Bakıda döyülən amerikalı jurnalist hakimiyyəti necə ifşa etmişdi?

Amanda Erikson son məqaləsində Azərbaycandakı hüquqsuzluq və korrupsiyadan yazmışdı

 

 

Iyunun 15-də Bakının mərkəzində ABŞ vətəndaşı, “The Washington Post” və “The New-York Times” qəzetlərinin əməkdaşı Amanda Eriksonu naməlum şəxslərin vəhşicəsinə döyməsi barədə xəbər vermişdik. Onunla birgə Ingiltərə vətəndaşı, hüquq müdafiəçisi Silya Devis də hücuma məruz qalmışdı.

Azərbaycan hüquq mühafizə orqanları hadisəni adi xuliqanlıq aktı kimi qələmə verməyə çalışsa da, amerikalı jurnalistin ölkəmizdəki hüquqsuzluq və korrupsiya halları haqda Qərb mətbuatında gedən yazıları onun peşə fəaliyyəti üzündən hücuma məruz qaldığına dair ehtimalları artırır.
Xatırladaq ki, Azərbaycan “Eurovision” musiqi yarışmasında birinci yer qazandıqdan sonra “The New-York Times” qəzetində dərc olunan məqalədə ölkəmizdəki siyasi-iqtisadi vəziyyətlə bağlı fikirlər yer almışdı. Bakıdan hazırlanmış həmin reportaj-məqalədə paytaxt sakininin “Mənə ”Eurovision” lazım deyil. Mənə iş, çörəkpulu lazımdır. Boğaza qədər çirkab içindəyik” kimi Azərbaycan hakimiyyətini ifşa edən sözləri öz əksini tapmışdı. Və məqalənin sonunda qeyd olunurdu ki, reportajın hazırlanmasında Amanda Erikson da iştirak edib.

Turan

***

Amerikalı jurnalistin döyülməsi aranı qarışdırdı

Onların kriminal zəmində, yoxsa sifarişlə döyüldüyü hələlik məlum deyil

Polis iyunun 16-da gecə saatlarında iki əcnəbiyə – Amanda Erikson və Silya Devisə hücum faktını araşdırmaqda davam edir. Hələlik hüquq-müdafiə orqanları hadisənin təfərrüatını açıqlamayıb. Lakin məlumatlı mənbələrdən “Turan”a bəlli olub ki, hadisə böyük ehtimalla sırf kriminal xarakterli olub. Qızların gecə yarısından xeyli keçmiş evə qayıtmaları faktı bu versiyanın doğru ola biləcəyinə dəlalət edir.
Bir qrup gənc onlara sataşıb, qızlar kəskin reaksiya verdikdən sonra hücuma məruz qalıblar.
Eyni zamanda, digər mənbələr bunun Azərbaycanın müstəqil KIV-lərinə və QHT-lərinə yardım göstərən qızları cəzalandırmaq məqsədilə təxribat olduğu qənaətindədirlər.
Bu versiyanın tərəfdarları hesab edirlər ki, basqının arxasında bütün əcnəbiləri izləyən hüquq-mühafizə orqanları durur. Amerikalı Erikson və britaniyalı Devis könüllü kimi fəaliyyət göstərirlər. Zərərçəkmişlərin özlərinə gəlincə, onlar heç bir bəyanat vermirlər və müalicəni davam etdirirlər. Artıq xəbər verildiyi kimi, Silya Devisin qolu sınıb, Amanda Erikson isə müxtəlif bədən xəsarətləri alıb. Hər iki qız güclü şok keçirib.
Jurnalistləri Müdafiə Komitəsi və Sərhədsiz Reportyorlar Erikson və Devisə qarşı basqını kəskin şəkildə pisləyərək, hakimiyyətdən basqını araşdırmağı və təqsirli şəxsləri cəzalandırmağı tələb ediblər.
Bu arada o da məlum olub ki, onların döyülməsi işinin araşdırılmasını daxili işlər naziri Ramil Usubovi şəxsi nəzarətinə götürüb. “Azadlıq”a sızan məlumatda o da deyilir ki, döyülən şəxslərin mənsub olduğu dövlətlərin-Amerika və Britaniyanın Bakıdakı səfirliyi günahkarların dərhal tapılmasını tələb edirlər.