Gəncə «xanı» Elmar Vəliyev şadlıq sarayını əşyaları ilə birlikdə uçurdu
Gəncənin icra başçısı Elmar Vəliyev şəhər sakinlərini heyrətləndirməkdə davam edir. Icra başçısı təyin edildiyi gündən abadlıq adı altında söküntü işlərinə başlayan Elmar Vəliyev, bu əməliyyatı özünəməxsus şəkildə həyata keçirir.
Elmar Vəliyevin söküntü işlərindən, xüsusilə əziyyət çəkən sahibkarlardır. Icra başçısı faktiki olaraq, Gəncədə sahibkarlıq fəaliyyətini iflic edib. Hansı sahibkar Elmar Vəliyevin şərtlərini qəbul etmirsə, dərhal onun obyektləri yerlə-yeksan edilir.
Dünən əldə etdiyimiz məlumatlara görə, icra başçısı indi də Gəncə çayının sağ sahilindəki şadlıq evləri və restoran-kafelərin sökülməsi əmrini verib. Artıq şadlıq saraylarından biri uçurulub. Bu, “Elnur” şadlıq sarayıdır. Məlumatlara görə, uçurulma əməliyyatı iki gün əvvəl həyata keçirilib.
Şadlıq sarayının sahibi obyektin uçurulmasına etiraz edərək onu boşaltmayacağını bildirib. Bu halda, Elmar Vəliyev şadlıq sarayını bütün əşyaları ilə birgə darmadağın etmək əmrini verib. Əmr dərhal icra olunub. Şadlıq sarayının sahibi əmlakının uçurulduğuna dözməyərək infarkt keçirib.
“Qafqazinfo” isə məlumat yayıb ki, Malik adlı həmin sahibkar Gəncə Kardioloji Klinikasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qalır.
Məlumatda, həmçinin deyilir ki, baş verənlərdən qorxuya düşən icra başçısı Gəncəni gəzərkən, avtomobildən düşmür. Elmar Vəliyevi Gəncənin polis rəisi şəxsən müşayiət edir.
İnformasiya şöbəsi