Nemət Pənahlının qardaşından şok ittihamlar

“Onun həbsini İlham Əliyev sifariş verib”

Səməd Pənahlı: «Qardaşımın öldürüləcəyini gözləyirdik»

 

“Nemət Pənahlının həbsini birbaşa Ilham Əliyev sifariş verib. Biz də sona qədər mübarizə aparıb onun günahsız olduğunu sübut edəcəyik”.
Bunu, “Azadlıq” qəzetinə xalq hərəkatının liderlərindən olan, bir neçə gün əvvəl Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən Nemət Pənahlının qardaşı Səməd Pənahlı deyib. Onun sözlərinə görə, məhkəmənin qərarı onları da, vəkilləri də şoka salıb: “Nemət bəyin də, Ceyhun bəyin də təcrübəli, peşəkar vəkilləri var. Onlar deyirlər, biz hələ vəkil işlədiyimiz müddətdə bu dərəcədə saxta, qurama işə rast gəlməmişik. Hüquqdan başı çıxmayan adamın qabağına belə, bu işi qoysan, o müstəntiqi, prokuroru və hakimi nəinki tənqid, hətta təhqir edər. Nemət bəy çıxışında dedi ki, hakimiyyət ona qarşı belə oyunları çox qurduğu üçün psixologiyasına bələddir. Bilirlər ki, onu, ailəsini təhqir eləyənin qarşısından ölüm olsa belə, qaçmaz. Dəfələrlə belə ediblər, cavablarını da alıblar”.
S.Pənahlının sözlərinə görə, qardaşı sadəcə ona təəssüf edir ki, zərərçəkən kimi təqdim edilən adama barmağı belə, dəyməyib: “Deyir, o adam ilk gündən mənimlə elə münasibət qurdu ki, illərin tanışları ilə elə yaxın münasibətim yox idi. Sonradan məlum olub ki, o, xüsusi xidmət orqanlarının təlimatlandırdığı adamdır. Ona deyiblər ki, Nemət Pənahlı 88-ci ildən bu yana baş verənlərlə bağlı 700 səhifəlik kitab yazıb, sən onu əldə et. Nemət bəy o kitabda bütün həyatını, bütün hadisələri yazıb. Sadəcə çap etdirmək üçün maddi imkanı olmayıb. Nemət bəy deyir ki, bu adam var gücüylə o kitabı əldə etməyə çalışırdı. Kitabın çapına sponsorluq etmək istədiyini deyirdi. Indi başa düşürük ki, onun bu dərəcədə yaxın münasibət qurmaqda məqsədi kitabı alıb xüsusi xidmət orqanlarına təhvil vermək idi. Nemət bəy deyir ki, məni maşının yanına çağırıb qapını açan kimi başladı söyməyə. Hətta kənardan bir uşaq qışqırıb ki, dayı sizi çəkirlər. Dönəndə görüb ki, polislər kamera ilə çəkir. O zaman başa düşüb ki, bu təxribatdır. Ona qədər də xeyli təhdidedici zənglər olmuşdu ki, səni, ailəni öldürəcəyik”.
S.Pənahlı deyir ki, onlar N.Pənahlının həbsini yox, hətta öldürüləcəyini gözləyirdilər: “Amma bu dərəcədə cılız, ləyaqətsiz iş aparacaqlarını gözləmirdik. Nemət bəyin məhkəmə prosesindəki bütün çıxışlarını gizli şəkildə yazmışıq və yaxın vaxtlarda onların hamısını mətbuata təqdim edəcəyik”.
Xatırladaq ki, iyunun 17-da Nəsimi Rayon Məhkəməsində Nemət Pənahlı və dostu Ceyhun Fərzullayevə hökm oxunub. N.Pənahlı 6, C.Fərzullayev 4 il müddətində azadlıqdan məhrum edilib.
Bu il yanvarın 8-də həbs edilən tutulan N.Pənahlı silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmaqda ittiham edilir. Ittihamın əsasında vətəndaş Eldəniz Rzayevin şikayəti dayanır. Şikayətə görə, N.Pənahlı və C.Fərzullayev yanvarın 7-də Bakının Mirəli Qaşqay küçəsində Eldəniz Rzayevi döyüb, ona yumruq və metal əşya ilə zərbə endiriblər.