Kreml Lukaşenkonun vəziyyətini pisləşdirir

Rusiya Belarusa ayırdığı krediti geri ala bilər

“Ria Novosti ” agentliyi bildirib ki, Rusiya İqtisadi İnkişaf Nazirliyi RF ilə Belarus hökuməti arasında kredit əməkdaşlığına yenidən baxıla bilər. Bunun rəsmi Minskin ölkəyə mal idxalının məhdudlaşdırılması ilə bağlı qərarın qəbulundan sonra reallaşacağı gözlənilir.

Xatırladaq ki, bir müddət öncə Belarus rəhbəri Aleksandr Lukaşenko ölkədə maliyyə böhranının dərinləşəcəyi təqdirdə idxalın tamamilə dayandırılacağının və sərhədlərin bağlanacağını söyləmişdir. Bu ay Avrasiya İqtisadi Şurasının xətti ilə maliyyə böhranı ilə mübarizənin aparılması üçün Belarusa 3 mlrd. dollar həcmində kredit xəttinin açılmasına dair saziş imzalanıb.

Şuranın maliyyə məsrəfləri isə əsasən Rusiya tərəfindən maliyyələşdirilir. İlk kreditin artıq bu ay ərzində ayrılması planlaşdırılır. Bununla yanaşı, Minsk kreditin alınması üçün Beynəlxalq Valyuta Fonduna müraciət edib. Maliyyə yardımının təqdim edilməsinin əsas şərtləri isə iqtisadi islahatların aparılması və özəlləşdirmənin sürətləndirilməsidir.