Bir gün sonra

Ya yeni məyusluq, ya da yeni bir başlanğıc…

Ya qorxaqlar üçün yeni bəhanələr, ya da cəsarətlilərin zəfər gününün başlanğıcı…

Bir millətin zəfəri onun tarixilə öyünüb qışqırması, “Mən böyüyəm!” deməsilə ölçülmür. Bir millətin cəsarəti odur ki, onu əzənin üstünə yürüyə bilsin. Bir millət köləliklə yüksələ bilmədiyi kimi, boyun əyib bətnində rəzil bir qorxaqlıq gəzdirməyi də özünə rəva bilməməlidir. Biz fərdi “qorxaqlığımızı” hamıdan gizlətməyə çalışdığımız halda toplum kimi “gözüqıpıq olduğumuzu” boynumuza götürürük. Bunun nəticəsidir ki, iqtidarda olanlar xalqa yuxarıdan aşağı baxıb onu xor görür…

Ləyaqətli xalq feodal təfəkkürlü insanların yumruğu, zoru altında yaşamağı özünə rəva görməməlidir.

Qədim spartalılar zəif uşaqları hələ körpə ikən öldürürdülər. Bu, amansız görünür, ancaq cəsarətsizlik və zəifliyin bir toplumu nə hala gətirə biləcəyini gördükdən sonra spartalılara haqq qazandırmağa başlayırsan. Bu zəifliyi dəf etmək üçün biz uşaqları deyil, içimizdəki qorxunu öldürməliyik.Biz öz haqlarına sahib çıxmayan bir toplum kimi yaşamağın yolunu tutub və hər gün bizə edilən həqarəti sinəyə çəkib sonra da çayxanalarda cəsarət və mərdlikdən danışırıqsa, səmimi görünmürük.

Utancverici mənzərədir, amma bu bizik: hər cür haqsızlığa, ədalətsizliyə, həqarətə boyun əyib ləyaqətimizi qoruya bilmədiyimiz halda, təkəbbürlə qohum-qonşuya ağsaqqallıq edən kişilərimiz; övladı haqqını istəyəndə əyri yoldan döndərirmiş kimi, “bu yoldan dönməsən, südümü sənə halal etmərəm” deyib sonra da ağbirçəklik iddiasında olan qadınlarımız…

Bu bizik. Kimsə özünü uzaqda tutmasın. Kimsə yan-yörəsinə baxıb bu mənzərənin “rəssamlarını” özündən kənarda axtarmasın.

Ey hər şeyə dözən, başını soxmağa daxma, yeməyə gündəlik çörək tapmağı, nəfəs alıb-verməyi yaşamaq zənn edə-edə ömür sürməyi seçən həmvətənim, bu sənsən!Azadlığın həyatına gətirəcəyi nemətləri ağlının ucundan keçirmədən yaşayan, övladının gələcəyini düşünəndə ancaq bir ev, dükan dikib ona miras qoymağı fikirləşən, bunun üçün min əziyyətə, haqsızlığa qatlaşanlar, övladlarınıza buraxa biləcəyiniz ən gözəl miras azad cəmiyyətdir. Bunu anlamaq və mübarizə yolunu tutmaq vaxtıdır. Ki, biz də övladlarımıza atalarımızın buraxdığı didik-didik, iflic vəziyyətə düşüb can çəkən bir ölkə buraxmayaq…

Sabah mitinq olacaq və sən verilən karusel ehsanına, konsertlərə, Gül bayramına necə yürüyə-yürüyə gedib əylənməyi üstün tutursansa, mənsə sənin azad yaşayacağın bir ölkənin qurulmasını hər şeydən üstün tuturam. Əyləndin, oynadın, yaşadığını zənn etdin, amma bütün bunların heç biri gerçək deyil. Gerçək olan gündəlik yaşamını keçindirmək üçün çəkdiyin əzabdır. Başını daxmalara soxub nəfəs almağı yaşamaq kimi qəbul etmə! Sən malını, canını oğurlayıb villalarda yaşayanlardan əskik deyilsən! Övladının qabağına quru çörəyi qoyub şükür etmə – hər gün dünyanın bütün naz-nemətləri qarşısına qoyulan hansısa harın məmurun övladından aşağı deyil sənin uşağın!
Ey tərəvəz sahələrində günəmuzd çalışan, əlləri qabar olan qadın, Sən, səsini oğurlayıb Milli Məclisdə əyləşən deputatlardan əskik deyilsən.

Ey övladı qarşısına qaçanda ona bir şey ala bilmədiyi üçün xəcalətindən başını az qala dizlərinə qədər əyən ata, Sən haqqını tapdayan, büdcədən oğurlanan pullarla bahalı maşınlarla yanından şütüyüb səni toza basan harınlardan əskik deyilsən. Hər gün süfrənə qoyduğun quru çörəyə görə şükür etmə!Sənin şükrün inamından deyil, qorxundandır. Sən, sandığın kimi Allahın buyurduğu səbrin yolunda deyilsən. Sadəcə, bir yığın Iblisin qurduğu səfalət torunun içində çapalayırsan.

Iqtidarı qınama, ey kölə vəziyyətinə salınmış xalqım! Çünki sən dözdükcə əslində, özün belə bilmədən səni əzən, aşağılayan YAP hakimiyyətinin müttəfiqinə çevrilirsən…

Bir gün sonra…

…Ya yenə tutduğun yolu get – əzil, əyil, “qorxağam, məndən əl çəkin” mesajını ver, ya da dikəl, qalx!…Ya qorxunla nəfəs al-ver, ya da mübarizə aparıb haqqını al və YAŞA!