“Viza rejiminin ləğvi oliqarxlara təhlükədir”

Elxan Şahinoğlu: «Yaxın müddətdə problem həll olunmasa, Türkiyə ilə münasibətlərdə yenə gərginlik yaşanacaq»

Azərbaycan növbə ilə dünya ölkələri ilə viza rejimini ləğv edir. Son olaraq ölkəmizlə Albaniya arasında viza rejiminin ləğvinə dair saziş imzalanıb. Amma hələ də qardaş ölkə dediyimiz Türkiyəyə növbə gəlib çatmayıb. Baxmayaraq ki, baş nazir Rəcəb Tayyib Ərdoğandan tutmuş, ticarət naziri Zəfər Çağlayana qədər Türkiyənin az qala, bütün yetkililəri Azərbaycan hökumətinə açıq narazılıq bildiriblər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, Türkiyə uzun müddətdir Azərbaycandan bu addımı atmasını istəyir: “Azərbaycan hökuməti Türkiyə ilə viza ejimini ləğv etməmək üçün müxtəlif bəhanələr gətirir. Belə bəhanələrdən biri təhlükəsizliklə bağlıdır. Deyirlər, Türkiyə ilə vizanı aradan qaldırsaq, Iran da eyni tələblə çıxış edəcək. Bu da Azərbaycanın təhlükəsizliyi baxımından problemdir. Halbuki bu heç də belə deyil”.
Ekspert hesab edir ki, əslində hökumət Türkiyənin Azərbaycana mümkün təsirlərindən çəkinir: “Bilirlər ki, viza rejimi ləğv olunsa, siyasi baxımdan Türkiyənin Azərbaycana təsirləri artacaq. Bundan başqa Türkiyə kapitalı Azərbaycana axın edəcək. Bu da azərbaycanlı oliqarxlar üçün böyük təhlükədir. Türkiyənin malları həm keyfiyyətli, həm də ucuzdur. Hakimiyyət bütün bu amilləri görür və çəkinir. Buna görə viza məsələsini uzadırlar”.
E.Şahinoğlu deyir ki, Azərbaycan tərəfi problemin həllini uzatmaqla Türkiyə ilə münasibətləri gərginləşdirir: “Ərdoğanın Azərbaycana nəzərdə tutulan səfəri təxirə salındı. Bu o deməkdir ki, viza rejimi aradan qalxmayınca Ərdoğan Azərbaycana səfər etməyi lazım bilmir. Belə söhbət var idi ki, seçkidən sonra Ərdoğan ilk səfərini Azərbaycana edəcək. Amma artıq xəbərlər yayılır ki, baş nazirin ilk səfəri Misirə olacaq. Bunun özü Azərbaycan hakimiyyətinə bir işarədir ki, viza rejimi ləğv olunmayana qədər münasibətlərdə gərginlik özünü göstərəcək. Türkiyənin naziri Zəfər Çağlayan son aylarda iki dəfə kəskin açıqlama ilə çıxış etdi ki, siz viza problemini yubatmaqla Azərbaycan-Türkiyə strateji əməkdaşlığına xələl gətirirsiniz.
Necə olur ki, digər ölkələrlə problemi həll edirlər, amma hərbi-strateji müttəfiq olan Türkiyə ilə məsələnin həlli uzanır? Hesab edirəm ki, yaxın müddətdə bu məsələ həll olunmasa, Türkiyə ilə münasibətlərdə yenə gərginlik yaşanacaq”.

Gültəkin