Əli Əhmədovun “cəsarət damarı” tutub

YAP icra katibi Prezident Administrasiyası ilə razılaşmır

Yaxın vaxtlarda qəbulu gözlənilən “Siyasi partiyalar haqqında” qanunla bağlı hakimiyyətdə ikili mövqe var. Daha doğrusu Prezident Administrasiyasının təklifi ilə hakim Yeni Azərbaycan Partiyası razılaşmır. Xatırladaq ki, YAP partiyaların yenidən qeydiyyata alınması məsələsini təklif etmişdi. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bir neçə gün əvvəl partiyaların yenidən qeydiyyata alınması məsələsinin gündəmdə olmadığını deyib.
Təklifə görə dövlətdən maliyyələşmək üçün siyasi partiyaların parlament seçkilərində topladığı səslərin miqdarı əsas götürüləcək. Bunun üçün hər bir partiyanın topladığı səslər sayılmalı, ümumiləşdirilməlidir və ona müvafiq maliyyə açılmalıdır. Maraqlıdır ki, heç vaxt müstəqil fikri olmayan, yalnız Prezident Administrasiyasından gələn qərarlara ikiəlli razılıq verən hakim partiya bu dəfə etiraz etmək üçün özündə “cəsarət” tapıb. Müxətlif qanunların qəbulu zamanı şahidi olmuşuq ki, hətta bəzən hakim partiyanı təmsil edən deputatlar prezidentin göndərdiyi təklifləri müzakirə etməyə ehtiyac da görmür. Bu dəfə isə Əli Əhmədov PA-dan gələn təkliflə razılaşmayıb və YAP-ın partiyaların maliyyələşməsi ilə bağlı öz mövqeyində qaldığını deyib. Bəs necə olub ki, Ə.Əhmədovun “cəsarət damarı” tutub? Şübhəsiz ki, müstəqil fikir sahibi olmayan Əli Əhmədov PA ilə razılaşdırmadan belə sözləri dilə gətirə bilməzdi. Bundan belə nəticəyə gəlmək olur ki, Prezident Administrasiyası özü ikili oyun oynayır. Hakimiyyətin bu oyunu necə qiymətləndirilə bilər?

“Heç vaxt öz sözünü deməyən Əli Əhmədov tapşırıq əsasında belə danışır”

AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, Əli Əhmədov heç vaxt öz sözünü deməyib. O nə o cəsarət sahibi, nə də Azərbaycan siyasətinə təsir imkanları olan adamdır. Sadəcə olaraq aldığı tapşırıq əsasında belə danışır.
AXCP sədrinin müavininin sözlərinə görə, bu dartışmalar Prezident Administrasiyasından idarə olunur. Hakimiyyət bütün imkanlarla özü üçün arzuolunmaz hesab etdiyi partiyaları maliyyələşmədən kənarda qoymağa çalışır. Amma bunu açıq şəkildə edə bilmirlər. Buna səbəb isə Azərbaycan hakimiyyətinin ciddi beynəlxalq təzyiqlərlə üzləşməsidir: “Bu gün beynəlxalq təşkilatlar, xarici mətbuat hakimiyyətin demokratiyaya qarşı hərəkətlərini kəskin şəkildə tənqid edir. Ən azı imzaladıqları beynəlxalq öhdəliklərə hörmətlə yanaşmağı tələb edirlər. Ona görə də iqtidar öz fikrini açıq şəkildə ortaya qoya bilmir. Prezident Administrasiyasının nümayəndələri demokratiyaya meyllilik nümayiş etdirir. Bu cür söz-söhbət sadəcə olaraq müəyyən oyunların detallarıdır”.
N.Məmmədlinin fikrincə, bunun nəticəsinin necə olacağı beynəlxalq təzyiqlərin dərəcəsindən asılıdır. Təzyiqlər çox olsa, hamının az-çox məqbul saydığı variantla maliyyələşmə problemi həll olunacaq. Əks halda hakimiyyət öz bildiyini edəcək.

Fizzə