Yeni taksilərlə bağlı qalmaqal

Sürücülər planı verə bilmədiklərinə görə, döyülüblər

 

Ziya Məmmədovun ölkəyə gətirdiyi yeni taksilərdən ikisinin sürücüsü döyülüb. Bu barədə “Azadlıq”a taksi sürücüləri məlumat verib.
Onların sözlərinə görə, sürücüləri qarajda döyüblər. Səbəb isə sürücülərin planı verə bilməməsi olub. Rəhbərlik sürücülərdən plan tələb etdikdən onlar heç kəsin yeni taksilərə minmədiklərini bildiriblər. Lakin cavab rəhbərliyi qane etməyib. Nəticədə sürücülərlə rəhbərlik arasında mübahisə yaranıb və rəhbərlik onları döyüb.

 

İnformasiya şöbəsi

***

Ziya Məmmədov taksi sürənləri ac qoyacaq

Nəqliyyat naziri: «Azərbaycanda qanunsuz taksi fəaliyyətinə son qoyulacaq»

Bakı şəhərində taksilərə olan tələbat 3500 avtomobil təşkil edir. Bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda Bakıda rəsmi qeydiyyatdan keçərək lisenziyalı fəaliyyət göstərən taksilərin sayı 7 mindir:”Qeyri-rəsmi fəaliyyət göstərən taksiləri də nəzərə alanda, hazırda paytaxtda taksi fəaliyyəti ilə 15 minə yaxın avtomobil məşğul olur”. Nazir qeyd edib ki, yeni taksilər tam fəaliyyətə başlayandan sonra Azərbaycan paytaxtında qanunsuz taksi fəaliyyətinə son qoyulacaq:”Bu proses zaman keçdikcə rayonları da əhatə edəcək. Taksi fəaliyyətinə son qoyulacaq sürücülər ya gəlib yeni şirkətdə sürücü kimi fəaliyyətlərini davam etdirə, ya da bu avtomobillərdən əldə edərək Bakı şəhərində taksi fəaliyyəti göstərə bilərlər”.

***

Bakıya gətirilən taksiləri satırlar

Rauf Orucov: «Kim istəyir bu maşınları 3 il müddətinə kreditlə ala bilər»

Bakıda taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər yeni taksiləri “Bakı-Taxi” şirkətindən də ala bilərlər. Bu barədə APA-ya şirkətin direktoru Rauf Orucov bildirib.
Onun sözlərinə görə, bütün xərcləri nəzərə alanda yeni taksilərin Bakıda satış qiyməti 33 min manata çatacaq. Istəyənlər bu maşınları kreditlə də ala bilərlər: “Müraciət edən olsa, maşınların 3 il müddətinə kreditlə satışı da mümkündür”.
R.Orucov bildirib ki, “Bakı Taksi” şirkəti korporativ müştərilərə də taksi xidməti göstərmək niyyətindədir:”Bu, bizim üçün əsas istiqamətlərdəndir və biz bununla bağlı iri şirkətlərlə danışıqlar aparırıq. Yaxın vaxtlarda “Bakı Expo” mərkəzi ilə belə müqavilə bağlanacaq”.
Qeyd edək ki, indiyədək Bakıya 100 yeni taksi avtomobili gətirilib. Hazırda onların 80-i istismar edilir.
Ilin sonunadək daha 900 taksinin gətirilməsi nəzərdə tutulub. Bu taksilərin dayanması üçün Bakı şəhərində 69 taksi dayanacağı ayrılıb.