Fərhad Abdullayevdən absurd cavab

Konstitusiya Məhkəməsinin hakiminə faktları və iddiaları bizimlə birgə araşdırmağı təklif edirik

Konstitusiya Məhkəməsinin hakimi Fərhad Abdullayevin doktorluq işinin plagiat olması barədə qəzetimizdə yazı gedib. Redaksiyaya ünvanlanan məktub əsasında hazılanmış məlumata nədənsə başqa media orqanlarında cavab verilib. Fərhad Abdullayev deyib ki, bu, onu gözü götürməyən paxılların işidir. Amma fakt elə şeydir ki, o nə paxıllığa meydan verir, nə də xeyirxahlığa.
Onun adı “əlahəzrət fakt”dı. Fərhad Abdullayevin elmi işinin köçürmə olduğunu iddia edən mənbə ortaya ciddi faktlar qoyub, mənbələr göstərib. O mənbələri sizə bir daha təqdim edirik:ÿ”29 mart 2011-ci ildə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Azərbaycan Respublikasında Konstitusiya icraatının nəzəri və praktiki problemləri” mövzusunda “hüquq elmləri doktoru” dissertasiyasını müdafiə edib. Bu dissertasiya elmi iş anlayışına uyğun gəlmir. Bu, sadəcə, gözdən pərdə asmaq üçün quraşdırılmış və Azərbaycan dilinə tərcümə edilən rus dissertasiyalarından plagiatdır. Əlbəttə, bura 9-cu sinif şagirdinin bilik səviyyəsində olan müəllifin fikirləri və düşüncələri də əlavə olunub”.
Məktub müəllif(lər)i iddia edir ki, 1-ci fəslin “Konstitusiya nəzarəti orqanı kimi konstitusiya məhkəmələrinin yaranması və inkişafı tarixi” adlanan 1-ci paraqrafı səhvlərlə birlikdə Polovmenko Konstantin Anatolyeviçin “Rusiyada və Ukraynada konstitusiya ədliyyəsi” adlı 2003-cü il dissertasiyasının 1-ci fəslinin 1-ci paraqrafından köçürülüb.
1-ci fəslin 1-ci paraqrafına, F.Abdullayevin öz nəticələri kimi, Petrova Irina Vladimirovnanın “Konstitusiya Məhkəməsi – Rusiya Federasiyasında konstitusion nəzarət orqanı” adlı 2004-cü il dissertasiyasının bir hissəsini (Bax. səh.36-38) də daxil etdiyi məktubda qeyd olunub.
Bütün bunlarla yanaşı, o da bildirilir ki, F.Abdullayev öncə I.Petrovanın dissertasiyasından 36-38-ci səhifələri 2007-ci il tarixli 18 nömrəli “Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri” jurnalında (bax. jurnalın 30-34-cü səhifələri) öz məqaləsinə daxil edib. Sonradan isə onları öz fikirləri kimi dissertasiyasına və monoqrafiyasına salıb.
Məktub müəllifi sonda qeyd edir ki, Abdullayev dissertasiyasının 1-ci fəslinin 1-ci paraqrafını S.V.Bobotovun konstitusiya ədliyyəsinə həsr olunmuş işinin yarısını “oğurlayaraq” ərsəyə gətirib. Elmlə, araşdırma ilə yüngülvari məşğul olan adam bilir ki, belə işlər yüngül yanaşmanı sevmir. Fərhad müəllim buyursun, bu olanları onunla birgə araşdıraq. Elmi işini təqdim eləsin redaksiyaya, biz də göstərilən mənbələrlə üzləşmə aparaq və həqiqəti ortaya çıxaraq. Bunları etmədikcə, dolayı cavablar verməklə hörmətli hakim ona qarşı olan ittihamları da təsdiqləmiş olur. Başqa tərəfdən, Fərhad Abdullayev deyir ki, onun hakim kimi fəaliyyəti elmi-praktik prosesdir. Dünyada elmi olmayan nə var ki, amöb böcəyinin çoxalması da elmi prosesdir. Amma o çoxalma elmi əsaslarla deyil, instinktiv vərdişlərlə baş verir. Araşdırmaq isə tamam başqa məsələdir. Azərbaycanda məhkəmə sisteminin vəziyyətinə baxanda aydın olur ki, Fərhad Abdullayevin hər bir qərarı elmi uğursuzluqdur. Hələ seçki saxtakarlıqları istiqamətindəki araşdırmalarını demirəm. Bununla belə biz cənab hakimə faktları birgə araşdırmağı bir daha təklif edirik.

Seymur Həzi