Bakıda nəfəs almaq mümkün deyil – hər yer qazılır, binalar qaşınır, dünən lenti kəsilən və istifadəyə verilən yollar “təmirə” dayanır. Ölkədə bu “vurçartlasın”dan doğan tam bir toz dumanı, nəfəsləri kəsən dəhşətli antisanitariya hökm sürür.
Üç gün öncə paytaxtdan çıxdım, Astaraya getdim. Yalnız Ələtə qədər olan yol beynəlxalq standarta nisbətən uyğun gəlir. Ələt-Salyan arasında cəmi 21 kilometrlik yola da əl gəzdiriblər. Vəssalam… 320 kilometrlik yolun üst-üstə 90 kilometri səliqəyə salınıb, qalanı bərbad, acınacaqlı vəziyyətdədir. Və məsələ ondadır ki, heç təmir işləri aparılmır da – sökülənlər yol boyu göz dağı kimi qalmaqdadır. Üç gündən bir uçan Cəlilabad körpüsündə isə elm aləminə məlum olmayan atomabənzər zəncirvari reaksiya gedir: körpü bu gün uçur, sabah “lenti kəsilir” və istifadəyə verilir, birigün təzədən uçur, o birigün bağlanır, ta o birigün lenti kəsilir…
Hər tərəfdə söküntü, hər tərəfdə dağıntı. Elə bil ölkə üçüncü dünya müharibəsinin mərkəzində yerləşir. A kişilər, Astaranın düz-əməlli bir dənə parkı var, onu da dağıdıb YAP-ın yerli təşkilatına ofis tikirlər.
Balam, bu parkı niyə xaraba qoyursuz? Bir az kənarda, bərbad vəziyyətdə olan yerdə tikin bu zibili, oranı abadlaşdırın da! Niyə yaşıllığı məhv edib, o tikintini də şəhəin mərkəzinə daşıyırsız? Niyə YAP adı gələndə insanların iyrənməsi üçün ağlagələn və ağlagəlməz bütün vasitələrdən istifadə edirsiniz? Sizin mövcudluğunuz üçün mütləq total nifrətmi lazımdır? Nifrəti öz üzərinizdə hiss etmək sizə ləzzətmi verir? Manyaksınızmı?Ölkənin günü bundan ibarətdir. Azərbaycan sökülür, dağılır, zəbt olunur – sözün bütün mənalarında.
Ziya Məmmədov demişdi ki, Azərbaycanın bütün yollarını düzəltmək üçün 12 milyard manata ehtiyac var. Son beş il ərzində təkcə neft pulları hesabına ölkəyə ən azı 150 milyard manat vəsait daxil olub. Bu pulla ölkənin yollarını 15 dəfə tikmək, beynəlxalq standarta uyğunlaşdırmaq olardı;Bu pulla Bakını 20 dəfə təzədən qurmaq olardı;
Bu pulla Azərbaycanı dikəltmək mümkün idi.
Yollar pis gündə, şəhərlər dağılmış vəziyyətdə, parklar YAP-a və YAP-çılara satılmaqda, meşələr talanmaqda, vətəndaşların dolanışıq səviyyəsi gündən-günə pisləşməkdə! Bəs, bu boyda vəsait hara xərclənib? Necə talanıb? Kimlərin cibinə gedib?
Bu hələ real, görünən, statistikada qeydə alınan rəqəmdir. Qeydə alınmayan, birbaşa ölkə rəhbərliyinin cibinə axan neft pullarını isə heç təsəvvür etmək də olmur.
Adamı dəhşətə gətirən bilirsiniz nədir? Görünən və görünməyən bu qədər vəsaiti yeyəndən sonra da rüşvətlə bu millətin canını alır, olan-olmazını qapazlayır, əhalini doğulmasına, Azərbaycanda yaşamasına nifrət etdirirlər.
Rüşvətin ölkədə bir piramida sistemində fəaliyyət göstərdiyini hamı bilir. Belə çıxır ki, rüşvətlə yığılan vəsait də piramidanın ən üst Daşında cəmləşir. Ölkənin bütün var-yoxunu, yeraltı-yerüstü sərvətini talayandan sonra da əhalinin əlinə, cibinə göz dikməyin, millətin qəpik-quruşuna möhtac olmağın səbəbini anlaya bilmirəm. Məgər bir xəstəxananın təmirinə 12 milyon manat silib, düz 11 milyon 300 min manatı yeyən baş həkim və ya direktor hər tibb bacısından 3 manat almasa və 3 manatın faizini yuxarı ötürməsə, ac qalacaq?
Və yaxud, milyardlarla vəsaiti yol tikintisi adıyla silib-süpürəndən və oradan öz payını artıqlamasıyla götürəndən sonra Nəqliyyat Nazirliyinin gediş haqlarını qaldırmaq istəyinin səbəbi nədir? Xalqın sərvətlərini ata malı kimi basıb yeyən adam da camaatın 10 qəpiyinə mövtac olmağı şərəfinə sığışdırar?Bu qədər özünü aşağılamaq dərəcəsində acgözlükmü olar?