Avropadan gözlənilməz “Qarabağ təklifi”

Avropa Birliyi regionda Rusiyanı neytrallaşdıracaq sülh planını da hazırlayıb

Ilham Əliyev və Serj Sərkisyanın Kazan görüşü ərəfəsində müharibə və sülh ritorikası güclənməkdədir. Hətta Azərbaycan rəsmilərinin bəyanatları arasında da kəskin ziddiyyətlər yaranmağa başlayıb. Məsələn, xarici işlər nazirinin müavini Araz Əzimov bu görüşdən heç bir ciddi nəticə gözləmədiyini desə də, Prezident Administrasiyasının yetkililəri Kazan görüşünə ümidlə baxdıqlarını deyirlər. Xarici işlər nazirinin özü isə “müəyyən irəliləyişlər ola bilər” kimi qeyri-müəyyən bəyanat verdi.
Ermənistanda da anlaşılmaz və bu dövlətin daxili vəziyyətini dəyişəcək olaylar baş verdi. Erməni siyasətçilərindən biri vaxtilə yaradılmış “Erməni Milli Komitəsi”ni KQB-nin təşkil etdiyini və kənar şəxslərin yaxına buraxılmadığını dedi. Bu isə birbaşa indiki Ermənistan siyasi elitasını ifşa etmək idi.
Aydın məsələdir ki, sözügedən təşkilatın yaradıcıları indiki prezident Serj Sərkisyan və onun komandası, habelə keçmiş prezident Robert Köçəryandır. Bu ittihamların meydana çıxması təsadüf sayıla bilməz və Kazan görüşü ərəfəsində hansısa qüvvənin Ermənistan rəhbərliyini Rusiya ilə şantaj etməsi nəticə etibarilə Sərkisyanın üzə düşüb Rusiyanın planlarına “yox” deməsinə hesablanıb.
Digər tərəfdən, Rusiya generalının ötən günlərdə “Qarabağ münaqişəsi yenidən qızışsa, biz Ermənistanı dəstəkləyəcəyik” bəyanatını xatırlasaq, Ermənistan daxilindəki qarşıdurmanın Azərbaycanın işinə yaradığını deyə bilərik. Çünki biz istənilən halda, Kremlin məkrli planından qurtulmuş oluruq və bu, xüsusi dirəniş göstərmədən baş verir.

“Kazan zirvəsi” çökəyə düşdü

Bu arada, Qarabağ münaqişəsi ilə bağlı maraqlı bir şərh də tanınmış Avropa diplomatı Piter Semnebidən gəlib. O, münaqişələrin həlli modellərinə toxunaraq belə deyib: “Bütün münaqişələr nadirdi, həmçinin də Dağlıq Qarabağ. Münaqişə beynəlxalq hüquq prinsipləri əsasında sülh yolu ilə həll olunmalıdır və Avropa Ittifaqından yeni xüsusi nümayəndənin təyin olunması nizamlanma prosesinə yardım göstərəcək”.
Unutmamısınızsa, biz bir neçə gün öncə Avropa Birliyinin də ATƏT-in Minsk Qrupunun həmsədrliyində iştirak etmək niyyətini şərh etmişdik. Eyni zamanda, Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə nümayəndəsi Sabina Freyzer demişdi ki, Kazan sammitində bir irəliləyiş olmadığı halda, Avropa Birliyi bu istəyi ilə bağlı təklifləri dilə gətirəcək.
Görünən odur ki, Avropa Birliyinin yetkililərində indidən belə bir əminlik var ki, sözügedən görüşdə “irəli addım” sayıla biləcək nəticələr olmayacaq. Semnebi eyni zamanda deyib ki, Avropa Ittifaqının əsas yardımı Dağlıq Qarabağı regionun daha geniş konsepsiyasına – “Şərq tərəfdaşlığı”na daxil etmək ola bilər.ÿYəni Avropa Birliyi artıq öz fəaliyyət proqramını da dəqiqləşdirib. Belə bir format isə Aland modelini istisna edir və Azərbaycanın tərkibində azad tranzit zona kimi başa düşülür: “Dağlıq Qarabağ hamının əhəmiyyətli dərəcədə istifadə edə biləcəyi daha çox strateji əhəmiyyətə malik tranzit dəhlizlərindən birində yerləşir. Avropa Ittifaqı bu prosesi stimullaşdıran qüvvə ola bilər”.
Yəni, söhbət Türkiyə, Ermənistan və Azərbaycanı birləşdirən tranzitdən gedir. Bu zaman Rusiyanın regiondakı hegemoniyası azalır. Söhbət təkcə münaqişəyə nəzarətlə tərəflərə təsir imkanını təmin etməkdən getmir. Həm də ərazi bütövlüyünü təmin etmiş, iqtisadi cəhətdən potensialı olan Azərbaycan və Qərbə Türkiyə vasitəsi ilə birbaşa çıxışı olan Ermənistan üçün regional, iqtisadi əhəmiyyəti də azalır. Bu isə regionda ümumilikdə sülhün davamlılığının başlıca təminatı kimi çıxış edə bilər.

Seymur Həzi