ser-rep

MDB liderləri internetə hücum hazırlayırlar

«Sərhədsiz reportyorlar» dövlət başçılarından öhdəliklərinə əməl etməyi tələb ediblər

 

“Sərhədsiz reportyorlar” MDB dövlət başçılarına açıq məktub göndərib. Məktubda 16 may 2011-ci ildə internetdə fəaliyyətin tənzimlənməsi haqqında çərçivə qanununun qəbul edilməsi ilə bağlı narahatlıq ifadə olunub. Təşkilatın fikrincə, bu qanun özünüifadə azadlığını təhlükə altına qoyur.
Qurumun baş katibi Jan Fransua Juyarın məktubunda deyilir ki, MDB Hökumətlərarası Assosiasiyası tərəfindən qəbul edilmiş “internet şəbəkəsində informasiyanın tənzimlənməsi prinsipləri haqqında” 36-9 saylı qanunun maddələri özünüifadə azadlığının müdafiəsi və internetdə neytrallığın qorunub saxlanması prinsiplərinə ziddir və birlik ölkələrinə şəbəkədə hədsiz nəzarət üçün əsas verir.
Belə ki, 9-cu maddə müxtəlif xüsusi orqanların yaradılması vasitəsilə dövlətin internetin məzmunu və istifadəçiləri üzərində nəzarətinin gücləndirilməsini nəzərdə tutur.
Qanunun ikinci abzası “internet şəbəkəsində dövlətin maraqlarının müdafiəsi” üçün rəsmi instansiya yaradılmasını nəzərdə tutur. Üçüncü abzasda milli domenlərdən istifadə edən bütün IP-ünvanların qeydiyyatını həyata keçirəcək orqandan bəhs olunur. Bu orqan öz dövlətinin qanunları pozulduğu halda və ya hətta “digər ölkənin qanunlarının pozulmasına cəhd olduqda” ikinci səviyyəli domen adlarını ləğv etmək və deməli LiveJournal kimi bloq-platformaları bağlamaq imkanına malik olacaq.
Bu qərarın tətbiqi internet şəbəkəsinin milli seqmentlərə bölünməsinə gətirib çıxaracaq ki, bu da birbaşa internetin neytrallığı prinsipinə təhlükə yaradır. 13-cü maddə də böyük narahatlıq doğurur, belə ki, internet provayderlərinin üzərinə ən azı bir il ərzində istifadəçiləri ilə bağlı məlumatları saxlamaq öhdəliyi qoyur ki, hüquq-mühafizə və qanunvericilik orqanları bu məlumatlardan istifadə edə bilsin. “Bu tədbirlərin hüdudunu müəyyən etmək lazımdır, xüsusən, istifadəçilər haqqında məlumatların verilməsi məsələsində, belə ki, istifadəçilər əmin olmalıdırlar ki, hakimiyyət onların fərdi məlumatlarından nüfuzdan salınmaları məqsədilə istifadə etməyəcək.
Həmçinin istifadəçilər haqqında məlumatların saxlanması müddətini azaltmağı zəruri hesab edirik. Axı, bundan sonra internet dövlətin vətəndaşları üzərində nəzarət və müşahidə vasitəsindən başqa bir şey olmayacaq.
Internet şəbəkəsinin fəaliyyətini tənzimləmək cəhdi Sizin də imzaladığınız çoxsaylı beynəlxalq konvensiyalarda zəmanət verilmiş özünüifadə azadlığına zərər gətirməməlidir.
BMT və ATƏT 1 iyun 2011-ci ildə birgə bəyannamə imzalayarkən xatırladıblar ki, “internet şəbəkəsində özünüifadə azadlığının məhdudlaşdırılmasına yalnız bu məhdudiyyətlər müəyyən edilmiş beynəlxalq normalara uyğun olduğu halda yol verilir”. Dövlətinizin Əsas Qanununun mətninə internet şəbəkəsinə çıxış hüququnu fundamental huquq kimi daxil etməyinizdə israr edirik, deyə Jan Fransua Juyarın məktubunda qeyd edilib.