Padşah və elm

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Şahbaz Muradovun AMEA prezidenti, akademik Mahmud Kərimova açıq məktubu “Azadlıq” qəzetində dərc olunub.

Doğrusu, son 18 ildə bir elm xadiminin belə reallıqları ictimaiyyətlə paylaşmasının şahidi olmamışdım və zənn edirdim ki, professor Şahbaz Muradov bir ilkə imza atacaq. 
Yarım əsr Akademiyada çalışan və bu sistemdə cərəyan edən anormallıqları çox gözəl bilən Şahbaz müəllimin açıq məktubuna qoy, öncə elm adamlarımız münasibət bildirsin. Güman ki, bu günədək narazılığını pıçıltı ilə, qorxa-qorxa ətrafına anladan bir alim özündə CƏSARƏT taparaq, Azərbaycanın elm müəssisələrində nələrin baş verdiyini çılpaqlığı ilə xalqa çatdıracaq.
Son 5 əsrdə müsəlman dünyasında elmin geriləməkdə davam etməsinin səbəbləri barədə düşüncələrimi bölüşmək fikrindəyəm.Vaxt var idi ki, elmin bütün sahələrində – riyaziyyatdan astronomiyayadək, kimyadan həndəsəyədək – liderlik müsəlman dünyasında idi.Vaxt var idi ki, müsəlman alimlər elmi icadları ilə dünyanı heyrətə gətirirdilər.
Vaxt var idi ki, müsəlman ölkələrindəki universitetlər elmin beşiyi hesab olunurdu.
Bütün bunlar orta əsrlərdə qaldı.
Və 500 ildir ki, dünya çapında elmi ixtiraların müəllifləri sırasında müsəlman alimlərin adlarına nadir hallarda rast gəlinir.Səbəbləri çoxdur.
Tək birindən söhbət edək.
Qardaş Türkiyə Cümhuriyyəti istisna olmaqla, cümlə müsəlman dünyasında demokratik seçki keçirilmir, hakimiyyətlər zor gücünə dəyişir. Bu dəyişmə də qanla müşayiət olunur.
Və ölkəyə rəhbərlik edən şəxs özünü padşah sayır.
Padşahların da nəyinə gərəkdir elm.
Onlara ordu və polis lazımdır ki, taxt-tacı qoruya bilsinlər.
Qoruya bilsinlər ki, milyarderə çevrilsinlər.
Bir detala diqqət edin.
Cümlə müsəlman padşahlarının iş otağında televizor, kompüter, printer, skaner, surətçıxaran, faks, telefon, peyk rabitə sistemi və digər elektron avadanlıqlar var.
Padşahları hamısının şəxsi-xidməti təyyarəsi, helikopteri, cürbəcür minik avtomobili, cibində tapançası var.Və o elektron avadanlıqların, minik avtomobillərinin, təyyarələrin hamısı müsəlman alimləri tərəfindən icad olunmayıb.Bunu padşahların özləri bilmirmi? Çox yaxşı bilirlər.
Bilirlərsə, sual doğacaq ki, o zaman nədən elmin inkişafına əncam çəkilmir?
Padşah elmin inkişafında maraqlı olsa, rəiyyətin savadlı olmasını istəsə, dövləti idarə edə bilməyəcək.
Savadlı əhalini qul kimi, kölə kimi idarə etmək mümkün deyil, biri üzünə qayıdacaq, digəri haqqını tələb edəcək, INSAN olduğunu dilə gətirəcək və nəticədə padşah padşahlığını edə bilməyəcək.
Padşah da ki, ölkənin sərvətlərini hərraca çıxarıb adını milyarderlərin sırasına yazdırmadı, 5-6 min ilin “qara gün”ünə ağlamağı bacarmadı, dünyanın həsəd aparacağı, qibtə edəcəyi həyat yaşamadı, ta bunun harası padşahlıq oldu.
Padşahların ağıllarını itiriblər ki, alimi, ziyalını adam kimi yaşatsın və onlar da günün birində kəllə atsınlar ona…Onlara alimi ac saxlamaq sərf edir. Adam ac olanda dizləri tez əyilir axı.
Padşahın nəyinə gərəkdir tələbələrə elm öyrədən universitet…
Bunların hamısı Qərbdə var və padşahlar da öz uşaqlarını o universitetlərdə oxudurlar. Gələcək varislərin rəiyyət balalarının təhsil aldığı universitetlərdə nə işi var?
Yekunlaşdıraq.
Müsəlman dünyasında nə qədər ki, xalqın istəyinə uyğun iqtidar formalaşmır, xalq sərvətlərin və dövlətin padşahın yox, özünün olduğunu dərk etmir, elmdən, elmi nailiyyətlərdən, elmi ixtiralardan danışmaq sadəcə, sadəlövhlükdür.

Bu gedişlə aftafanın, dabandaşının, kisənin, təsbehin, kürəkqaşıyanın yeni modellərini dövriyyəyə buraxmaqla kifayətlənəcəyik.Və nə qədər ki, dövlətin başında padşah dayanır, elmin kürəyi yerdə olacaq.

Vəssalam.