Baş nazirin ilk səfəri Azərbaycana yox, Misirə olacaq
Elxan Şahinoğlu: “Ərdoğanın səfər ənənəsinə dəyişiklik etməsi Azərbaycana mesajdır”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana edəcəyinə söz vermişdi. Lakin məlum olub ki, baş nazirin ilk səfəri Misirə olacaq. Misirdən dərhal sonra isə o, Azərbaycan və Şimali Kiprə gedəcək. Bununla da bu vaxta qədər Türkiyədə olan ənənə pozulacaq.
Belə ki, qardaş ölkədə prezident və baş nazir ilk səfərlərini Azərbaycana edirdi. Hətta xarici işlər nazirləri də bu ənənəyə sadiq idi. Bu dəfə Ərdoğanın birinci səfərini Azərbaycana etməməsinin səbəblərini ilk növbədə Bakıda axtarmaq lazımdır. Çünki iki ölkə arasında həllini tapmayan bəzi məsələlər var. Problemlərin yaranmasının səbəbkarı isə Azərbaycan tərəfidir. Bunlardan biri uzun müddətdir həllini tapmayan viza məsələsidir. Digər tərəfdən, Azərbaycanın “Nabucco” layihəsi ilə bağlı qəti qərar verməməsi müəyyən anlaşılmazlıqlar yaradır. Qeyd edək ki, rəsmi Bakı bu məsələ ilə bağlı son qərarını vermək üçün oktyabra qədər vaxt istəyib.
Məlum məsələdir ki, Türkiyə baş naziri ortadakı problemləri aradan qaldırmaq üçün Bakıya gəlmək niyyətindədir. Əgər bu məsələlərlə bağlı rəsmi Bakının qəti qərarı yoxdursa, onun səfər xatirinə səfər etməsini gözləməyə dəyməz.
Bəs Ərdoğanın bu jesti necə qarşılanır və rəsmi Bakı qardaş ölkə ilə yenidən problemlərin yaranmaması üçün hansı addımlar atmalıdır?“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, bir neçə məsələ var ki, onun həllinin açarı Azərbaycandadır: “Ötən ilin sentyabr ayında Istanbulda Strateji Tərəfdaşlıq Şurası yaradıldı. Ərdoğanla Əliyev bu anlaşmanı imzalayanda qərara gəlmişdilər ki, yaxın iki-üç ayda şuranın alt komitələri fəaliyyət göstərsin. Siyasi, hərbi, iqtisadi sahələrdə əməkdaşlıq artsın. Ancaq bu istiqamətdə hələ heç bir irəliləyiş yoxdur”.
Ekspert həllini tapmayan digər problem kimi viza məsələsini göstərdi. Belə ki, Azərbaycan müxtəlif bəhanələr gətirərək Türkiyə ilə vizanı ləğv etməkdən yayınır.
E.Şahinoğlu Ərdoğanın Azərbaycana yalnız turistik səfər etmək niyyətində olmadığını, bu məsələlərin həllinə nail olmaq istədiyini də vurğuladı. Lakin bu iki önəmli məsələ həllini tapmayınca, səfərin əhəmiyyəti olmur.
Ekspertin fikrincə, Ərdoğanın səfər ənənəsinə dəyişiklik etməsi Azərbaycana mesajdır. Əgər rəsmi Bakı Türkiyəyə qarşı münasibətini dəyişməsə, strateji münasibətlərdə yenidən problemlər yaşana bilər.
Fizzə