Nazim İbrahimov göz xəstəxanasını uçurub otel tikir

Yaxınlıqdakı məktəbin həyətindən isə hovuz tikintisi üçün materialların yığılması məqsədilə istifadə olunur

Bir neçə ildir sürüşmə zonası kimi tanınan Səbail rayonu, Bayıl qəsəbəsi artıq tikinti maqnatlarının diqqətini çəkməyə başlayıb. Sürüşmənin əslində, başqa səbəblərdən baş verdiyi, daha doğrusu, törədildiyi üzə çıxandan sonra tikinti şirkətləri Bayıl qəsəbəsinə üz tutub və artıq ərazidə bir neçə yaşayış hissəsi alınaraq yerində otel, həmçinin digər biznes obyektləri tikilib.
Bayılda Bayraq meydanının tikintisi əraziyə daha çox diqqət çəkib. Uzun müddətdir söküləcəyi barədə söhbətlər dolaşan obyektlərin artıq uçurulmasına başlanıb. Bunlardan biri də Bayıl qəsəbəsindəki 203 saylı orta məktəbin yaxınlığında yerləşən Göz Xəstəxanasıdır.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, bir müddət əvvəl Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov həmin xəstəxana ilə maraqlanmağa başlayıb. Hətta komitə sədrinin özü dəfələrlə bu ərazidə olub və xəstəxanaya, onun yaxınlığında yerləşən məktəbə və digər obyektlərə baxıb: “3 ildir bu söhbət gedir. Nazim Ibrahimov da tez-tez gəlib bura baxırdı. Söhbət gəzirdi ki, göz xəstəxanası ilə birlikdə, ona bitişik olan 203 nömrəli məktəbi də alıblar. Məktəb başqa yerə köçürüləcəkdi. Bura yaxın ərazidə 91 saylı orta məktəb var. 203 nömrəli məktəbi söküb yerində otel tikmək, məktəbi isə o biri məktəblə birləşdirmək istəyirdilər. Sonradan bu plan dəyişdi. Amma xəstəxana satıldı. Təxminən 10 gün bundan əvvəl isə ağır texnika gətirib xəstəxananı sökdülər. Söküntü başlayanda deyirdilər ki, təkcə xəstəxananı sökürük. Amma sonradan məktəbin stadionunun da yarısını sökdülər. Indi stadion yox kimi bir şeydir. Amma xəstəxananı sökənlər deyir ki, guya burada otel tikiləcək, bir neçə mərtəbəli nəsə olacaq, tikinti başa çatandan sonra məktəbin stadionu da bərpa olunacaq. Amma hələ tam bilinmir, burada nə iş görəcəklər. Bilinən odur ki, Nazim Ibrahimov burada otel tikdirir”.
Yeri gəlmişkən, hazırda 91 saylı orta məktəbin həyətini də başqa bir iş adamı zəbt edib. Məktəbin yaxınlığında villa inşa etdirən tanınmış bir iş adamı indi özünə hovuz tikdirir. Buna görə də tikinti materiallarını yığmağa yer tapa bilmədiyi üçün 91 saylı məktəbin həyətindən istifadə edir. Hazırda məktəbin həyəti bərbad vəziyyətdədir, şagirdlərin təhlükəsizliyi üçün yaradılmış dəmir zolaq məhv edilib. Bundan narahat olan müəllim və şagirdlər dərslərə ara vermək məcburiyyətində qalıblar.
Hazırda orta məktəbdə imtahanlar getsə də, müəllim və şagird heyətinin narahatlığına son qoyan yoxdur: “Kimsə özünə hovuz tikdirir, yüzlərlə şagird, müəllim, sakin narahat olur. Bütün bu hadisələr Səbail rayon 46 saylı Mənzil Istismar Sahəsinin və Səbail rayon Bələdiyyəsinin yerləşdiyi binaların 10 metrliyində baş verir. Amma onlar baş verənləri görmək istəmirlər”.
Sakinlərin verdiyi başqa bir məlumata görə, 91 nömrəli məktəbin yaxınlığında yerləşən 1 saylı ruhi-əsəb xəstəxanası da ötən ildən boşaldılıb və burada müalicə olunan xəstələrin hamısı Maştağaya aparılıb. Hazırda həmin xəstəxananın da sökülməsinə hazırlıq gedir. Hələlik burada nə tikiləcəyi dəqiq bilinməsə də, bəzi məlumatlara görə, həmin ərazidə yeni xəstəxana binasının tikintisi nəzərdə tutulub.
Eyni zamanda, ətrafda yaşayan sakinlər deyir ki, psixiatriya xəstəxanası köçürüləndən sonra bəzi tikinti şirkətləri sakinlərlə görüşüb və onların köçürülməsi ilə bağlı söhbət aparıblar. Lakin tikinti şirkətlərinin təklif etdiyi məbləğ az olduğu üçün sakinlər köçməkdən imtina ediblər: “Təxminən iki ildir gəlib-gedirlər. Amma hələ dəqiq bir fikrə gələn yoxdur. Həm də onların verdiyi pul bizi qane etmir” (“qafqazinfo”).