıca fikirləşək. Axı, çöldə 21-ci əsrdir!



