Məmur qapıları arxasında üç dost

Əliyev idarəçiliyinin çərlətdiyi qadınların acı hekayəsi

Bir-birlərini tanımayan şikayətçilər sonda necə dost oldular…

Onlar üç nəfərdilər. Nə qohumdurlar, nə də qonşu. Sadəcə bir-birlərindən xəbərsiz bütün idarələri gəzirlər. Hara gəldi şikayət edirlər. Hansı məmurun “səxavət”li olduğunu eşidən kimi onun qəbuluna düşməyə çalışırlar. Istəyirlər ki, dərdlərinə əlac tapılsın. Ancaq nə edirlərsə, xeyri olmur. O qədər ora-bura üz tutublar ki, indi qohum-qonşudan da yaxın olublar. Söhbət illərdir Bakını ələk-vələk edən Gülnarə Hüseynova, Gülçöhrə Abdullayeva və Dursun Məmmədova adlı şikayətçilərdən gedir.

1066 manat ziyana 173 manat təzminat

Gülnarə Hüseynova evinin xarabalığa çevrilməsindən danışır

Başlayaq Gülnarə Hüseynovadan. O, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Cəmşid Naxçıvani küçəsi, bina 37, mənzil 5 ünvanında yaşayır. 1966-cı ildən sözügedən ünvanda qeydiyyatdadır. Indi onun evini əlindən almaq istəyirlər. Necə?
Belə ki, Gülnarə xalanın yaşadığı binanın 4-cü mənzilində Eyvazovlar ailəsi yaşayır. Bu ailə həmin binanın 4-cü mərtəbəsində yaşlı bir qadının evini bir neçə il əvvəl ələ keçirib. “Sən evi bizim adımıza keçir. Ömrünün sonuna qədər sənə və həyat yoldaşına qulluq edəcəyik. Öləndə də hər ikinizin yasını verəcəyik” deyiblər. Qadın da xəstə və gözləri yaxşı görmədiyindən verilən sənədə imza atıb. Bir müddətdən sonra qadın dünyasını dəyişib. Yas təbii ki, olmur. Evin tək qalan kişisi də bir neçə gündən sonra yoxa çıxır. Və indiyə qədər harada olduğu haqda məlumat yoxdur. Ev isə Eyvazovlar ailəsinə qalıb. Evlərini daha da genişləndirmək üçün mənzilləri ilə üzbəüz olan evi də qonşudan satın alıblar. Bir neçə ay keçəndən sonra bütün mənzilləri birləşdirmək üçün Gülnarə Hüseynovanın evini ələ keçirmək istəyiblər. Başlayıblar müxtəlif yollarla ona təzyiq etməyə. Gah evinin qarşısındakı bağı çirkaba bulaşdırırlar, gah eyvanın önünü bağlayırlar.
Gülnarə xalanın deməsinə görə, evini ələ keçirmək üçün onu öldürmək də istəyiblər. Planlarını həyata keçirməzdən öncə qonşular arasında onun da mülkünü Eyvazovlara vəsiyyət etdiyini şayiə kimi yayıblar. Və sonra plana keçiblər. Gülnarə xala deyir ki, bəxti gətirdiyindən bu plan baş tutmur. O, evinə girən şəxsləri görəndə qonşuları köməyə çağırır və ölümdən qurtulur.
Onun sözlərinə görə, bu barədə bir çox yerlərə şikayət edir: “Bir çox adamların mənim evimdə gözü var. 26 saylı MIS-in rəhbəri, sahə müvəkkili, icra hakimiyyətinin bir neçə məsul işçisi mənzilimin Eyvazovlara qismət olmasını istəyirlər. Hara şikayət edirəmsə, oraya müraciət edib deyirlər ki, guya mən dəliyəm. Halbuki Bakı Dövlət Universitetində anatomiya-fiziologiya fakültəsində dərs demişəm”.
“Eyvazovlar eyvanlarını artırıblar. Mənim həyətə, bağıma baxmağa imkan yoxdur. Məcbur qalıb mən də eyvanımı böyütmək qərarına gəldim. Bunun üçün aidiyyəti qurumlara müraciət edəndə 5 min manat istədilər. Kasıb adamam, bu qədər pul hardandır? Evimi yenicə təmir etmişdim. Üst mərtəbədə ələ keçirdikləri evin suyunu açıb bütün işləri zibillədilər. Məhkəməyə müraciət etdim. Gəlib mənə dəyən ziyanı hesabladılar. Məlum oldu ki, mənzilimi həminki qaydaya salmaq üçün 1066 manat lazımdır. Məhkəmə isə 173 manat təzminat ödənilməsi barədə qərar çıxardı. Ancaq o pul da mənə verilmədi” – deyir, Gülnarə xala.
O, bu il mayın 26-da metronun “Nizami” stansiyası qarşısındaÿZivər bəy Əhmədbəyovunÿadına olan parkın açılışında iştirak edən Ilham Əliyevə şikayətini demək istəyəndə mühafizə xidməti onu ərazidən uzaqlaşdırıb, sonra da polis bölməsinə aparıblar. Bildirblər ki, bir də Ilham Əliyevlə görüşməyə cəhd etsə, bu cəhdi ona baha başa gələcək.

Jurnalist 9 min manat pul tələb edir

Gülçöhrə Abdullayevaya 418 kvadratdan 25-i qalıb

Keçək ikinci şikayətçiyə. 75 yaşlı Gülçöhrə Abdullayeva Yasamal rayonu, Qədirli küçəsi 82 ünvanında atasından qalma mənzilində yaşayır. Ümumi sahəsi 418 kvadrat metr olan həyətin bir hissəsi özəlləşdirilib. Necə?
Belə ki, həyətindən 920 dollara Xumara Baqiryaniyə 9 kvadrat metr satıb. O, 9-u 29 edib. Bunu görən Gülçöhrə xala məhkəməyə müraciət edib. Min bir əziyyətdən sonra X.Baqiryanidən satdığını ala bilib. Aldığı 920 dolları 1000 manat qarşılığında qaytarıb. Ancaq Xumar Baqiryani icra hakimiyyətində saxta sənəd düzəltməklə 11 və 22 kvadrat metrlik ərazini zəbt edib. Hazırda həmin yerdə iki gecəqondu tikib, tələbələrə kirayəyə verib.
Gülçöhrə xala 11 kvadrat metri Rahib adlı jurnalistə satıb. Xumar Baqiryani jurnalisti evindən çıxardıb və deyib ki, bu ev mənimdir. Indi də jurnalist Gülçöhrə Abdullayevanın yaxasından yapışıb verdiyi 1000 manatın qarşılığında 9000 manat tələb edir. Fikrini isə belə izah edir: “Aldığım evimi tələbələrə kirayəyə verib 9 min qazanacaqdım. Bunun günahkarı sənsən, verdiyim pulun qarşılığını ödəməlisən”. Gəliri yalnız təqaüd olan Gülçöhrə xala jurnalistin dediyi məbləği ödəyə bilmir. Ümidini evi məhkəmə yolu ilə Xumar Baqiryanidən alıb jurnalistə verməyə dikib.
Müsahibimizin problemləri bununla bitmir. O, Ələkbər Mirzəyev adlı şəxsə 22 kvadrat metr satıb. O 22-ni 100-lə əvəzləyib özünə beş otaqlı ev tikib. Bu iş də məhkəmədədir. Onun da borc-xərclə pulunu toplayıb Ələkbərə vermək istəyir. Ta ki, evindən çıxara bilsin.
Sən demə, Ələkbər Mirzəyevin yoldaşı Tahirə Şaxıyeva 11 kvadratı özəlləşdirib. Bu qədər qarışıqlığın içərisində özünü itirən Gülçöhrə Abdullayeva 75 yaşında gününü məhkəmələrdə keçirir…

“Haqsızlığa dözə bilmirəm”

Dursun Məmmədova kafesini işlədə bilmir

Üçüncü şikayətçi isə Nizami rayonu, Qara Qarayev 93 ünvanlı binanın yaxınlığında kafe işlədən Dursun Məmmədovadır. Onun övladları Qarabağ müharibəsində iştirak edib və əlildirlər. Sahibi olduğu kafedə məcburi köçkünlər işləyir.
Indi kafenin qarşısında başqa bir dükan “peyda” olub. Və həmin obyekt Məmmədovanın kafesinin giriş-çıxışına mane olur.
Onun sözlərinə görə, icra başçısı Tahir Budaqovun əliylə Tahirə Həsənova özünə obyekt tikdirib. Halbuki bir neçə ay öncə onun dükanı 93 saylı binanın həyətində idi. Bu haqsızlığı durdurmaq üçün o, aidiyyəti qurumlara şikayət məktubu ünvanlayıb. Qanunsuz dükanı sökdürə bilməsə də, işləməsinə də imkan verməyib: “Tahirə Həsənova hər vəchlə çalışır ki, dükanını işlətsin. Məhkəməyə müraciət etmişəm. Hakim Imran Burcayevdir. Onun işə baxması məni qane etmir. Istəyirəm iş başqa hakimə həvalə edilsin. Onun bu məsələdə maddi marağı var. Sahibi olduğum kafedə iki-üç nəfər işlədirəm. Ailələrinə bir parça çörək aparırlar”.
Dursun xala öz haqqını tələb etdiyi üçün Tahirənin qardaşı oğlu Ramin adlı şəxsin təhqirlərinə dözməli olur: “Dəfələrlə gəlib məni hədələyib. Deyir ki, səni öldürəcəm. Yumruqla, təpiklə məni vurub. Bir neçə dəfə üstümə bıçaq çıxardıb. Işıq xətlərini kəsib. Işləməyimə mane olur”. “Etiraz edəndə məhkəmə icraçısı Taleh Kərimov məni dəli adıyla həbs etmək istədi. Dəfələrlə Ilham Əliyevin korteji altına özümü atmaq istəmişəm. Bu cür haqsızlığa dözə bilmirəm. Problemimi həll etmək üçün məndən rüşvət istəyirlər. Tahirə dükan açanda kafemin qabağında olan bütün ağacları kəsdilər. Məhkəmədən adam gəlib baxış keçirdilər. Onlar da bildirdilər ki, ən pis halda onun dükanı mənim kafemdən 10 metr aralıda olmalıdır. Ancaq bu qanunsuz tikiliyə hər kəs göz yumur”.

***

ÿHər üç şikayətçini dərd, problem birləşdirib, rəfiqə edib. Bir-birlərini tanımayan bu adamları Əliyev idarəçiliyi birləşdirib. Dostlaşdırıb. Dost tapmağın çətin olduğu bir zamanda məmurlar onları bir araya gətirib…
Onların müraciət etdiyi dövlət qurumları da bir-birləri ilə çox yaxındırlar… O qədər yaxın ki, bir-birlərindən keçib problemləri həll edə bilmirlər…

Ramin DEKO