Sumqayıt Apelyasiya Məhkəməsi də siyasi sifarişin icrasından boyun qaçıra bilmədi
Sumqayıt şəhər məhkəməsinin hökmü ilə 2 il yarım azadlıqdan məhrum edilən AXCP üzvü Cabbar Savalanlının işi üzrə apelyasiya şikayətinə ilkin baxış keçirilib. Sumqayıt Apelyasiya Məhkəməsindəki hazırlıq iclasına Cabbar Savalanlının ailə üzvləri, qohumlarıyla yanaşı, AXCP rəhbərliyi, gənc fəallar da gəlmişdi. Diplomatik korpusdan ATƏT, Böyük Britaniya, Norveç səfirliklərinin təmsilçiləri də məhkəmədəydilər. Həbsdə olan başqa bir gənc fəal Bəxtiyar Hacıyevin anası, qardaşı, onun Hüquqlarını Müdafiə Komitəsinin üzvləri də prosesi izləmək üçün Sumqayıtdaydı.
Asayişi Sumqayıt polisi özü pozurmuş…
Dünənki məhkəmə iclası Cabbar Savalanlı ilə bağlı indiyədək Sumqayıtda keçirilən 10-a yaxın əvvəlki məhkəmə proseslərindən bir vacib detalına görə fərqləndi. Məsələ burasındadır ki, gənc fəalın işi üzrə əvvəlki məhkəmə iclaslarında həmişə məhkəmənin binasını polislər ahətəyə alıb, prosesi izləməyə gələnlər, o cümlədən hüquq müdafiəçiləri, jurnalistlər, vəkillər polislərin kobud münasibətilə üzləşib, dəfələrlə zorakılıq və qısamüddətli həbslər olub. Dünən polislərin gözə dəyməməsi həm də onu sübut etdi ki, gərginliyi, qarşıdurmanı yaradan tək səbəb və səbəbkar polislər imiş. Polislərin yoxluğunda məhkəmə ətrafında heç bir qalmaqal baş vermədi…
Açıq məhkəmə qapalı keçirilir
Məhkəmə prosesi saat 11-ə təyin edilsə də, yarım saat gecikməklə başladı. Buna səbəb prosesə sədrlik edən hakim Lətifə Məmmədovanın məhkəməni qapalı keçirmək cəhdi idi. Icraçılar ancaq Cabbarın anasını və vəkili zala buraxaraq, jurnalistlərə və diplomatik korpusun təmsilçilərinə bildirdilər ki, hələ məhkəmənin hazırlıq iclası olduğundan içəri keçmək olmaz. Cabbarın anası Tərəvət xanım zala daxil olduqdan az sonra geri döndü və bildirdi ki, məhkəmə zalını prosesə dəxli olmayan adamlarla doldurublar, hakimlər də onları göstərib prosesin açıq keçirildiyini deyirlər. Bir tərəfdən Cabbarın ailə üxvlərinin məhkəməni boykot etməsi, digər tərəfdən də zalda gənc fəalın vəkillərinin hakimin prosesi qapalı keçirmək cəhdinə etirazları nəticə verdi – jurnalistlər, diplomatik korpusun nümayəndələri, Cabbarın qohumları zala buraxıldı. Lakin zalın kiçikliyi və kimliyi bəlli olmayan 10-dək adamın iştirakı yenə problem yaratdı. Həmin şəxslər kimlikləri barədə suallara heç bir cavab vermədilər. Məhkəmə nəzarətçilərinin və hakimlərin həmin adamları müdafiə etməsi də açıq hiss olunurdu.
Mətbuata qadağa
Cabbar Savalanlı özü də hazırlıq iclasında iştirak etmirdi. Onun hüquqlarını isə birinci instansiya məhkəməsində olduğu kimi, yenə də vəkillər Əsabəli Mustafayev və Anar Qasımov müdafiə edirdilər. Dövlət ittihamını prokuror Azər Osmanov müdafiə edirdi. Hakimlər kollegiyasına Lətifə Məmmədova sədrlik edirdi, digər hakimlər isə Rasim Isgəndərov və Mübariz Zeynalov idi.
Birinci instansiyada olduğu kimi, burada da hakim heç olmasa, 3 dəqiqəlik çəkilişə də imkan vermədilər. Lətifə Məmmədova hətta jurnalistləri 2 dəfə hədələdi də: “Prosesdən hər hansı audio, videoçəkiliş üzə çıxsa, cəzalandırmam olacaq və növbəti məhkəmə iclasına heç kim buraxılmayacaq”.
Maraqlıdır ki, hakimin bu təhdidləri davam etdiyi bir vaxtda zaldakı kimlikləri naməlum şəxslər telefonları ilə çəkiliş aparırdılar. Həmin çəkilişdən birini “bulutuz” ötürmələri zamanı “Azadlıq” da ələ keçirə bildi…
Cabbar azad olunmalıdır!
Hazırlıq iclasında vəkillərin ilk vəsatəti Cabbar Savalanlının həsbdə saxlanılmasının qanunsuz hesab olunması və onun dərhal azadlığa buraxılması barədə oldu. Cabbarın məhkəmə zalından dərhal azad edilməsinin vacibliyini vurğulayan vəkil Anar Qasımov dedi ki, 07 fevral 2011-ci ildə Cabbar barəsində Sumqayıt şəhər məhkəməsi 2 aylıq həbs-qətimkan tədbiri seçib. Həmin qərara əsasən, həbsdə saxlanmanın son günü 5 apreldir: “Göstərilən müddət başa çatıb və Cabbar Savalanlı barəsində həbs-qətimkan tədbirinin uzadılmasına dair yeni məhkəmə qərarı olmadığından hesab edirik ki, aprelin 5-dən bəri onun həbsdə saxlanılması qanunsuzdur. Cabbar faktiki olaraq məhkəmə qərarı olmadan həbsdə saxlanılır”.
Ev dustaqlığı
Vəkil bildirdi ki, Cabbarın həbsdə saxlanılması beynəlxalq aləmdə Azərbaycanın imicinə də zərbədir. “Eurovision” musiqi yarışmasında Azərbaycanın qələbəsinə diqqət çəkən Anar Qasımov bildirdi ki, qələbə ilə bağlı məqalə yazan dünyanın nüfuzlu nəşrləri həmin yazılarda mütləq Cabbarın “facebook”da hökuməti tənqid etdiyinə görə həbs olunduğunu vurğulayır, Azərbaycanı belə bir ölkə kimi təqdim edirlər. Bu baxımdan vəkil qeyd etdi ki, məhkəmə həm də ölkənin nüfuzunun qayğısına qalaraq Savalanlı barədə obyektiv və ədalətli qərar verməlidir.
Ardınca vəkil bildirdi ki, əgər vəsatət təmin olunmayacaqsa, bu hal üçün onların başqa bir vəsatəti də var. Bu da Cabbar Savalanlı barəsindəki həbsin ev dustaqlığıyla əvəz edilməsi barədə oldu.
Yalançı şahidlər
Müdafiə tərəfin daha bir vəsatəti isə apelyasiya instansiyasında yenidən məhkəmə istintaqının aparılması (şahidlərin, ekspertlərin dindirilməsi, sübutların araşdırılması və s.) barədə oldu. Vəkillər bildirdi ki, Cabbarın işində hal şahidliyi edənlər polislə mütəmadi əməkdaşlıq edən şəxslərdir. Bu adamlar Cabbar saxlanılan gün narkotiklə bağlı daha üç iş üzrə hal şahidliyi ediblər. Bundan başqa, həmin şəxslərin əvvəl də polisə “işləməsi” barədə konkret sənədlər var. Cinayət-Prosessual Məcəlləyə görə, bu məqamın özü ibtidai istintaqın gördüyü işin etibarsız hesab edilməsi üçün yetərlidir.
Vəkil Əsabəli Mustafayev dedi ki, həmin hal şahidləri əvvəllər heç zaman hal şahidi olmadıqlarını bildirməklə məhkəməyə yalan ifadə veriblər, bu isə qanuna görə, cinayətdir.
Prokuror müdafiə tərəfin bütün vəsatətlərinin əleyhinə çıxdı. Qısa müşavirə edən məhkəmə qərarı elan edərkən məlum oldu ki, hakimlərin mövqeyi də prokurorla eynidir. Yəni, heç bir vəsatət təmin olunmadı.
Bu iş üzrə növbəti məhkəmə iclası iyunun 30-na təyin olundu. Həmin məhkəmə iclasında Cabbar Savalanlı özü də iştirak edəcək.
Natiq