Bizi faciələrdən mitinqlər qurtaracaq!

Ağsuda polis rəisinin pul üstündə boğaza yığdığı, cana doyurduğu polis serjantı özünü öldürüb. Qəzetlərdə bu olayla bağlı yazılar gedir, adlar çəkilir. Mən bilərəkdən nə rəisin adını çəkirəm, nə də serjantın. Bu gün Ağsuda baş verənlər kriminal-korrupsioner əliyevçi rejimin doğurduğu tipik görsənişlərdən biri olduğuna görə. Ağsunun polis rəisi Hatəm səxavətilə qəzetlərə çıxaraq polis serjantının özünü öldürməsinə gətirib çıxaran faktları (özü ilə bağlı faktları!) yalana çıxarmağa çalışır. Polis özbaşınalığından boğaza yığılan, cana doyan bütün Azərbaycanın bu yerdə bir ağızdan hayqırmağı gərəkir: “Yalançı sənsən! Yalançı sizlərsiz! Yalançı bu ölkəni bu yerə gətirib çıxaranlardır!”

Kim bunu bilmir: bu gün Ağsu polis idarəsində baş verənlər bir az belə, bir az elə ölkənin bütün polis idarələrində baş verir: bütün rayonlarda polis rəisləri, Ağsuda olduğu kimi, polislərin aylığına ortaq olur, bu azmış kimi onları (polisləri!) daha çox pul əldə etmək üçün min cür cinayətə yönəldir-sürükləyirlər. Beləcə, kriminal yollarla pullar yığılır, aşağıdan yuxarıya hərə öz payını götürməklə düz Prezident Administrasiyasınadək gedib çıxır. Bu yalnız Daxili Işlər Nazirliyi ilə bağlı bir qurğu deyil; bu, Heydər Əliyev dövlətçiliyinin ÖZÜL prinsipidir – bütün dövlət hakimiyyəti strukturlarını içinə alan, hamını cinayətkara çevirən rüşvət-korrupsiya prinsipi!

Heydər Əliyevin sağlığında polislər onun yaxşı tanıdığı naxçıvanlı professor Tağı Xalisbəylinin bığını qırxmışdı. Heydər Əliyevin sağlığında polislər seçkidə səsi oğurlandığına görə mitinqə çıxan qadınları tutub döşlərini siqaretlə dağlamışdılar. Heydər Əliyev polisləri ermənilərlə ölüm-dirim savaşı aparan Şahmərdan Cəfərova beş güllə vurmuş, sonra da onu sürüyüb öldürmüşdülər. Gəncədə polis Koroğlu Qasımovun Keçəl Həmzənin etdiyindən qat-qat əskik, qat-qat iyrənc cinayəti, bütün ölkə boyu polisin adamları şərləyib tutdurması… Bütün bunlar Əliyevlər dönəminin Milləti mənliksizləşdirmək yolu ilə Ölkəni uzun illər IŞĞAL altında saxlamaq siyasətləridir!

Mitinqçilərlə vəhşicəsinə amansızlıqla davranırkən “siz dövlətçiliyə qarşı çıxırsız” kimi yalançı arqumentə söykənən əliyevçi polis özünü gerçək Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin başlıca düşmənlərindən biri olaraq göstərməkdədir. Bu polis gerçək Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin deyil, Azərbaycanı bütünlüklə uğursuzluğa, yoxluğa sürükləyən düşmənin – rüşvətin, korrupsiyanın polisidir. Bu baxımdan indiki polis bir yad tayfanın, birliyin Azərbaycan üzərində SUVEREN hüquqlarını (başqa cür desək, ağalığını!) qoruyan antiAzərbaycan qurumudur! Bu gün millətin hüquqsuz duruma gəlməsində başlıca rol oynayan Azərbaycan polisinin özü də əliyevçi antimilli, antidemokratik hakimiyyətin qulluqçusu olaraq, HÜQUQSUZ durumdadır. Bu isə bizim bir millət olaraq hamılıqla, ortaq faciəmizdir!

Özgür, Demokratik Azərbaycan uğrunda ayağa qalxanları, ortaya çıxanları söyən, döyən polis özünü söyür, özünü döyür.

Ərəb dünyasında baş verənlər Ilham Əliyevi çoxdan demokratik reformalar yoluna çəkməli idi. Çəkmədi. Demokratiya yoluna çıxmaq HƏR GÜN Ilham Əliyev ailəsinə, əliyevçi komandaya milyonlar qazandıran xalqa düşmən rejimin sonu deməkdir – buna görə! TƏKCƏ 2011-ci ildə TƏKCƏ neftdən Azərbaycana 13 milyard 88,5 milyon manat pul gəlib. Tək bir ildə, tək bir neftdən! Xalq yaşamında bunu duyubmu? Yox! Neft pulları da, başqa bu kimi strateji gəlirlər də ən yuxarıdan aşağıyadək mənimsənib. Əhmədzadənin 1 milyardlıq Kür daşqını başda olmaqla bir belə açıq mənimsəmə faktı ilə bağlı bir dənə də cinayət işi açılmayıb – balıq başdan iyləndiyinə görə! Bunun başqa yolu yoxdur: iylənmiş balığı çölə atırlar!