Uşaqlar sabun köpükləndirməyi sevirlər, bu çox maraqlı şeydir. Xüsusən də nəzərə alanda ki, köpüklər günəş işığında bərq vurur… Amma onlar tez bir zamanda da partlayır və yox olurlar.
Mənə elə gəlir ki, Azərbaycanla ABŞ arasındakı “strateji tərəfdaşlıq” da elə sabun köpüyü kimi oldu. Mən heç vaxt diplomatların etiket xatirinə söylədikləri pafoslu bəyanatlara və reallığı əks etdirməyən siyasi qiymətləndirmələrə inanmamışam. Reallığa bir nəzər salsaq, çox məyus olarıq.“Strateci tərəfdaşlıq” ölkəyə bir yanacaqdoldurma məntəqəsi kimi baxmağı nəzərdə tutursa, bəli, belə “tərəfdaşlıq” olub, lakin bundan o tərəfə keçməyib. Elə son aylarda ABŞ-la birgə keçirilməsi nəzərdə tutulan təlimlər təxirə salınıb, təhlükəsizliklə bağlı mütəmadi olaraq aparılan məsləhətləşmələr keçirilməyib və Azərbaycan “neytral dövlətlərin bloku”na qoşulub!
Azərbaycan demokrtaik dövlət deyil və neft gəlirləri artdıqca, ölkə neft pulları ilə zənginləşdikcə Ilham Əliyev nəinki başqa dövlətlərin, hətta ABŞ-ın insan haqları və demokratiya ilə bağlı tövsiyələrinə də getdikcə artan narazılıq və dözümsüzlüklə yanaşır. Beynəlxalq siyasətdə ABŞ və NATO ölkələrinin yürütdüyü siyasətin ziddinə olaraq Irana qarşı tətbiq edilən sanksiyalara və qərarlara səs vermir, Liviya və Suriya tək rejimlərə qarşı qərarlara qoşulmur, hətta Balkanlarda da fərqli siyasət yürüdür! Bundan sonra hansısa bir birlik haqda, “strateji tərəfdaşlıq” haqda danışmaq olarmı?
Mən ümid edirəm ki, iki gün Bakıda səfərdə olan T.Melian dövlət rəsmilərilə bu haqda danışmağa macal tapdı. Hərçənd, o, təhlükəsizlik məsələlərinə deyil, bilavasitə insan haqları və demokratiya məsələlərinə məsuldur. Amma sonda mən yenə də gülmək istəyirəm. Bu hakimiyyət hara qaçırsa, azadlıq, demokratiya, insan haqları məsələləri onu təqib edir, sanki platforma ayaqları altından qaçır və bunlar getdikcə özlərini daha inamsız hiss edirlər. Hüsnü Mübarəkin başçılıq etdiyi “neytral dövlətlər bloku”na qoşuldular. Amma hanı Hüsnü Mübarək?! Bəli, yoxdur!!!
Robert Qeyts niyə əsəbiləşib?
R.Qeyts də istefa verdi və əsəbi bir nitq söylədi. Keçmiş müdafiə naziri o ki var, NATO-nu tənqid edib. Mən bu detala niyə diqqət yönəltdim? Bir fikirlə çox razıyam – NATO tək bir hərbi alyans düz iki aydır ki, hansısa bir bədəvi Liviya rejimilə müharibə aparır və onun axırına çıxa bilmir! Həqiqətən də bu biabırçılıqdır!
Hə, NATO Yaxın Şərqdə Balkanlarda olduğu tək özünü təsdiq edə bilmədi. Səbəb? NATO-nun 28 üzvündən bir çoxu bu alyansa ancaq və ancaq öz təhlükəsizliyini düşünərək qoşulub, özlərinin insani və maliyyə resursları ilə alyansa dəstək vermirlər. Bütün yükü demək olar ki, ABŞ çəkir və istisna deyil ki, o da bir gün bu yükdən imtina etsin və özünə daha fədakar müttəfiqlər axtrmağa başlasın. Təbii ki, sonuncu bir az fantastikaya bənzəyir. Amma Qeyts hətta belə hədədən də çəkinməyib. Bunun ancaq və ancaq bir adı var: bizə elə gəlir ki, varlıların və güclülərin problemi yoxdur, amma onlar da ağlayırlar. Xüsusən də nəzərə alanda ki, ABŞ indicə iki yerdə müharibə aparır, üçüncü müharibəni də istisna etmir. Borcları da artıq 19 trilyonu keçib. Lap bir mahnıda deyildiyi kimi: ağlamasın, neyləsin?!
ABŞ diplomatları səhvlərini düzəltdilər
Hə, T.Melian müxalifət nümayəndələri ilə də görüşdü. Əgər xatırlayırsınızsa, Hillari Klinton Bakıya sonuncu səfəri zamanı müxalifətlə yox, gənclərlə görüşdü.T.Melian onun səhvini düzəltməyə çalışdı. Açığını desək, Azərbaycan ABŞ-ı eşitmir və sonuncunun belə siyasətə korrektələr etmək üçün heç bir siyasi “rıçağı” yoxdur. Burada məsələ təkcə demokratiya məsələsi deyil. O da gündəlikdə var, amma ölkədə həqiqətən də qərbçi olan bir müxalifətin mövcudluğunu təkcə azərbaycanlıların deyil, elə ABŞ-ın maraqları da tələb edir. Müstəqil gənclərlə bağlı ümidlər özünü o qədər də doğrultmadı. Məhz bu səbəbdən ABŞ yenidən üzünü özünü 2 aprel mitinqindən sonra bir daha təsdiq etmiş müxalifətə tərəf tutmağa məhkumdur. Müxalifətsə bilməlidir ki, hamı güclə və yalnız güclə hesablaşır…