Keçmiş məhbus gənclərlə görüşündə siyasi məhbusların səmərəli müdafiəsinin təşkilindən danışıb
Keçmiş siyasi məhbus Eynulla Fətullayev cümə günü Media Mərkəzində müstəqil gənclər təşkilatlarının bir qrup təmsilçisi ilə görüşüb. Görüşün məqsədi siyasi fəaliyyətinə görə hazırda təcridxanada saxlanılan potensial siyasi məhbusların səmərəli müdafiəsinin təşkilinin müzakirəsi olub.
E.Fətullayev həbsdə qaldığı müddətdə müdafiəsilə bağlı aparılan kampaniyalar, məhkumluğun məşəqqətli cəhətləri barədə düşüncələrini ifadə edib. Keçmiş siyasi məhbus ölkə həbsxanalarındakı saxlanma şəraitini “orta əsr mağaraları”, Penitensiar xidmət əməkdaşlarını “qəddar” adlandırıb. Ümumiyyətlə, E.Fətullayev həbsxana həyatı ilə bağlı xatirələrini yazacağını söyləyib.
Həbsdəki gənclərin müdafiəsinə gəlincə, keçmiş siyasi məhbus ilkin olaraq ölkədə müstəqil media qurumlarını artırmağı vacib sayıb və onun fikrincə, daha çox müstəqil media qurumunun olması azadlıqların daha etibarlı qorunması deməkdir. O, həbsxanalarda məhbusların saxlanma şəraitinə nəzarət edən Ictimai Şuranın fəaliyyətini pisləyib.
Bu qurumu işlək hala salmağın vacibliyini deyib.