Azərbaycan Musiqili Komediya Teatrının qurucusu
Təsadüfi deyil ki, 1938-1960-cı illəri milli teatrımızın qızıl dövrü adlandırırlar. Məhz o illərdə Adil Isgəndərovun quruluş verdiyi hər bir tamaşa əsl sənət nümunəsi kimi teatr tariximizin şanlı səhifələrini yazıb…
Bəli, o, Azərbaycan teatrını inkişaf etdirərək məbəd səviyyəsinə qaldıran rejissorlardan biri olub. Onun Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalar milli teatrımızda yeni səhifə açıb və bütövlükdə Azərbaycan teatrının inkişafına güclü təkan verib.
A.Isgəndərov 1910-cu il bahar günlərinin birində – mayın 5-də Gəncədə dünyaya göz açmışdı. Ruhunda, qəlbində də bir bahar ovqatı var idi. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş əhval bəxş etməyi sevərdi. Sənət adamları ona “Ədil müəllim” deyə müraciət edirdilər. Onunla təmas qurmaq o qədər də asan deyildi. Ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. “Köhnə kişilər”in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı.
Adil müəllim Teatr Texnikumunu bitirmişdi, sonra isə A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti Institutunda təhsil almışdı. Üstəlik, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi. Buna baxmayaraq, bütün yaradıcı ruhuna milli klassik teatr ənənələri hakim idi.
1936-cı ildə Akademik Dövlət Teatrına qədəm qoyan Adil Isgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi. O, 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını “Adil Isgəndərov teatrı” adlandırırdılar. Rejissor debütü olan “Polad qartal” (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsl heyrət doğurmuşdu. Aydın hiss olunurdu ki, teatra əsl sənətkar gəlib. Ona görə də bir-birinin ardınca Adil Isgəndərov “Platon Kreçet”, “Həyat”, “Vaqif” tamaşalarına quruluş verdi. “Vaqif” milli teatr tariximizdə ən uğurlu tamaşalardan idi. Bu tamaşa bizim teatr tarixində əlamətdar hadisəyə çevrildi. Tamaşa Bakının mədəni mühitində yeni bir oyanış yaratmışdı. O dövrü xatırlayanlar deyirlər ki, bu tamaşaya düşmək əslində qəhrəmanlıq idi. Teatr aylarla anşlaq tamaşalar göstərirdi. Bəlkə də, bu möhtəşəm sənət ocağı öz tarixində bu qədər qələbəlik görməmişdi.
Teatrda yeni nəfəs
Beləcə, Adil Isgəndərovun sənətə gəlişi ilə ölkəmizin teatr həyatında yeni coşqun bir mühit formalaşmağa başladı. Bu, ənənəvi teatr deyildi. Hər şeydə yenilik var idi. Dekorasiyalar da, aktyor oyunu da, ümumi kompozisiya quruluşu da klassik ənənələrin yeni formada təqdimatı kimi çox maraqlı bir mənzərə yaratmışdı.
Onun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənirdi. “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “1905-ci ildə”, “Dumanlı Təbriz”, “Şərqin səhəri”, “Otello”, “Türkiyədə” və s. əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirirdi.
Adil müəlliminin tamaşaları həmişə teatrsevərlərin ürəyincə olardı. Adil Isgəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti idi. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirdi. Aktyorların yaradıcılıq potensialına çox yaxşı bələd idi.Bu böyük sənətkar həm də güclü təşkilatçı idi. Insanlarla dil tapmağı bacarırdı. Teatrda direktor işlədiyi illərdə tamaşaların keyfiyyəti yüksəldi, repertuarı zənginləşdi. O dövrün aktyorları xatırlayırdılar ki, Adil Isgəndərovun direktor olduğu illərdə Akademik Dram Teatrı saat mexanizmi kimi işləyirdi. Və yəqin ki, onun bu qabiliyyətini nəzərə alıb C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına direktor (1966-1974) təyin etdilər.
1966-cı ilə qədər Adil müəllim kinoda aktyor kimi işləmişdi. Ilk dəfə Hüseyn Seyidzadə Adil Isgəndərova “O olmasın, bu olsun” filmində qoçu rolunu vermişdi. Əslində, bu çox kiçik, epizodik bir roldur və filmdə biz onu bir dəfə görürük. Bazar səhnəsində onun görünməsilə filmə xüsusi bir ovqat gəlir. Onun aktyor ifaçılığında bir bütövlük var. Oynadığı rollar həmişə öz koloriti ilə diqqəti çəkir.
1958-ci ildə “Uzaq sahillərdə” (Rej. Tofiq Tağızadə) filmində sahibkar Rosselininin rolunu necə böyük istedadla yaradıb. Bu obraz da o qədər böyük deyil, ancaq nədənsə tamaşaçı bu epizodu həmişə səbrsizliklə gözləyir. “Qara daşlar”, “Məhəbbət dastanı” filmlərində də onun ifa etdiyi qəhrəmanlar öz milli koloriti ilə tamaşaçı diqqətindən yayınmır. Kinostudiyaya rəhbər təyin edildiyi ilk ildə Ə.Ibrahimovun “26 Bakı komissarı” filmində çəkildi.Kinoda ən mükəmməl obrazlar
Ancaq kinoda aktyor kimi onun ən uğurlu işi “Axırıncı aşırım” filmində yaratdığı Kərbəlayi Ismayıl idi. Bu obraz mürəkkəb tarixi dövrün qəhrəmanı idi.Adil Isgəndərov bu roluna görə Ümumittifaq festivalının “kişi rolunun ən yaxşı ifasına görə” nominasiyasının qalibi olmuşdu. Bu aktyorun yaratdığı obrazlar içərisində “Qanun naminə” filmindəki Kamilov xüsusi qeyd edilməlidir. Kamilov rayonda Icraiyyə Komitəsinin sədridir. Əslində, mənfi tipdir. Adil Isgəndərov bu rolu o qədər təbii, o qədər səmimi ifa edir ki, tamaşaçı onun istedadına valeh olur. “Arxadan vurulan zərbə” filmindəki prokuror Dadaşlı rolu bu aktyorun böyük istedad sahibi olduğunu bir daha təsdiqlədi. Bu, onun kinoda son aktyor işi idi.
Adil Isgəndərovun kino aktyorluğunda çox aydın sezilən bir səmimiyyət var. Onu tamaşaçıya sevdirən də elə istedadla səmimiyyətin vəhdətidir.Sənətkarın portretində bir mühüm ştrix də unudulmamalıdır. Bu da onun kinorejissor kimi fəaliyyətidir. “Əhməd haradadır?” bu böyük sənətkarın quruluş verdiyi yeganə filmdir. Bu filmdə isə o, rejissor kimi səmimidir. Tamaşaçı onun səmimiyyətini hər kadrda duyur. O istəyirdi ki, azərbaycanlılar öz obrazlarını kinoda da olduğu kimi görsünlər. O, təbiətcə kosmopolitlikdən çox-çox uzaq idi. Film boyu tamaşaçını xoş bir ovqat müşayiət edir. Onun qəhrəmanları əsl azərbaycanlılardır. Hadisələr çox məzəli bir süjet üzərində qurulmuşdur və tamaşaçı film boyu bu insanların taleyini maraqla izləyir. Adil müəllim burada da çox maraqlı aktyor ansamblı seçə bilib. Azərbaycan aktyorluq sənətinin Mustafa Mərdanov, Nəcibə Məlikova, Lütfəli Abdullayev, Məmmədrza Şeyxzamanov, Bəşir Səfəroğlu kimi korifeyləri filmdə maraqlı rollarda çəkilmiş və ona xüsusi uğur gətirmişlər.
Adil Isgəndərovun yaradıcı irsi doğrudan da əsl məktəbdir. Və bu məktəbin yetirmələri hələ neçə-neçə illər kinomuzu, teatrımızı yaşatmaq qüdrətinə malikdirlər.
68 illik ömrünün 42 ilini sənətə həsr etmiş bu qüdrətli sənətkar Azərbaycanın ən dəyərli şəxsiyyətlərindəndir.
Böyük yaddaş, böyük zövq, böyük sevgi sahibi Adil Isgəndərov XX əsr Azərbaycan teatrının zirvəsində qərar tutub. Bu zirvədən milli teatrımızın ümumi mənzərəsi aydın və işıqlı görünür.
Adil Isgəndərov 1978-ci ildə dünyasını dəyişib.
Adil Isgəndərov zəmanəsinin ən yüksək mükafatlarını alıb, onlarla orden və medala layiq görülüb. Lakin Adil Isgəndərovun ən böyük mükafatı ümumxalq sevgisi, özünün yaratdığı üslub, teatr məktəbidir. Onun üslubu və ənənələrindən öyrənmək, bəhrələnmək hər zaman zəruridir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir