Zöhrab İsmayıl: «Yeni texnologiyaların tətbiqi gedişhaqlarını bahalaşdırmamalı, əksinə ucuzlaşdırmalıdır»
Ictimai nəqliyyatda gedişhaqlarının artırılıcağı barədə məlumat vermişdik. Nəqliyyat naziri Ziya Məmmədov qiymətlərin bu ilin sonunda arta biləcəyini deyərək bahalaşmanı iki səbəblə əlaqələndirmişdi. Onlardan biri Bakıda nəqliyyatın intellektual idarəetmə sisteminə keçməsi – yəni yeni texnologiyaların tətbiqi idi. Bu sistemin tətbiqinə bütün dayanacaqlara, avtobuslara, taksilərə kameraların quraşdırılması, avtobusların hərəkət qrafikinin sərnişinlər və avtobus gözləyənlər tərəfindən izlənməsi, yolların və dayanacaqların sıxlığının monitorinqinin aparılması daxildir. Ikinci səbəb kimi isə nazir onu qeyd etmişdi ki, nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətlər bu sahəyə investisiya yatırmaqda maraqlı olmalı və gəlir əldə edə bilməlidirlər.
REAL Hərəkatı Idarə Heyətinin üzvü, iqtisadçı Zöhrab Ismayıl hesab edir ki, yeni texnologiyaların tətbiqi qiymətləri bahalaşdırmamalı, əksinə ucuzlaşdırmalıdır: “Avtobus sürücülərinin imkanı var ki, yanındakı bələdçi ilə əlbir olub nəqliyyatda toplanan vəsaitlərin bir hissəsini mənimsəsinlər. Amma intellektual idarəetmənin tətbiqindən sonra vəsaitlərə tam nəzarət imkanı yaranacaq. Bu da xidmətin maya dəyərini aşağı salmalıdır. Çünki daha bələdçilər, əlavə adamlar olmayacaq. Qiymətləri qaldırmaqda məqsəd nədir? Intellektual idarəetməni həyata keçirən şirkət və ya şirkətlər olacaq. Onlar vasitəçi kimi bu prosesdə iştirak edəcək və ciblərinə böyük pullar gedəcək. Əslində bahalaşmanın arxasındakı gizli səbəb budur”.
Nəqliyyat nazirinin ortaya atdığı ikinci arqumenti də tutarlı saymayan Z.Ismayıl onsuz da nəqliyyat sektorundakı şirkətlərin Ziya Məmmədovun qanadı altında olduğunu deyir: “Bir müddət əvvəl özəl şirkətlər var idi və Nəqliyyat Nazirliyi onların hamısını bazardan sıxışdırıb çıxardı. Onlar 10-20 qəpiyə daşımanı həyata keçirirdilər. 20 qəpik sərmayə qoymaq və gəlir götürmək üçün normal bir məbləğdir. Regionda da qiymətlər təxminən Azərbaycanla eynidir, hələ aşağı olanlar da var. Ziya Məmmədovun söz açdığı şirkətlər əslində onun özünün nəzarəti altında olan şirkətlərdir. Hansısa bir sahəyə sərmayə qoyulmasını təmin etmək üçün lisenziyalaşmanı, qanunsuz yoxlamanı, bürokratik nəzarət mexanizmlərini ləğv etmək lazımdır. Nəqliyyata nəzarət qurumları taksilərin, sürücülərin işinə müdaxilə ilə məşğuldular. Işin xeyrinə bu qurumların ləğvi səbəb ola bilər, nəinki qiymət artımı”.
Iqisadçının sözlərinə görə, ən acınacaqlısı odur ki, nəqliyyat naziri qiymət artımından danışır, amma xidmətlərin keyfiyyətini artırmaqdan söz açmır: “Mən əminəm ki, əyləcinin səsi şəhəri götürən, sərnişinləri tərəvəz hesab edən sürücülər yenə də qalacaq. Bu bir daha göstərir ki, Azərbaycanda istehlak qiymətlərinin bahalaşmasının əsas stimulverici tərəfi hökumət qərarıdır”.
Gültəkin



